Deputat: “Həmsədr ölkələr məsələ ilə bağlı ciddi addımlar atmalıdır”

"Mən ATƏT-in Minsk qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ciddi heç nə gözləmirəm. Lakin son günlər cəbhədə baş verən hadisələr, Azərbaycan ordusunun erməni təxribatına layiqli cavabı bəlkə də hansısa irəliləyişlərə səbəb ola bilər". Bunu SİA-ya millət vəkili Asim Mollazadə həmsədrlərin regiona səfərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri ilə bağlı fikirlərini bildirərkən deyib.

O bildirib k, yaxın müddətdə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq: "Bu, Azərbaycanın tələbidir. Ölkəmiz məsələ ilə bağlı sərt mövqeyini bildirib. Həmsədr ölkələr tezliklə bu istiqamətdə ciddi addımlar atmalıdır"

A. Mollazadənin sözlərinə görə, Rusiya, Fransa və ABŞ öz təmsilçilərinə Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı əmr verməlidirlər: "Sülhə aparan yol burdan keçir və Ermənistan bu istiqamətdə addımlarını atmalıdır. Əks təqdirdə Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyə məcbur olacaq".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri- Ceyms Uorlik, İqor Popov və Pyer Andryun Bakıda səfərdədirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmsədrləri qəbul edib. Həmsədrlər sabah Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağda olacaqlar. Onların Ermənistan səfəri isə aprelin 9-na nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...