Spiker: "Beynəlxalq birlik qəti sözünü deməlidir"

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin I iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdədir. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsində çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib ki, aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr kövrək atəşkəs rejiminə ümid bəsləməyin nə qədər yanlış olduğunu bir daha sübut etdi. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri, xüsusən də dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır.

Azərbaycan parlamentinin sədri dünyanın maliyyə böhranı, terrorçuluq, iqlim dəyişiklikləri, ərzaq və enerji təhlükəsizliyi kimi problemlərlə üz-üzə qaldığını və bu problemlərin həlli üçün dövlətlərarası əməkdaşlığın alternativinin olmadığını diqqətə çatdırıb. Parlamentlərarası dialoqun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, parlamentlərarası əməkdaşlıq Avrasiya regionunda mövcud münaqişələrdən çıxış yollarının tapılmasına kömək edəcək.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə aparıldığını, Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından bir milyon dinc sakinin qovulduğunu, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və digər mötəbər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlər qəbul etdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Oqtay Əsədov bildirib ki, münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir, dəyişilməlidir və məsələ tezliklə öz həllini tapmalıdır: "Həmsədrlərin irəli sürdükləri və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün indiyədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermir. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olub. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarıb. Pozulmuş atəşkəs rejimi Rusiyanın vasitəçiliyi sayəsində bərpa edilib".

Avrasiya regionunun 19 ölkəsinin parlament rəhbərlərinin iştirak etdiyi müşavirədə BMT-nin baş katibi Pan Gi Munun və Rusiya Prezidenti Vladimir Putinin müraciətləri səsləndirilib.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin tədbirdə çıxış edərək deyib ki, Avrasiya məkanının formalaşması bu ölkələrin siyasi və iqtisadi cəhətdən təcrid olunmasına gətirib çıxarmayacaq və bütövlükdə dünyada dayanıqlı inkişafa kömək edəcək. O, vurğulayıb ki, bu birlik, həmçinin transkontinental inteqrasiya layihələrinə qarşı yönəlməyib.

Görüş iştirakçıları XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi mövzusu ətrafında müzakirələr aparıblar. Bundan əlavə, iqtisadi, siyasi, humanitar, hüquqi sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə parlamentlərarası dialoqun inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi, ekstremizmlə mübarizə, konfessiyalararası dialoqun gücləndirilməsi və digər məsələlər də nəzərdən keçirilib.

Müşavirənin sonunda iştirakçılar yekun Bəyanat qəbul ediblər. Növbəti müşavirənin gələn il Koreya Respublikasında keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə