"ABŞ və müttəfiqlərinin cavabı daha sərt ola bilər" - ŞƏRH

"ABŞ və müttəfiqlərinin cavabı daha sərt ola bilər" - ŞƏRH

"İranın Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alması ehtimalı zaman-zaman müzakirə olunur. Əgər belə bir hadisə baş versə, bunu region üçün tamamilə gözlənilməz və ya ilk hadisə hesab etmək düzgün olmaz. Lakin Tehranın Körfəz ölkələrinin mülki obyektlərini, xüsusilə enerji infrastrukturunu, neft yataqlarını və neft terminallarını hədəfə alması vəziyyəti tamamilə fərqli mərhələyə keçirə bilər".

Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, belə bir addım ABŞ və onun müttəfiqlərinin daha sərt cavab tədbirləri görməsinə səbəb ola, eyni zamanda ərəb və Körfəz ölkələrinin İrana qarşı daha geniş koalisiyada birləşməsini sürətləndirə bilər:

"Bu isə münaqişənin miqyasını genişləndirər və Tehran üçün ciddi hərbi, siyasi və iqtisadi nəticələr doğurar.

Belə bir ssenari faktiki olaraq İranın Körfəz ölkələrinə qarşı açıq qarşıdurmaya başlaması kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, İran hazırda da müxtəlif iqtisadi çətinliklərlə, o cümlədən enerji və digər sahələrdə mövcud problemlərlə üz-üzədir. Münaqişənin genişlənməsi bu problemləri daha da ağırlaşdıra bilər.

Əgər İranın belə addımlarına qarşı cavab tədbirləri görülsə, ölkə daxilində mövcud sosial-iqtisadi gərginliyin daha da artması ehtimalı yüksələr. Bu isə daxildə narazılıqların güclənməsinə, hakimiyyət üçün əlavə siyasi və sosial təzyiqlərin yaranmasına səbəb ola bilər.

Ona görə də bölgədə gərginliyin daha da artmaması və münaqişənin genişlənməsinin qarşısının alınması üçün diplomatik kanalların açıq saxlanılması regionun bütün tərəfləri baxımından daha məqsədəuyğun hesab olunur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə