YAP Səbail rayon təşkilatında İdarə Heyətinin 2013-cü il üzrə hesabat konfransı keçirilib FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı İdarə Heyətinin 2013-cü il üzrə hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda ilin əlamətdar hadisələrində rayon təşkilatının iştirakı, İdarə Heyətinin, Rayon Şurasının illik fəaliyyəti, ilk ərazi təşkilatların fəaliyyəti, Gənclər Birliyinin, Qadınlar Şurasının, Partiya Nəzarət və Təftiş qrupunun il ərzində gördüyü işlər, maliyyə hesabatı, problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.

Konfransda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib ki, təşkilat əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də öz fəaliyyətini ilin əvvəlindən Rayon Şurasında təsdiq olunan illik plan əsasında qurub: "Bu il Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar ən zəngin proqram Səbail rayonunda həyata keçirilib. Demək olar ki, bu bayram bütün ilin hər gününün aktual mövzusu olub və dəyərli kitablar yazılıb, məqalələr dərc olunub, kinolar çəkilib. 109 ilk ərazi təşkilatının hər birində rəngarəng tədbirlər keçirilib".

Z.Qaralov vurğulayıb ki, rayon təşkilatı Partiyanın V Qurultayının hazırlanıb keçirilməsində, qurultayın qərarlarının təbliğində fərqlənib.

YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, il ərzində İdarə Heyətinin 10, Rayon Şurasının 5 yığıncağı keçirilib, eyni zamanda 32 aktual məsələ müzakirə edilib.

Z.Qaralov deyib ki, bu gün təşkilatda uçotda olan partiya üzvlərinin sayı 23 644 nəfərdir: "Onlardan 13301 nəfəri (60%) qadın, 15667 nəfər (76%) 18-35 yaş arasında olan gənclərdir. İl ərzində partiyaya 451 nəfər qəbul olunub. Bunlardan 207 nəfər qadın, 228 nəfər isə gənclərdir."

Tədbir qarşıda duran vəzifələr barədə müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə