Bakı və Daşkənd arasında müttəfiqlik zirvəsi
Azərbaycan–Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir. Məhz bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə sürətlə inkişaf edərək ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksəlib. Prezident İlham Əliyev də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bu münasibətlərin məhz ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykəndiyini xüsusi vurğulayıb.

23 avqust səfəri – münasibətlərin yeni siyasi mərhələsinin nümayişi
Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinə başlaması bu münasibətlərin artıq hansı səviyyəyə çatdığını bir daha nümayiş etdirdi. “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın şəxsən qarşılaması sadəcə diplomatik protokol hadisəsi kimi qiymətləndirilməməlidir.
Burada xüsusi diqqət çəkən məqam qarşılanmanın səmimiyyətidir. Dövlətlərarası münasibətlərdə protokol vacibdir, amma münasibətlərin əsl mahiyyətini protokoldan kənarda müşahidə etmək mümkündür. Liderlərin bir-birinə münasibəti, qarşılıqlı hörmət və şəxsi dostluq, xalqların bir-birinə olan rəğbəti həmin münasibətlərin nə qədər dərin olduğunu göstərir.
Daşkənddə Azərbaycan Prezidentinin qarşılanması da məhz belə bir mənzərə yaratdı. Şəhərin Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilməsi və səfərə göstərilən yüksək ictimai diqqət iki xalq arasındakı münasibətlərin dövlət səviyyəsini aşaraq xalq diplomatiyasına çevrildiyini göstərən mühüm mesajlardır.
Bu münasibətləri yalnız bugünkü siyasi proseslərlə izah etmək olmaz. Azərbaycanla Özbəkistanın dostluğu yeni yaranmayıb. Bu gün dövlət başçıları səviyyəsində nümayiş etdirilən səmimiyyətin arxasında çox böyük tarixi-mədəni yaddaş dayanır.
Azərbaycan və Özbəkistan türk dünyasının iki böyük mədəniyyət mərkəzidir. Bir tərəfdə Nizami, Füzuli, Nəsimi kimi böyük Azərbaycan mütəfəkkirlərinin irsi, digər tərəfdə Əlişir Nəvai, Mirzə Uluqbəy və Əmir Teymur kimi tarixi şəxsiyyətlərin qoyduğu zəngin irs var. Bu mədəniyyətlər əsrlər boyu bir-birindən bəhrələnib, bir-birini tamamlayıb. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksəlişi əslində tarixi bağlılığın müasir dövlətçilik siyasəti ilə yenidən ifadəsidir.

Liderlər arasında şəxsi etimad xüsusi amildir
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı hörmət və etimadın xüsusi rolu var. Bu, çox mühüm amildir. Çünki dövlətlər arasında müqavilələr və sənədlər münasibətlərin hüquqi bazasını yaradır, lakin onların davamlı və effektiv həyata keçirilməsi siyasi iradə tələb edir.
Son illərdə Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərlərinin intensivliyi də bu siyasi iradənin göstəricisidir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Deməli, bugünkü səmimiyyətin arxasında konkret siyasi sənədlər, konkret razılaşmalar və ardıcıl dövlət siyasəti dayanır.

Beynəlxalq platformalarda həmrəylik
Azərbaycan–Özbəkistan münasibətlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri də iki ölkənin yalnız ikitərəfli formatda deyil, beynəlxalq platformalarda da bir-birinə yaxın mövqedən çıxış etməsidir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər platformalarda əməkdaşlıq iki ölkənin siyasi dialoqunu daha geniş müstəviyə çıxarır.
Bu əməkdaşlıq Türk dünyasının beynəlxalq təşkilatlarda daha fəal və koordinasiyalı mövqe nümayiş etdirməsi baxımından da əhəmiyyətlidir.
.jpg)
TDT – iki ölkənin ortaq strateji baxışının əsas platforması
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatına yalnız tarixi-mədəni birlik kimi baxmırlar. TDT onlar üçün siyasi, iqtisadi, nəqliyyat, humanitar və təhlükəsizlik əməkdaşlığının genişləndiyi strateji platformadır. Azərbaycanın TDT-nin inkişafındakı rolu, Özbəkistanın təşkilat daxilində fəallığı və iki ölkənin türk dövlətlərinin daha sıx inteqrasiyasını dəstəkləməsi bu platformanın gələcək potensialını artırır.
Burada artıq söhbət yalnız “biz eyni kökdən gəlirik” deməkdən getmir. Söhbət həmin ortaq kökü müasir iqtisadi, siyasi və geosiyasi gücə çevirməkdən gedir.

Cənubi Qafqaz və Mərkəzi Asiya bir-birinə yaxınlaşır
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı da məhz bu yeni geosiyasi reallığın mühüm göstəricisidir. Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən əsas nəqliyyat və logistika məkanlarından birinə çevrilir. Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi və siyasi mərkəzlərindən biridir.
Bu iki ölkənin əməkdaşlığı nəticəsində Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələr daha institusional xarakter alır.
Orta Dəhliz və yeni Avrasiya xəritəsi
Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəyini müəyyənləşdirəcək əsas istiqamətlərdən biri də nəqliyyatdır. Özbəkistanın Çinlə, Qırğızıstanla və Mərkəzi Asiyanın digər dövlətləri ilə nəqliyyat bağlantılarının inkişafı, Azərbaycanın Xəzər üzərindən Avropaya çıxışı və Orta Dəhlizin imkanları iki ölkənin maraqlarını birləşdirir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhlizlə əlaqələndirilməsi və TRIPP kimi yeni bağlantıların meydana çıxması Avrasiyanın nəqliyyat xəritəsində mühüm dəyişikliklər yarada bilər. Bu baxımdan Bakı ilə Daşkənd arasındakı əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqları deyil, Şərqlə Qərb arasındakı yeni tranzit sisteminin formalaşması baxımından da əhəmiyyətlidir.

Səmimi qarşılanmanın arxasında böyük siyasi mesaj var
Mən hesab edirəm ki, Prezident İlham Əliyevin avqustun 23-də Daşkənddə qarşılanmasına məhz bu geniş kontekstdən yanaşmaq lazımdır. Fəxri qarovul, dövlət başçılarının hava limanında görüşməsi, Azərbaycan və Özbəkistan bayraqlarının Daşkənd küçələrində yanaşı dalğalanması – bunların hər biri protokol elementidir. Lakin bu protokolun arxasında daha böyük siyasi məna dayanır. Bu, iki dövlətin bir-birinə olan münasibətinin nümayişidir. Bu, həm də Özbəkistanın Azərbaycana verdiyi siyasi dəyərin göstəricisidir.
Ən əsası isə bu, iki xalqın bir-birinə münasibətinin dövlətlərarası əlaqələrə çevrilməsinin nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri ona görə mühümdür ki, bu səfər artıq münasibətlərin formalaşdırılması mərhələsinə deyil, əldə edilmiş müttəfiqliyin daha da dərinləşdirilməsi mərhələsinə təsadüf edir.
Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlərin hüquqi bazası var, siyasi etimad var, iqtisadi layihələr var, beynəlxalq platformalarda qarşılıqlı dəstək var, liderlər arasında səmimi münasibət var və ən əsası – xalqlar arasında tarixi bağlılıq var.
Bütün bunlar bir yerdə Azərbaycan–Özbəkistan münasibətlərini adi diplomatik tərəfdaşlıqdan fərqləndirir.
Hesab edirəm ki, bu münasibətləri artıq tarixi qardaşlığın strateji müttəfiqliyə, strateji müttəfiqliyin isə əbədi dostluğa çevrilməsi kimi qiymətləndirmək olar.
Azərbaycan və Özbəkistanın bugünkü münasibətləri həm də Türk dünyasına verilən mühüm mesajdır: ortaq tarix və mədəniyyət yalnız keçmişin xatirəsi deyil, gələcəyin siyasi, iqtisadi və geosiyasi gücünə çevrilə bilər.
23 avqust səfərinin əsas əhəmiyyəti də məhz bundadır – Bakı ilə Daşkənd arasında mövcud olan qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur və bu mərhələ artıq yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.
Bəhruz Quliyev,
"SƏS" Media Qrupun rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB