Ermənistan hakimiyyəti konstitusiya quruluşunu devirməkdə ittiham olunur

Konstitusiya Məhkəməsi Başçısının səlahiyyətlərinə xitam verilməsi prosesinin başlaması konstitusiya quruluşunu devirmək, dövlət çevrilişi etmək kimi bir şeydir. SİA Ermənistana məxus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu vəkil Tiqran Atanesyan deyib.
Vəkilin sözlərinə görə, Ermənistan rəhbərliyi o qədər cılızlaşıb ki, məhkəmə proseslərinə hər hansı bir adekvat və ya ciddi qiymət vermək çətindir. Vəkil Tiqran Atanesyan tert.am-a müsahibəsində "Mənim addımım" fraksiyasının Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın səlahiyyətlərinə xitam vermə prosesinə başlamaq qərarını şərh edərkən deyib ki, o hakimiyyətin səhv addımlarını yolverilməz hesab edir.
“Mən bunu yolverilməz hesab edirəm, çünki açıq şəkildə Qrayr Tovmasyanı fəaliyyətinə görə, iqtidarın maraqlarına cavab verməyən işlərə görə kənarlaşdırmaq istədikləri aydındır. Bu vəziyyətdə şərhlər mənasızdır, bu, konstitusiya quruluşunu devirmək, dövlət çevrilişi kimi bir şeydir, çox təhlükəlidir və bunu edə bilməzlər”, deyə vəkil bildirib.
Tiqran Atanesyan bildirib ki, Qrayr Tovmasyan ciddi intizam pozuntusuna yol veribsə, qanunu pozubsa, o zaman intizamı pozan hakim kimi məsuliyyətə cəlb olunmalıdır, amma bu vəziyyətdə, Tovmasyanın fəaliyyətinin hakim siyasi qüvvəyə xeyir vermədiyi səbəbindən onu təqib etmək niyyətindədirlər. O, vurğulayıb ki, bu, Ermənistanın bütün məhkəmə sistemi üçün ciddi nəticələrə səbəb olacaq çox pis bir presedentdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə