Komitə sədri: “Düzgün mexanizm yaratmaq lazımdır ki, yalnız ən layiqlilər, savadlılar və elmi təfəkkürlü insanlar doktoranturaya qəbul olsunlar” - MÖVQE

"Artıq bir ildir ki, yeni sistemə keçməklə bağlı olaraq doktoranturaya qəbul dayandırılıb. Bu gün çox istərdik ki, keçən il qəbul aparılmayan həmin yerlər builki qəbul planına daxil edilsin və öz namizədlərini təyin etsin". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev söyləyib. O bildirib ki, bu ildən doktorantlar doktoranturanın fəaliyyət göstərəcəyi universitetlərin hər birində təhsil ala biləcəklər. Ş.Hacıyev vurğulayıb ki, bu gün doktorantura pilləsində oxumaq istəyən savadlı tələbələr çoxdur. Onun sözlərinə görə, düzgün mexanizm yaratmaq lazımdır ki, yalnız ən layiqlilər, savadlılar və elmi təfəkkürlü insanlar doktoranturaya qəbul olsunlar.
Daha sonra komitə sədri Milli Məclisin payız sessiyasında müzakirə olunacaq qanun layihələri barədə məlumat verib. O bildirib kii, Elm haqqında qanun artıq tam olaraq başa çatdırılıb və payız sessiyasında müzakirəyə çıxarılacaq: "Ali təhsil haqqında qanun layihəsi isə demək olar ki, başa çatmaq üzrədir. Elm haqqında qanunun qəbulu elmi fəaliyyət, elmin inkişafı və onun tənzimlənməsi üçün çox ciddi və uğurlu bazanın yaradılması deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə