AMEA Şərqşünaslıq İnstitutunun tərkibində qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən iclas Regional Elmi Mərkəzlərin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə həsr edilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib. O, geologiya-minerologiya elmləri doktoru Zəkəriyyə Əlizadəni 75 illik yubileyi münasibətilə təbrik edib və AMEA-nın Fəxri Fərmanını ona təqdim edib.

AMEA Gəncə Regional Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi təşkilati fəaliyyətinin yekunları haqqında mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev məlumat verib. O bildirib ki, mərkəz əməkdaşları tərəfindən neft kimyası, farmakologiya, ekologiya, iqtisadiyyat, tarix, ədəbiyyat, arxeologiya, incəsənət sahəsində elmi-tədqiqat işləri aparılıb. Ölkə prezidenti tərəfindən imzalanmış "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq maddi-mədəni mühitin öyrənilməsi, qədim tarixi abidələrin tədqiqi və pasportlaşdırılması, dahi Nizami irsinin araşdırılması istiqamətlərində işlər aparılıb. Mərkəzdə regionun nadir təbii sərvəti olan Naftalan neftinin və onun tullantılarının qətransızlaşdırılması üçün yeni növ adsorbentlər hazırlanıb, regiondakı yabanı bitkilərdən bioloji-aktiv maddələrin ayrılması, eləcə də onların əsasında kosmetoloji və dərman preparatlarının alınmasının tədqiqi davam etdirilib. Həmçinin, yerli xammallar, tullantılar və yüksək təzyiqli polietilen və doldurucu kimi Daşkəsən Filiz Saflaşdırma kombinatının üst qat tullantısından istifadə etməklə polimer-kompozisiya materiallarının alınması tədqiq edilib. Bəzi boyaq bitkilərindən alınmış maddələrin tədqiq edilərək dövlət standartlarına uyğunluğu aydınlaşdırılıb.

F.Əliyev ictimai elmlər bölməsində qədim Gəncənin maddi-mədəni mühitinin tədqiqi istiqamətində işlərin aparıldığını, "Nizamişünaslıq" şöbəsində Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqinin davam etdirildiyini, şairin "Xosrov və Şirin" əsərinin əruz vəznində mənzum janrda tərcümə edildiyini, "Nizami Gəncəvi: sələflər və xələflər" monoqrafiyasının işlənərək tamamlandığını, Gəncədə təşəkkül tapmış sənətkarlıq sahələrindən dulusçuluq, xalça istehsalına dair materialların toplandığını və bədii metalişləmə sənəti incilərinə aid bir neçə nümunənin tədqiq edilərək bərpa olunduğunu diqqətə çatdırıb. Hazırda mərkəzdə 1 müxbir üzvün, 8 elmlər doktorunun, 2 Əməkdar elm xadiminin, 1 Əməkdar müəllimin və 42 fəlsəfə doktorunun fəaliyyət göstərdiyini diqqətə çatdıran alim, hesabat ilində 17 iclasın keçirildiyini, 5 monoqrafiya, 57 elmi məqalənin (7-si xaricdə) nəşr olunduğunu, 1 patentə müsbət cavab alındığını, 3 əməkdaşın fəlsəfə doktoru dissertasiya işini müdafiə etdiyini qeyd edib. Alim çıxışının sonunda regionda fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrində aparılan elmi-tədqiqatların əlaqələndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib. O, həmçinin "Xəbərlər məcmuəsi" başlığı altında "İqtisadiyyat" və " Humanitar elmlər" jurnallarının nəşri ilə əlaqədar fikrini bildirib.

Hesabatla bağlı müzakirələrdə iştirak edən akademiklər Arif Həşimov, Asəf Nadirov, Vaqif Fərzəliyev bölmənin əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş hesab ediblər.

AMEA Gəncə Regional Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA RH-ın qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib. AMEA Şəki Regional Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında mərkəzin direktoru geol.-min.e.d. Zəkəriyyə Əlizadə məlumat verib. O bildirib ki, hesabat ilində mərkəzdə elmi-tədqiqat işləri AMEA RH tərəfindən təsdiq edilmiş proqrama uyğun aparılmışdır. Alim Elmi Mərkəzdə ipəkçilik, biokimya, biofizika, geokimya, sellərin öyrənilməsi, bitki müxtəlifliyinin genofondu, folklorşünaslıq və el sənətləri laboratoriyalarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Azərbaycanda ipəkçilik sənətinin çox qədim tarixə malik olduğunu, vaxtilə Azərbaycan ipəkçilərinin əldə etdikləri nailiyyətlərin nəinki ölkədə, eləcə də Avropa və Asiyada yüksək qiymətləndirilirdiyini söyləyən alim bu sənətin qədim şöhrətini özünə qaytarmaq məqsədilə İpəkçilik laboratoriyasında uzun illər aparılan təcrübələrin öz bəhrəsini verdiyini və yeni yetişdirilmiş iki hibrid seleksiyanın dövlət komissiyası tərəfindən yeni cins kimi təsdiqləndiyini qeyd edib. O bildirib ki, aparılan tədqiqatlar nəticəsində çökmə süxurlarında nadir elementlərin paylanma xüsusiyyətləri nəzərə alınaraq qallium, germanium, argentium, rubidium və s. tədqiq olunan ərazilərdən toplanma xüsusiyyətləri araşdırılmış, bu sahədə aparılacaq axtarış işlərinin müvafiq planı hazırlanıb. Elmi Mərkəz AMEA Geologiya İnstitutu ilə birlikdə "Şəki Qravitasiya stansiyasında" yerin qravitasiya sahəsinin zamana görə dəyişməsini öyrənmək məqsədilə monitorinq keçirib. "Folklorşünaslıq və el sənətləri" laboratoriyasında "Azərbaycan və Şimali Amerika folklorunun müqayisəli tipologiyası" üzrə tədqiqat işlərinin davam etdiyini söyləyən alim cari ildə iki kitabın ("Dahilərin ömür yolu" və "Kiş çayı hövzəsində sel hadisələri və onlara qarşı mübarizə tədbirləri") nəşr edildiyini, müxtəlif elmi jurnallarda 23 məqalənin dərc olunduğunu qeyd edib. O, mərkəzdə 5 nəfərin elmlər doktoru, 10 nəfərin fəlsəfə doktoru və 2 nəfərin dissertant kimi fəaliyyət göstərdiyini vurğulayıb.

Mövcud problemlərdən danışan alim Elmi Mərkəzin nəzdində Humanitar elmlər bölməsinin yaradılması, təmir-tikinti işlərinin aparılması və lazımi avadanlığın alınması üçün vəsait çatışmazlığının olduğunu diqqətə çatdırıb. Hesabatla bağlı müzakirələrdə iştirak edən akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə bölmənin əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş hesab ediblər. AMEA Şəki Regional Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA RH-ın qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib.

Tədbirdə biologiya elmləri doktoru Validə Əlizadənin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru biol.e.n. Tariyel Eybətovun yubileyinin keçirilməsi və AMEA Şərqşünaslıq İnstitutunun tərkibində qismən dəyişiklik edilməsi məsələləri də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə