Qüdrət Həsənquliyev: \"Qarabağa gedən yolu Rusiya kəsir\"- MÜSAHİBƏ (SƏS TV)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin SƏSTV-yə müsahibəsi:

- Hazırda ölkə daxilindəki siyasi durumu necə dəyərləndirirsiniz?

- Son zamanlar Ermənistan-Azərbaycan təmas xəttində ermənilər tərəfindən atəşkəs rejimi dəfələrlə pozulub. Hər zaman olduğu kimi Ermənistan tərəfindən təxribata yol verilib. Bununla bağlı olaraq da yenə də günün mövzusu Dağlıq Qarabağ məsələsi olaraq qalır. Hətta bununla əlaqədar bu yaxınlarda Azərbaycan parlamentinin böyük tərkibli nümayəndə heyətinin Brüsselə və Strasburqa səfəri oldu. Əsas müzakirə mövzusu da Dağlıq Qarabağ probleminin bu günə kimi öz həllini tapmaması idi. Təəssüflər olsun ki, illər keçir və Azərbaycanın ən böyük dərdi olan Dağlıq Qarabağ problemi hələ də həll edilmir. Beynəlxalq təşkilatlar ikili standartlarını yenə də davam etdirir, Azərbaycana münasibətdə çox ədalətsiz davranırlar. Bu da istər- istəməz insanların psixoloji gərginlik içərisində yaşamasını şərtləndirir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı əfv sərəncamının icra edilməsi bu gərginliyi nisbətən aradan qaldırdı. İstərdim ki, 2 aprel mitinqində həbs olunan insanların hamısı əfv olunsun və bu məsələ birdəfəlik bağlansın. Hər halda prezidentimizin atdığı addımı alqışlayırıq. Hesab edirik ki, bu da cəmiyyətdə siyasi atmosferin daha da sağlamlaşması, qarşıdurma mühitinin aradan qalxmasına xidmət edən addım oldu.

- Radikal müxalifət mətbu orqanlarında dərc edib ki, prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı Qərbin təzyiqindən irəli gəlib. Siz necə düşünürsünüz?

- Qərb Azərbaycandan zaman- zaman istədiklərini almaq istəyəndə ölkəmizə məhz insan haqları ilə bağlı təzyiq etməyə çalışır. Lakin bəzi hallarda Qərbdən gələn açıq təzyiq əksinə, Azərbaycan iqtidarının bu və ya digər addımı atmaqdan ya çəkindirib, ya da o addımı atmasını təxirə salıb. Sadəcə olaraq Azərbaycan iqtidarı yaranan vəziyyəti düzgün qiymətləndirərək humanist addım atır. Baş verənləri təzyiqlərlə əlaqələndirməzdim, əksinə belə təzyiqlər bu kimi addımların atılmasını yubadır.

Azərbaycanın 20 % torpaqlarını işğal edən bir xalq olaraq ermənilər kiçik imkandan istifadə edərək ölkəmizin imicini korlamağa çalışır. Real həqiqət ondan ibarətdir ki, Azərbaycanın əleyhinə böyük erməni lobbisi var.

- \"İctimai palata\"da vahid namizəd məsələsi yenidən gündəmdədir. Əli Kərimli ilə İsa Qəmbərin vahid namizəd uğrunda mübarizəsi nə ilə nəticələnəcək?

- Dediyiniz kimi, o palatanın əsasını Əli Kərimli ilə İsa Qəmbər təşkil edir. Hər zaman demişəm ki, Azərbaycan siyasətində deyil, hətta cəmiyyətində belə iki bir- birinə bu qədər daxili nifrəti olan insan yoxdur. Onlardan birinin digərinə güzəştə getməsi mümkünsüzdür. Son illər onlar müxtəlif koalisiyaların içərisində olublar. Axırıncı dəfə Azadlıq blokunun tərkibində seçkilərə gediblər. Daha sonra bir- birilərini xəyanətdə ittiham edərək ayrılıblar. İndi isə \"İctimai palata\" adı altında birləşiblər. Təbii ki, onların bir araya gəlməsini xarici qüvvələr stimullaşdırırlar. Ancaq daxili nifrət və bir-birilərini qəbul etməməzlik bu müttəfiqliyin səmimiliyini ciddi şəkildə şübhə altına salır. Bundan sonra onların bir arada olmağını nəinki mən, heç cəmiyyət də gözləmir. Əlbəttə ki, onların ətrafında bir sıra partiya funksionerləri var. Onların da mübarizəsi təbii ki, hakimiyyət uğrundadır. Onların da bu istiqamətdə gördüyü işlərə xalq tərəfindən dəstək gəlmir. Hər zaman qeyd etmişəm ki, İctimai palatanı ciddi siyasi qüvvə kimi görmürəm.

- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanda "siyasi məhbus" məsələsi yenidən gündəmə gətirilib. "Siyasi məhbus" ifadəsini təkcə Azərbaycana ünvanlamaq nə dərəcədə düzgündür?

- Təbii ki, bu düzgün hal deyil. Düzdür ki, icazəsiz aksiya keçirən insanlara qarşı Azərbaycanda bir çox hallarda məhkəmələr və hüquq mühafizə orqanları sərt qərarlar qəbul edirlər. Hesab edirəm ki, onları inzibati qaydada cəzalandırmaqla məsələni yekunlaşdırmaq da mümkün olar. Necə ki, bu hal Qərbi Avropa ölkələrində mövcuddur. Yenə də qeyd edirəm ki, Azərbaycana qarşı ikili standart hər zaman hökm sürür. Belə bir qətnamənin Azərbaycanla bağlı qəbul olunması fonunda Ermənistanın kənarda qalması onu göstərir ki, Ermənistanın havadarları güclüdür. Bu tipli qətnamənin qəbul olunmasının xoş niyyətdən qaynaqlandığına ciddi şübhələrim var. Əfv sərəncamının qəbul edilməsindən sonra belə bir qətnamənin qəbul olunması onu göstərir ki, məqsəd tamam başqadır. Ən azından Avropa Şurası əfvdən sonra bunu alqışlaya və ya Azərbaycan hökumətini çağırıb deyə bilərdi ki, daha kimlərisə azad edə bilərsən. Ancaq xüsusi qətnamə qəbul edib Azərbaycanda siyasi məhbus məsələsini bu səviyyəyə gətirmək xoş niyyətli deyil.

- İranla Azərbaycan arasında münasibətlər gərginləşdi. Hazırda isə bu gərginlik sönmək üzrədir. Rəsmi Tehranın məqsədi nə idi?

- Tehran heç vaxt Azərbaycanla dost olmayacaq. Çünki Azərbaycan və Tehrandakı quruluş tamam fərqlidir. Tehranda teokratik rejim hökm sürür. Həmin rejim isə insanları bir çox şeylərdən məhrum edir. Bir ölkədəki çalıb-oynamaq yasaqdır və gənclər insanların gözü qarşısında asılır. XXI əsrdə insanların daş-qalaq edilməsi düzgün deyil. İranda hətta feodal dövründən geri qalmış idarəetmə sistemi mövcuddur və xalq da təbii ki, ölkə daxilindəki rejimdən çox narazıdır. İran yanlış siyasəti ilə özünü həm də beynəlxalq birliyə qarşı qoyur. Buna görə də İranın böyük dövlətlərə gücü çatmayanda daxili narazılıqları aradan qaldırmaq üçün düşmən axtarışına çıxır. Azərbaycanı zəif xalq kimi təsəvvür etdiyinə görə ölkəmizə qarşı təhdidedici bəyanatlarla çıxış edir. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində bunun daha çılpaq şəkildə şahidi olduq. Təbii ki, bütün bunlar İranın əleyhinə olan ciddi səhvlərdir. Bunun da acı nəticələrini İran yaxın gələcəkdə görəcək. Onu da qeyd edim ki, İranda əhalinin yarıdan çoxu azərbaycanlılardır. O, azərbaycanlılar da artıq öz milli kimliklərini dərk ediblər. İnanıram ki, cənubdakı qardaşlarımız da öz sözlərini lazımi səviyyədə deyə biləcəklər. İrandakı rejimin gələcəyi yoxdur. Eyni zamanda İranda yaşayan farslar da artıq o rejimdən beziblər. İstərdim ki, oradakı farslar və Azərbaycan türkləri çexlər və slovaklar kimi sivil qaydada ayrılsınlar.

İranın Azərbaycana qarşı yürütdüyü siyasət isə çox böyük xətadır. İranın bu siyasəti ilə Azərbaycana ciddi ziyan vurmaq imkanları yoxdur.

- Və sonda. Qarabağa gedən yolu kim kəsir?

- Birmənalı şəkildə bu yolu Rusiya kəsir. Bildiyimiz kimi, Rusiya Ermənistanın hərbi siyasi müttəfiqidir. Azərbaycanın ərazilərini də ermənilər Rusiyanın texnikası və əsgərləri ilə birgə işğal ediblər. Hətta Xocalı soyqırımınını törədilməsində Rusiyaya məxsus 366-cı motoatıcı alay iştirak edib. Təbii ki, digər rayonlarımızın işğalında da ruslar aktiv iştirak edib. Ermənilərə maddi və hərbi baxımdan dəstək verən ölkə isə İran olub. Hər zaman Ermənistanın əsas müttəfiqi kimi iki ölkə göstərilir. Bunlar Rusiya və İrandır. Erməni lobbisinin təsiri nəticəsində diplomatik və siyasi dəstək verən ABŞ və Avropa Birliyi sonrakı yerlərdə dururlar. Buna görə də Azərbaycanın vəziyyəti bir qədər çətindir. Çünki ölkəmiz bir neçə güclü dövlətlərlə üz-üzə dayanıb. Dərd orasıdır ki, bizə ən yaxın müttəfiq ölkə olan İran belə Ermənistanın tərəfindədir. Ən böyük dəstəkçimiz Türkiyədir, o da NATO-nun üzvüdür. İndi də Avropa Birliyinə üzv olmaq üçün can atır. Belə vəziyyətdə də təbii ki, Azərbaycan özünə çox güvənməlidir. İqtisadiyyat tam liberallaşdırılmalı, ölkədə mövcud olan dövlət institutları daha da möhkəmlənməlidir. Eləcə də güclü dövlətlərdən çəkinmədən işğal altında olan torpaqlarımızı azad etməliyik. Dağlıq Qarabağ probleminin həll olunmasının yeganə yolu Azərbaycan ordusuna arxalanmaqdır.

- TANAP (Trans Anadolu təbii qaz kəməri) layihəsi Azərbaycana nə verəcək?

- Bu Azərbaycan üçün çox önəmli layihədir. Bu layihə Azərbaycanın Avropa üçün önəmini daha artıracaq. Beynəlxalq təşkilatlar istəyir ki, Azərbaycan yaxın qonşuluq siyasətinə qoşulsun. Onlar "Şərq Tərəfdaşlığı" assosiativ sazişi imzalamağımızı da istəyirlər. Gürcüstan və Ermənistanın bu sazişi imzalamağa hazır olduqlarını deyirdilər, ancaq Azərbaycan hələ bu təklifə \"hə\" cavabını verməyib. Biz də açıq şəkildə bildirmişik ki, o sazişdə qeyd etməlisiniz ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Lakin onlar bunu ora yazmaq istəmirlər. Onlar deyirlər ki, biz sizin ərazi bütövlüyünüzü tanıyırıq, ancaq gedin özünüz danışın. Biz isə bunu o sazişə yazmaqlarını istəyirik. Onlar çox yaxşı, bilirlər ki, Azərbaycan o sazişə qoşulmasa, Gürcüstan və Ermənistanın ora qoşulmasının heç bir mənası yoxdur. Ölkəmiz regionda güclü qüdrətə malikdir. Eləcə də Azərbaycan həm də Asiyaya açılan bir qapıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə