Hillari Klinton və Elmar Məmmədyarov birgə brifinq keçirib

ABŞ-ın dövlət katibi Hillari Klinton və Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov birgə brifinq keçirib. SİA-nın xəbərinə görə, brifinqdə çıxış edən Elmar Məmmədyarov qeyd edib ki, ABŞ və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qura biliblər. Dövlət katibi Hillari Klintonun səfərinin səmərəli keçdiyini deyən XİN başçısı əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayıb: "Münaqişənin nizamlanması istiqamətində irəliləyişə nail olmaq üçün bəzi ideyalar səsləndi. Xatırladım ki, iyunun 18-də Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların növbəti raundu keçiriləcək. Görüşdə Əfqanıstan məsələsi, regional məsələlər də müzakirə olundu. Azərbaycan ABŞ-ın dəstəyini hiss edir".


ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatında Azərbaycana aid hissəyə münasibət bildirən nazir bunun bir proses olduğunu və Azərbaycanın bu sahədə bir çox işlər gördüyünü bildirib: \"Mən özüm ABŞ-da işləmiş bir insan kimi deyə bilərəm ki, orada Azərbaycana və bir çox ölkələrə qarşı tənqidlər çoxdur. Biz bu sahədə irəliləyişə nail olmaq üçün əlimizdən gələni edirik və vəziyyətin əvvəlkindən daha yaxşı olduğuna əminik, inanırıq".


Brifinqdə çıxış edən dövlət katibi Hillari Klinton bildirib ki, ABŞ mövcud münasibətlərin daha da inkişafında maraqlıdır və Azərbaycanın da eyni mövqedə olduğuna əmindir. Dövlət katibi deyib ki, xalqlarımız və dövlətlərimiz arasında 20 il ərzində möhkəm münasibətlər qurulub və beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Azərbaycana yardım göstərir və biz bunu yüksək dəyərləndiririk.


Xanım diplomat eyni zamanda Azərbaycan prezidenti ilə görüşdə təhlükəsizlik, energetika və demokratik islahatlar mövzusunda müzakirələrin aparıldığını bildirib. Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirən dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını da deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə