Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyalarının birgə iclası keçirilib

Cari ilin 23-24 sentyabr tarixlərində Balakən şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti birgə 11-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclas zamanı iki dövlət arasında dövlət sərhəd xəttinin keçməsi üzrə razılaşdırılmayan sahələrə dair geniş fikir mübadiləsi aparılmış, bu sahələr üzrə müvafiq normativ hüquqi aktlar və digər əlaqədar materiallar araşdırılmış, tərəflərin qeyd edilən məsələlər üzrə mövqeləri bir daha dəqiqləşdirilib.

Müzakirələr nəticəsində razılaşdırılmayan sahələrlə əlaqədar əlavə ekspertlər səviyyəsində bilavasitə yerlərdə dəqiqləşdirmələrin aparılması zərurəti yaranıb.

Qərara alınıb ki, yanaşmalarda yaxınlaşmanı təmin etmək məqsədilə həm ekspertlər səviyyəsində göstərilən sahələr üzrə müvafiq tədbirlər, həm də komissiya sədrləri səviyyəsində məsləhətləşmələr davam etdirilsin.

Dövlət komissiyalarının növbəti birgə iclasının keçirilməsi tarixi diplomatik kanallar vasitəsilə müəyyən ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə