Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkib.
Bu sözləri SİA-ya politoloq Turan Rzayev deyib.

O sözlərinə belə davam edib: “Ümumiyyətlə, müsahibənin ayrı-ayrı hissələrinə diqqətlə baxdıqda, Bakının Daşkəndlə münasibətlərə yalnız ikitərəfli əlaqələr kontekstində deyil, daha geniş regional və geosiyasi baxımdan yanaşdığı görünür.
Ölkə başçısı müsahibədə qeyd edib ki, “Dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.”
Özbəkistan Türkiyədən sonra Azərbaycanın ikinci rəsmi səviyyədə tanınan və elan edilmiş müttəfiqidir. İki ölkə münasibətləri son illərdə iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye və təhlükəsizlik kimi daha praktik istiqamətlərdə inkişaf edir. Azərbaycan-Özbəkistan münasibətlərində son illərdə imzalanan sənədlər, Ali Dövlətlərarası Şuranın yaradılması və qarşılıqlı səfərlərin intensivliyi də bunu sübut edir.
Müsahibədə Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə şəxsi münasibətlərinə də xüsusi yer verib.
Sitat
“Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır.”
Ümumiyyətlə, Azərbaycan və Özbəkistan münasibətlərində liderlərarası dialoq xüsusilə diqqət çəkir. İki ölkə başçısının şəxsi dostluq əlaqələri siyasi qərarların sürətli qəbulunda və yeni layihələrin irəli sürülməsində mühüm rol oynayır. Xüsusilə Mərkəzi Asiyada yeni geosiyasi və iqtisadi reallıqların formalaşdığı bir vaxtda Bakı üçün Daşkənd etibarlı tərəfdaşdır. Eyni zamanda, Özbəkistan da Azərbaycanı Xəzərdən Qərbə çıxış imkanları baxımından mühüm tərəfdaş kimi görür.
Müsahibədə iqtisadi münasibətlərlə bağlı açıqlanan rəqəmlər də diqqət çəkir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz artım qeydə alınması iqtisadi münasibətlərin sürətlə genişləndiyini göstərir.
Həqiqətən də, Azərbaycan və Özbəkistanın iqtisadi potensialları bir-birini tamamlayan xüsusiyyətlərə malikdir. Buna görə də əsas məsələ ticarət dövriyyəsinin hansı həddə çatması ilə yanaşı, bu artımın hansı sahələr hesabına formalaşması və iki ölkənin istehsal potensialının bir-birinə nə qədər inteqrasiya olunmasıdır.
Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti xüsusilə diqqət çəkir. 500 milyon dollarlıq kapitalla yaradılmış bu struktur münasibətlərin sadəcə “alıcı-satıcı” modelindən çıxarılaraq qarşılıqlı investisiya və istehsal əməkdaşlığına keçirilməsi baxımından əhəmiyyətlidir.
Başqa sözlə, Bakı və Daşkənd təkcə bir-birinə məhsul satmaq yox, birgə məhsul istehsal etmək və üçüncü bazarlara çıxmaq imkanlarını da genişləndirməyə çalışırlar.
Müsahibənin ən diqqətçəkən hissələrindən biri nəqliyyat və logistika ilə bağlıdır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi onları “Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara” çevirir.
Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Özbəkistanın Mərkəzi Asiyanın nəqliyyat xəritəsindəki mövqeyi birləşdikdə, iki ölkə arasında münasibətlər ikitərəfli çərçivədən çıxaraq daha geniş Avrasiya bağlantısının bir hissəsinə çevrilir.
Prezidentin “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq” fikri də məhz bu baxımdan diqqətəlayiqdir.
Söhbət Mərkəzi Asiyadan gələn yük axınlarının Azərbaycan üzərindən Qərbə çıxışının daha da gücləndirilməsindən gedir. Bu isə Azərbaycanın tranzit ölkə kimi rolunu artırmaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.
Enerji əməkdaşlığında isə maraqlı dəyişiklik müşahidə olunur. Əvvəllər Azərbaycan-Özbəkistan əlaqələrində əsas diqqət neft-qaz sektoruna yönəlirdisə, indi yaşıl enerji ayrıca strateji istiqamətə çevrilir.
Azərbaycan, Qazaxıstan və Özbəkistanın “Yaşıl Dəhliz Birliyi”ni yaratması bu baxımdan əhəmiyyətlidir. Burada məqsəd yalnız enerji istehsal etmək deyil, bərpaolunan enerjinin regionlararası ötürülməsi üçün infrastruktur yaratmaqdır.
Bu layihə reallaşarsa, Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropaya çatdırılmasında mühüm halqaya çevrilə bilər. Beləliklə, Azərbaycanın tranzit potensialı yalnız neft, qaz və yük daşımaları ilə məhdudlaşmır; gələcəkdə elektrik enerjisi də bu bağlantının mühüm hissəsinə çevrilə bilər.
Özbəkistanın Azərbaycandakı fəaliyyətinin digər mühüm tərəfi işğaldan azad edilmiş ərazilərlə bağlıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, “Dostluq bağı”nın salınması və digər layihələr iqtisadi əhəmiyyətindən daha çox siyasi və mənəvi məna daşıyır.
Prezidentin “Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk” sözləri də bunu göstərir.
Daşkənd bununla Azərbaycanın ərazi bütövlüyünə verdiyi siyasi dəstəyi praktik addımlarla müşayiət etmiş olur. Bakı üçün isə bu, xüsusilə vacibdir. Çünki müharibədən sonra Azərbaycanın əsas məqsədlərindən biri yalnız əraziləri bərpa etmək deyil, həmin əraziləri regional əməkdaşlığın yeni məkanına çevirməkdir.
Müsahibənin bəlkə də ən mühüm siyasi məqamlarından biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması ilə bağlı hissədir.
Prezident İlham Əliyev deyib ki, “Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib”.
Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi deyil. Lakin Xəzər dənizi, enerji, nəqliyyat və tarixi-mədəni bağlar ölkəni Mərkəzi Asiya ilə sıx əlaqələndirir. Azərbaycanın “C6” formatına daxil olması isə bu coğrafi yaxınlığın siyasi və institusional müstəviyə daşınması deməkdir.
Bakı və Daşkənd arasında münasibətlərin növbəti mərhələsində əsas məsələ əldə olunan siyasi yaxınlığın nə qədər real iqtisadi və geostrateji nəticəyə çevriləcəyidir. Ticarətin artması, qarşılıqlı investisiyalar, nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri və Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi bu istiqamətdə artıq müəyyən təməl yaradıb.
Müsahibədən görünən əsas nəticə də budur: Azərbaycan və Özbəkistan artıq sadəcə bir-birinə yaxın iki türk dövləti kimi deyil, dəyişən Avrasiya geosiyasi və iqtisadi xəritəsində bir-birinin imkanlarını tamamlayan tərəfdaş, qardaş və müttəfiq ölkədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB