“Tarixi-dini abidələrin qorunması yalnız onların fiziki vəziyyətinin təminatı deyil” -GÜNDÜZ İSMAYILOV
Azərbaycanda tarixi-dini abidələrin bir qismi artıq bərpa və təmir olunaraq insanların istifadəsinə verilib. Görülən işlərin əsas məqsədlərindən biri abidələrin tarixi və memarlıq xüsusiyyətlərinin qorunması, onların gələcək nəsillərə etibarlı şəkildə çatdırılmasıdır.
SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 17 sentyabr 2026-cı il tarixində keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.
O bildirib ki, tarixi-dini abidələrin uzunmüddətli qorunması yalnız onların fiziki vəziyyətinin təmin edilməsi ilə məhdudlaşmır. Bu məkanların tarixi haqqında məlumatların cəmiyyətə çatdırılması, onların ətrafında formalaşmış mənəvi və mədəni irsin yaşadılması da mühüm əhəmiyyət daşıyır.
Konfransda tarixi-dini abidələrin qorunması prosesində dini icmaların və din xadimlərinin rolu və üzərinə düşən vəzifələr də müzakirə olunub. Qeyd edilib ki, dini icmaların abidələrin qorunması və onların tarixi-mədəni əhəmiyyətinin təbliğində fəal iştirakı bu irsin gələcək nəsillərə ötürülməsinə töhfə verə bilər.
Bildirilib ki, tarixi-dini abidələr Azərbaycan cəmiyyətində müxtəlif dini və mədəni ənənələrin birgə yaşamasını əks etdirən nümunələrdir. Bu baxımdan həmin abidələr məzhəblərarası birlik, dinlərarası dialoq, qarşılıqlı hörmət və mədəni müxtəlifliyin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.
Tədbirdə tarixi-dini abidələrin qorunması istiqamətində dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın və koordinasiyanın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsi, mövcud problemlərin birgə müzakirəsi və onların həlli istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsi məsələləri diqqətə çatdırılıb.
Konfransda dini icmaların nümayəndələri, din xadimləri, dindarlar, eləcə də mədəni irsin və tarixi abidələrin qorunması sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Tədbir çərçivəsində tarixi-dini abidələrin mühafizəsi, bərpası, tarixi-mədəni irsin yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı fikir və təkliflər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB