Fərasət Qurbanov: "Qanuna dəyişiklik hansısa QHT-lərə çətinlik yaratmayacaq" Açıqlama

Fərasət Qurbanov: "Qanuna dəyişiklik hansısa QHT-lərə çətinlik yaratmayacaq" Açıqlama

" "QHT-lər haqqında" qanuna edilən dəyişiklikləri bu sahədəki tələbləri sərtləşdirmək kimi qəbul etmək olmaz. Mövcud dəyişikliklərdə QHT-lərin xarici donorlarla olan münasibətlərinə aydınlıq gətirilməklə yanaşı, qrantların qeydə alınması məsələsi bir qədər tənzimlənir". Bu fikirləri SİA-ya açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov mövcud qanuna edilən dəyişikliklərin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlar ilk növbədə şəffaflığın artırılması məqsədilə həyata keçirilir: "Odur ki, şəffaf fəailiyyət göstərən təşkilatlar mövcud dəyişikliklərdən narahat olmamalıdır. Ümumiyyətlə, dəyişikliklərdə yer alan tələblər heç də kəskin deyil. Tələblər yalnız qrant haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməsi və qrantların qeydə alınması ilə bağlıdır".

F. Qurbanov deyib ki, Azərbaycanda donor kimi fəaliyyət göstərən beynəlxalq təşkilatlar müvafiq dövlət qurumunda qeydə alındıqdan sonra fəaliyyət göstərir: "Hesab edirəm ki, dəyişikliklər heç də donorların Azərbaycana gəlməsinin qarşısını almağa yönəlməyib. Bu, niyyəti xoş olan ölkədə humanitar formada fəaliyyət göstərmək istəyən digər təşkilatlar üçün heç bir problem yaratmamalıdır. Həmin təşkilat müvafiq qaydada öz niyyətini dövlətə bildirdikdən və saziş imzaladıqdan, həm də qeydiyyatdan keçdikdən sonra donorçuluq fəailiyyəti ilə məşğul ola bilər. Əminəm ki, hər kəs bu fikirlə razılaşar ki, niyyəti bəlli olmayan, eləcə də dövlətlə heç bir rəsmi münasibəti olmayan donorların ölkəmizdə fəaliyyəti arzuolunan deyil və bu da bəzən pis nəticələrə gətirib çıxarır. Hesab edirəm ki, qanuna dəyişiklik hansısa QHT-lərə çətinlik yaratmayacaq, əksinə donorların ölkəmizə gəlməsinin qarşısını almış olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə