"Azərbaycandakı tolerantlıq barədə ABŞ cəmiyyətini daha çox məlumatlandırmalıyıq"
Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) İcraçı direktoru Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan-ABŞ, Azərbaycan-İsrail münasibətlərinin inkişafında təşkilatın rolu, eləcə də Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Dövlət Komitəsinin sədri Nazim İbrahimov qonaqları salamlayaraq onları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. Nazim İbrahimov qeyd edib ki, Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlıq daha da inkişaf edir. Komitə sədri bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib: "Devid Harrisin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir. Amerika Yəhudi Komitəsi Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin, eləcə də Azərbaycan və yəhudi icmaları arasında münasibətlərin inkişafında, həmçinin Azərbaycanın səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayır".
Daha sonra Azərbaycandakı tolerantlıq münasibətə toxunan Nazim İbrahimov qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan dünyada yəhudilərə qarşı bir dəfə də olsun antisemitizm hallarına yol verməyən yeganə dövlətdir. Dövlət Komitəsinin sədri bildirib ki, azərbaycanlılarla yəhudilər arasında əsrlərdən bəri mövcud olan dostluqdan, qardaşlıqdan çıxış edərək Azərbaycanın səsinin dünyaya çatdırılmasını xahiş etməyə haqqımız var. "Bizim Azərbaycanın dünyaya daha çox tanıdılmasında, ikili standartlara yol verilməməsində, ölkədə gedən proseslərin düzgün şəkildə təqdim edilməsində dostlara ehtiyacımız var".
AYK-nin İcraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris isə 2008-ci ildən başlayan belə səfərlərin davamlı olacağını deyib. Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu deyib.
O, Azərbaycan-ABŞ münasibətlərinin, eyni zamanda, İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. O, həmçinin Azərbaycanın dünyaya daha çox tanıdılmasına ehtiyac duyulduğunu vurğulayıb: "Biz Azərbaycanı dünyaya daha çox tanıtmalı və təbliğ etməliyik. Azərbaycanın ABŞ üçün nə dərəcədə strateji dövlət olması, İsraillə münasibətlərinin dərinliyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycandakı tolerantlıq barədə ABŞ cəmiyyətini daha çox məlumatlandırmalıyıq. Biz bu məsələlərin ABŞ-da təbliği üçün əlimizdən gələni etməli, bunları bütün dünyaya daha çox yaymalıyıq".
Devid Harris ölkəmizin təbliğində xarici kütləvi informasiya vasitlərinin fəaliyyəti ilə kifayətlənməyib, Azərbaycandakı tolerantlığı, reallıqları özlərinin görməsi üçün Avropadan, Amerikadan ictimaiyyət nümayəndələrinin buraya səfərlərini təşkil etməyin vacib olduğunu bildirib. Onun fikrincə, Azərbaycandan ABŞ-a xüsusən buradakı müsəlman, yəhudi və xristian dini liderlərinin müntəzəm səfərləri təşkil edilməli, onlar ABŞ ictimaiyyətini Azərbaycandakı tolerantlıq və dinlərarası xoş münasibət barədə məlumatlandırmalıdırlar.
Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Görüşdə həmçinin Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB