Azərbaycan nümayəndələri İslam Əməkdaşlıq Təşkilatının tədbirində iştirak edirlər

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ankarada keçirilən toplantısında Azərbaycan da təmsil olunur. SİA-nın "Zaman" a istinadən verdiyi xəbərə görə, dekabrın 14-nə kimi davam edəcək tədbirdə yoxsulluğa qarşı mübarizə məsələləri müzakirə olunacaq.

İslam ölkələri Statistika, İqtisadiyyat və Sosial Araşdırmalar və Təhsil Mərkəzi (SESRIC), İslam İnkişaf Bankına (IDB) bağlı İslam Araşdırma və Təhsil Mərkəzi İnstitutu (IRTI) və Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin birgə təşkil etdiyi toplantının əsas məqsədi İƏT coğrafiyasında yoxsulluğun aradan qaldırılması yollarının axtarılmasıdır.

Toplantı çərçivəsində "Yoxsulluğun azaldılmasında sosial yardım metodları: bilik və təcrübə mübadiləsi", "Yoxsulluğun azaldılmasında sosial yardım siyasəti", "Sosial yardımlaşmada bilik və texnologiyaların tətbiqi" və "Sosial yardımlaşmada qarşıya çıxan problemlər" panellərində konkret müzakirələr aparılacaq.

Toplantının sonunda qeyd olunan istiqamətlər üzrə tövsiyələrin hazırlanıb təqdim olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə