"YAP-ın beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edir" Müsahibə

SİA Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyevin yap.org.az saytına verdiyi müsahibəni təqdim edir:

- Bu günlərdə Pakistanda səfərdə olmusunuz. Səfər haqqında məlumat verməyinizi xahiş edirik...

- 8-10 dekabr tarixlərində Pakistanın paytaxtı İslamabad şəhərində Asiya Parlamenti Assambleyasının 6-cı iclası keçirildi. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və mən iştirak həmin tədbirdə iştirak etdik. Bu təşkilata Asiyanın bir çox ölkələri daxildir. Azərbaycan isə qurumda müşahidəçi üzv statusunda təmsil olunur. Assambleyanın iclasında Çindən, Rusiyadan, bütövlükdə Asiyanın aparıcı ölkələrindən böyük nümayəndə heyətləri iştirak edirdilər. İclasda enerji təhlükəsizliyi və digər məsələlər müzakirə olundu. Azərbaycan nümayəndə heyəti olaraq bizə də söz verildi. Qeyd etdik ki, ölkəmiz 22 ildir müstəqil ölkədir və müstəqilliyin ilk illərindən Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Dünyada hər 136 nəfərdən biri qaçqındır, Azərbaycanda isə hər 9 nəfərdən biri qaçqın və məcburi köçkündür. Yəni bu, dünya göstəricilərindən 15 dəfə böyükdür. Ona görə də, biz Asiyanın ciddi sözünü gözləyirik, bu qitə işğalçıya qarşı öz sözünü deməlidir, ona qarşı sanksiyalar tətbiq olunmalıdır.

Toplantıda eyni zamanda, Azərbaycanın inkişafı prosesləri haqqında da məlumat verdik. Bildiyiniz kimi 2013-cü il Azərbaycanda "İKT ili" elan olunub. Bu istiqamətdə ölkəmiz uğurla inkişaf etməkdədir. İKT dünyanın gələcək inkişafında vacib rol oynayır və ekspertlər belə bir proqnozlar verirlər ki , gələcəkdə dünyada ümumi daxili məhsulun 80 faizi İKT hesabına formalaşacaq. Bu da çox ciddi göstəicidir. Çünki bu gün məlumdur ki, İKT-dən gələn gəlir beş ildə iki dəfə artıb. Ona görə də, hesablasaq, gələcək üçün çox böyük göstəricidir.
Yeri gəlmişkən, qeyd edim ki, təşkilatın növbəti toplantısı gələn il Kamboca keçiriləcək. Ümumiyyətlə, bu tədbirdə bütün Asiya ölkələrinin nümayəndələri var idi, assambleyanın işində bir neçə yüz adam iştirak edirdi. Bu da onu göstərir ki, yeni olsa da, həmin quruma Asiyada böyük maraq var. Bu təşkilat vasitəsilə Asiya ölkələri öz qanunvericilik sahəsində təcrübə mübadiləsi aparırlar. Bu da bütövlükdə ölkələr arasında inkişafa töhfələr verə bilər. Digər tərəfdən, Asiya Parlamenti böyük tribunadır. Hər ölkə özündə baş verən prosesləri bu tribuna vasitəsilə səsləndirir, eyni zamanda digər ölkələrlə əlaqə qurmaq imkanı yaranır. Həmin təşkilata üzv olmaq üçün ölkələrin parlamentləri tərəfindən rəsmi müraciət göndərilməlidir. Bu müraciətə təşkilatın Siyasi Şurasında baxıldıqdan sonra assambleya müvafiq qərarlar qəbul edir.

- Assambleyanın toplantısı çərçivəsində İCAPP və Asiya Parlamentinin rəhbərliyi arasında görüş də keçirilib. Bu görüşdə hansı məsələlər müzakirə olunub?

- Qeyd etdiyiniz kimi səfər zamanı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Asiya Parlamenti Assambleyası rəhbərliyinin görüşü oldu. Bu tədbirə sədrliyi Azərbaycan etdi. Tədbirdə hər iki tərəf üçün maraqlı olan məsələlər müzakirə olundu. İclasa Afrika Siyasi Partiyalarının Təşkilatı da qatılmışdı. Belə bir məsələ məsələ müzakirə olundu ki, İCAPP, CAPP və COPALL-ın nümayəndələri bir araya gələrək toplantı keçirsin. Biz də Azərbaycan tərəfi olaraq çıxış edərək bu təşəbbüsü dəstəklədik. Bu tədbirin nəticəsi olaraq bəyanat qəbul olundu. Bizm təklifimizlə bu bəyanata belə cümlə əlavə olundu ki, "Münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik, amma bu həll beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamlələri və ölkələrin ərazi bütövlüyü çərçivəsində olmalıdır".

- Səfər çərçivəsində YAP-ın nümayəndə heyəti ikitərəfli görüşlər keçirdimi?

- Biz bu səfər zamanı bir sıra görüşlər keçirdik. Pakistanda nümayəndə heyətimiz yüksək səviyyədə qəbul olundu. Pakistanın Baş naziri, parlamentn sədri yuxarıda qeyd etdiyim görüşdə iştirak etdi. Bundan başqa əyalətlərin spikerləri YAP-ın nümayəndələri ilə görüşdü. Yəni Pakistanda Azərbaycana böyük hörmət var və bu hörməti səfərimiz zamanı bir daha gördük. Eləcə də, başqa nümayəndə heyətləri ilə görüşdük. Bizim əsas məqsədimiz odur ki, bütün ölkələrin nümayəndələrinə Ermanıstanın ölkəmizə qarşı hərbi təcavüzü haqda məlumat verək. Onların səsini gözləyirik ki, bu məsələdə haqq-ədaləti ciddi şəkildə müdafiə etsinlər.

- Gələcəkdə daha hansı beynəlxalq tədbirlər keçiriləcək?

- Yeni Azərbaycan Partiyası üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların tədbirlərində fəal iştirak edir. Bu mənada İCAPP-ın tədbirlərini xüsusi vurğulamaq istəyirəm. Məlumat üçün deyim ki, gələn ilin yanvar ayında Nepalda İCAPP-ın Qadınlar Qolunun çərçivəsində iclas olacaq. Mart ayında İCAPP-ın Daimi Komitəsinin iclası Filippinin paytaxtı Manilada keçiriləcək. Sentyabrda isə Şiri Lankada təşkilatın Baş Assambleyası keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdə YAP olaraq fəal iştirak edəcəyik.

- Artıq 2013-cü il başa çatır. Bu il ərzində YAP-ın beynəlxalq əlaqələrinin səviyyəsini necə qiymətləndirərdiniz?

- Partiyamızın beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edir. Buna nümunə kimi ölkəmizdə partiaymızın təşəbbüsü ilə keçirilən tədbirləri, eləcə də ikitərəfli münasibətləri göstərmək olar. Bilirsiniz ki, 2013-cü ilin aprel İCAPP-ın Qadınlar Qolunun ilk iclası keçirildi, avqust ayında isə Gənclər təşkilatının toplantısı oldu. Həmin tədbirlərdə iddi qərarlar qəbul olundu. Eləcə də, Türkiyədə İCAPP-ın Daimi Komitəsinin iclasında iştirak etmişik. İCAPP-ın tərkibində Kambocada keçirilən parlament seçkilərini müşahidə etdik, Daimi Komitənin bir iclası da Vyetnamda oldu. Bundan əlavə, İCAPP çərçivəsində bir sıra partiyalarla əməkdaşlıq haqında memorandum imzalamışıq. İCAPP böyük təşkilatldır, özündə 340-dan çox siyasi partiyanı birləşdirir. YAP bu təşkilat çərçivəsində həm iqtidarda, həm də müxalifətdə olan partiyalarla əməkdaşlıq edir. Qurumun Daimi Komitəsinin üzvü seçilməyimizin səbəbi də geniş xarici siyasət həyata keçirməyimizdir. Avropaya gəldikdə isə, biz Avropa Xalqları Partiyası ilə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, partiyamızın beynəlxalq əlaqələri inkişaf edir. Bu da ölkədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Təbii ki, beynəlxalq əlaqələrimiz bundan sonra da inkişaf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə