“ABŞ–Azərbaycan münasibətləri özünün ən yüksək strateji mərhələsinə qədəm qoyub” — MİLLƏT VƏKİLİ

“ABŞ–Azərbaycan münasibətləri özünün ən yüksək strateji mərhələsinə qədəm qoyub” — MİLLƏT VƏKİLİ

"Bir il bundan əvvəl Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni Amerika Birləşmiş Ştatlarında paraflandı və bundan sonra da sülh üçün daha real perspektivlər yarandı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əlbəttə ki, bu sənədin imzalanması ayrıca bir hadisə idi:" Çünki Azərbaycan döyüş meydanında əldə etdiyi tarixi qələbəni diplomatik müstəvidə də tarixi hadisə kimi sazişin mətnində əks etdirməyi bacardı.

44 günlük müharibədən sonra əldə etdiyimiz Zəfər hərbi-strateji kontekstdə nə idisə, siyasi-diplomatik kontekstdə də 8 avqust 2026-cı ildə əldə etdiyimiz diplomatik zəfər bir o qədər əhəmiyyətli idi. Yəni, biri digərini tamamlayan və müharibəyə son qoyan şərtləndirmə tam oldu.

Şübhəsiz ki, bu, həm də Amerika Birləşmiş Ştatları ilə Azərbaycan münasibətlərində yeni strateji dərinlik yaratdı. Çünki amerikalıların məhz bu sənəd imzalandıqdan sonra "Trip Marşrutu" adlı yeni beynəlxalq layihəyə qoşulmaları, şübhəsiz ki, Azərbaycanın yaratdığı reallığın nəticəsi idi.

Bu isə qlobal aktor kimi Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazdakı sülh prosesinə marağını artırdı. Eyni zamanda, bu maraqlar iqtisadi maraqlarla da uzlaşdırıldı.

Buna görə də bu, əlbəttə ki, ABŞ–Azərbaycan münasibətlərinə yeni stimul vermiş oldu. Bu isə hər iki ölkənin maraqları baxımından olduqca mühüm tarixi əhəmiyyət daşıyır.

Çünki bizim istiqamətdən nəzər salsaq, görəcəyik ki, ABŞ–Azərbaycan münasibətləri heç də düzxətt üzrə inkişaf edən münasibətlər olmayıb. Bu münasibətlər enişli-yoxuşlu olub və lhazırda ABŞ–Azərbaycan münasibətləri özünün ən yüksək strateji mərhələsinə qədəm qoyub".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə