Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevlə fəxr edir

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Xalqımız Ümummilli Liderimizi sayqı və sevgi ilə anır. Söhbət etdiyimiz müsahiblərimiz də Dahi Lider Heydər Əliyevlə bağlı fikirlərini bölüşdülər.

Manaf Manafov,

YAP Pirallahı rayon təşkilatının sədri:

-Ulu Öndər Heydər Əliyev hərtərəfli istedada, ensiklopedik savada malik bir şəxsiyyət idi. Onun intellektual potensialı, faktiki olaraq, hüdudsuz idi, nəzəriyyənin və təcrübənin bütün sahələrinə nüfuz edə bilirdi. Görəcəyi hər bir işin layihəsi ən xırda detallarına qədər əvvəlcədən beynində hazır olurdu. Öz işini, siyasəti, iqtisadiyyatı, dövlət idarəçiliyini, kadrların seçilməsi və yerləşdirilməsi prosesini yaxşı bildiyi kimi, fəlsəfəni, tarixi, ədəbiyyatı və mədəniyyəti də gözəl bilirdi. Dahi Liderin müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə nümayiş etdirdiyi bilik hamını təəccübləndirir və heyrətləndirirdi. Müxtəlif bilik və fəaliyyət sahələrində mütəxəssislərlə yüksək səviyyədə söhbət aparmaq qabiliyyəti də böyük intellektin, daxili zənginliyin bir təzahürü idi.

Leyla Kərimova,

YAP Gənclər Birliyi ofisinin koordinatoru:

-Ümummilli Lider Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Zəkiyyə Musayeva,

YAP Suraxanı rayon gənclər birliyinin sədri:

-Ulu Öndər Heydər Əliyevin Vətən sevgisinin sərhədi yox idi. Onun vətən, xalq üçün çalışmaq həvəsi, millətinə mümkün qədər çox fayda vermək istəyi sonsuz idi. Təsadüfi deyildi ki, ötən əsrin sonlarında müstəqilliyini yenicə əldə etmiş Azərbaycan ağır, çətin sınaq qarşısında qalanda Heydər Əliyev xalqının səsinə səs verdi, xilaskarlıq missiyasını öz üzərinə götürdü. Ulu Öndərimiz qısa müddətdə dövlətlə xalqın birliyini, yekdilliyini təmin etdi, hakimiyyət böhranını aradan qaldırdı, ölkədə mühüm ictimai-siyasi sabitliyə nail oldu. Azərbaycan xalqının Ümummlilli Lideri Heydər Əliyev, sözün əsl mənasında böyük ömür yaşadı. Onun ideyalarının, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə