Mart Soyqırımı-erməni cinayətləri ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 18 yanvar 2018-ci il tarixində imzaladığı Sərəncamında qeyd olunur: ”Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətləri ölkə və dünya ictimaiyyətinin diqqətinə daha dolğun şəkildə çatdırılsın”.

1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoyub, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin əsas məqsədlərinə çeviriblər. Təkcə ötən əsrdə Azərbaycan xalqı 4 dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən qeyri-insani, qəddarlıqla müşayiət olunan soyqırıma və deportasiyaya məruz qalıb. 1917-ci ildə Petroqradda fevral burjua-demokratik və Oktyabr sosialist inqilabından sonra bütün Rus imperiyası ərazisində anarxiya başlandı. Rusiyada baş verən hadisələr öz təsirini Azərbaycana və onun qəzalarına da göstərdi. Bakıda 4 dəfə, Lənkəran qəzasında isə 6 dəfə hakimiyyət dəyişikliyi baş verdi. Müsavat Partiyasının başçısı Məhəmmədəmin Rəsulzadə və Kadet Kuznetsov 1917-ci ilin martında Lənkərana gəldilər. Qəza və şəhər icraiyyə komitələri təşkil edildi. Sultan bəy Qulubəyov yeni demokratik hakimiyyət orqanı olan Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri seçildi. 1918-ci il aprelin 14-də Lənkəranda Muğan Sovet Respublikası quruldu. Həmin il avqustun 1-də Bakıda “Sentro-Kaspi diktaturası” qurulduqdan sonra Lənkəran qəzasında Denikinçilərin ağalığı başlandı. Onların Prişibdəki (indiki Göytəpə) qarnizonuna İlyaşeviç rəhbərlik edirdi.

Stepan Şaumyan 1918-ci il martın 15-də Bakı Sovetinin iclasında demişdi: “Bakı Soveti Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir.” Həmin bu göstərişdən sonra milli qırğını başlamaq üçün martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərksilah edilməsi oldu. Əhali buna ciddi etiraz etdi. Məhəmmədəmin Rəsulzadə alınmış silahların qaytarılması barədə razılığa nail olsa da, bolşevik-daşnak hökuməti öz vədinə əməl etmədi. 1918-ci il martın 30-da Bakıda daşnakların müsəlmanlara qarşı qırğını aprelin 2-dək davam etdi. Bolşevik-daşnak birləşmələrinin vəhşilikləri təkcə Bakı ilə məhdudlaşmamışdır. Şamaxı, Quba, Salyan, Lənkəran qəzalarında da azərbaycanlıların soyqırımı davam etmişdir. Əhalini vahimədə saxlamaq üçün “Aleksandr Jander” gəmisi ilə Lənkəran şəhəri top atəşinə tutulmuşdur. 1918-ci il aprelin 14-dən şəhər işğal olunmağa başlamışdır. Problem nədir? Biz torpaq verdik onlar bizə qarşı soyqırım keçirtdilər. 1918-ci ilə qədər erməni xalqı var idi amma dövləti yox idi. Kilsə dövlətin bütün funksiyalarını yerinə yetirirdi. Niyyətləri bəlli idi dənizdən dənizə. Erməni tarix boyu ya Rusiyanın ya da Qərb dövlətlərinin arxasında olub. 1905-1906-cı illərdə baş verən qırğınlar belə demək mümkünsə məşq idi. Bu illərdə türk-müsəlman əhaliyə qarşı vəhşiliklər törətdilər. Mir Möhsün Nəvvab və Məmməd Səid Ordubadinin əsərləri çap olundu. Əsərlərdə problemlə bağlı yazılsa da ancaq nəticə etibarı ilə iki xalq arasında məişət zorakılığı kimi qələmə verilirdi. Faciə bundan ibarət idi ki, biz bu dərsdən nəticə çıxarsaydıq bəlkə də bu faciə baş verməzdi. Erməni ideoloqlarından olan Qaragen Nijde yazırdı: “Türk kar ola, kor ola, lal ola, oda öldürülməlidir”. Dünyada faşist təfəkkürü qədər qəddar təfəkkür yoxdur. Erməni təfəkkürü, erməni ideologiyası onuda üstələyir. Bakıda baş verən qırğının canlı şahidi olmuş Məhəmməd Muradzadə deyir: “Mən xoşbəxtəm. Bilirsiniz niyə xoşbəxtəm? Mən o azərbaycanlılardanam ki, mənim atam müsəlman qaydasında dəfn olundu”. Görün bu insan nəyə sevinir. Əvvəl yazır gözlərini çıxardılar, burnunu, qulağını kəsdilər, atamı ən dəhşətli şəkildə öldürdülər. Hansıki həmin ermənilər onun qonşusu olub. Yəni nadir insanlardan olub ki, Çəmbərəkənd qəbirstanlığında dəfn olunub. 1918-ci il 31 Mart soyqırımı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində bütün sahələrdə təbliğat işi aparılmalıdır. Burada əsas məqsəd ermənilərin 108 il əvvəl amansız vəhşiliklərlə törətdiyi genosidlə bağlı dövlətimizin apardığı siyasətə dəstək olmaqdır. 31 mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri sayılır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirtmiş, diri-diri yandırmış, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscidləri dağıtmışlar. Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Kürdəmir, Lənkəran, Gəncə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.

Azərbaycanın Cənub bölgəsinin də 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə məruz qalmış, həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilmiş, ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan olmuş, 2000-dən çox dinc sakin qətlə yetirilmişdir. Bu işlərin başında kim dururdu? Şaumyan nə etmək istəyirdi? Böyük Ermənistan yaratmaq istəyirdi. Təbii ki, Şaumyan Lənkəran qəzasında da öz hakimiyyətini qurmaq üçün müxtəlif üsullardan istifadə edirdi. I Dünya müharibəsində Rusiya Ərzincan barışığına görə öz ordusunu Qafqazdan geri çəkdi. Həmin Qafqaz cəbhəsində olan rus ordusunun tərkibində kifayət qədər erməni var idi. Şaumyan həmin ordunun bir hissəsini öz tərəfinə çəkdi. O zaman Xəzər dənizində olan donanmanın tərkibində olanların əksəriyyəti bolşevik və Daşnaksütyun qüvvələrdən yəni ermənilərdən ibarət idi. Erməni hansı partiyanın üzvü olmamışdan əvvəl erməni idi. Yəni erməni marağı güdürdü. Onların daxil olduğu vaxt məhərrəmlik ayına təsadüf edirdi. Astarada məscidlər yandırılır, etiraz edən insanlar öldürülür, əmlakları əlindən alınır, əhali dağlara qaçırdı. Tarixən bu torpaqlarda erməni olmayıb. Maraqlı məqam ondan ibarət idi ki, həmin qüvvələrə rəhbərlik edənlər özlərini bu ərazilərin sahibi kimi aparırdılar. Fövqəlada İstintaq Komissiyasının Sənədlərində olan bir məqamı nəzərinizə çatdırım: “Astarada bir məscidi rus və erməni qüvvələri dağıtmaq istəsələr də İrandan gələn dəstənin tərkibində gürcülər buna mane olmuş və həmin məscidi bütövlükdə dağıtmağa qoymamışdılar. Ancaq məscidə zərər yetirmişlər. Lənkəranda kiçik bazar deyilən ərazidə olan məscidin bir hissəsini də dağıtmışdılar. Burada diqqətedici məqam təkcə din amili deyildi, ermənilər hansı ərazidə olursa olsun özlərinə dövlət qurmaq istəyirdilər”. İrəvan Ermənistan ola bilər amma torpaq Azərbaycan torpağıdır. 1918-ci ilin mayın 29-da biz torpağımızı İrəvanı vermişik bu bütün tarixi sənədlərdə var. 24 aprel erməni soyqırımı günü kimi götürülür amma 31 mart soyqırımı ilə bağlı 36 cild sənəd olsa da sual olunur ki, niyə bu məsələlər araşdırılmayıb. Avetisyanın rəhbərliyi ilə 280 nəfərlik dəstə Lənkərana göndərilir. Həmin dövrdə Lənkəranda olan ziyalılar başda Teymur bəy Bayraməlibəyov olmaqla Nuru Paşa ilə görüşərək mövcud vəziyyəti izah edir amma Nuru Paşa kömək etmək istəsə də buna zaman və mövcud şərait imkan vermir. Lənkəran ziyalıları Nuru Paşaya göndərdikləri məktubda yazırdılar: “Avetisyan Lənkəranda ermənilərdən ibarət tərəfdarlar toplamışdır. O, 1919-cu il fevralın 1-də lənkəranlı Əkbər Qəribovun, Xəlil Nəcəfqulu oğlunun evinə quldur kimi basqın etmiş, evdəki qiymətli əşyaları aparmışdır. Belə biabırçılığa türk oğlu, müsəlman dözə bilməz. Xahiş edirik köməklik göstərəsiniz”.

Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icraçısı Qafqaz işləri üzrə müvəqqəti fövqəlada komissar təyin edilən Stepan Şaumyan idi. Onun təşkil etdiyi “Qırmızı ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibraət idi. Bu cinayəti həyata keçirtmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi. Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr “Evelina” gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə “Evelina”nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” Xeyriyyə binasını, “Dağıstan”, “İsgəndəriyyə” mehmanxanalarını yandırmış, “Təzə pir” məscidinin minarələrini top atəşləri ilə deşik-deşik etmişdilər. Üç gün ərzində Bakıda 12 mindən çox müsəlman əhali öldürülmüşdür.

“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəlada İstintaq Komissiyası yaradılmışdır. Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün Komissiyanın materialları kifayət edir. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”. Bu işi Qafqazda ermənilər və onların havadarları həyata keçirirdilər. Ermənipərəst Şıvkınovun quldur dəstəsi həmin illərdə Lənkəranda və ətraf yaşayış məntəqələrində meydan oxuyurdular. Mir Əhməd xanın evini ələ keçirən Şıvkunov oranı özünə qərargah etmiş, ətrafına Çepayev, Somsonov kimi ermənipərəst qüvvələr yığmış, Sütəmurdov kəndini qaçaq-quldurlardan qorumaq bəhanəsi ilə atəş altında saxlayırdı. Bundan narahat olan ağsaqqallar Şıvkunovun yanına gedib atəşi dayandırmağı xahiş edir və bildirirlər ki, qaçaq-quldurlar kənddən çıxıblar. Şıvkunov ağsaqqalları girov saxlayıb, üç əsgəri kəşfiyyata göndərir. Onlar yolda qaçaqlarla üz-üzə gəlirlər. Atışma zamanı Şıvkunovun iki əsgəri öldürülür, biri qaçıb hadisə haqqında məlumat verir. İki əsgərinin öldürülməsindən hiddətlənən Şıvkunovun quldur dəstəsi iyunun 19–da günahsız Sütəmurdov ağsaqqallarını qolları bağlı vəziyyətdə çayın ətrafına apararaq, qılıncla başlarını kəsir, bədənlərini tikə–tikə etdirirlər. Onların hamısını dəhnə adlanan ərazidə basdırırlar. Hadisəni kənd sakini arabaçı Musa görmüşdür. Sütəmurdovlular onların meyitlərini çıxarıb yeşiklərə dolduraraq gətirib kəndin məscidi qabağında dəfn edirlər.

Həmin ağsaqqalların adlarını nəzərinizə çatdırıram:

1. Molla Həmid Məhəmmədəli oğlu

2. Hacıbaba Kərbəlayı Məhəmmədqulu oğlu

3. Ənnağı Məşədi Əbdülhüseyn oğlu

4. Xəlil Məşədi Əliqulu oğlu

5. İbrahimpaşa Məşədi Mikayıl oğlu

6. Kərbəlayi Əkbər Məhəmməd oğlu

7. Kərbəlayi Hüseyn Əhməd oğlu

8. Kərbəlayi Malik Məşədi Bağır oğlu

9. Mirsadıq Kərbəlayi Mirtahir oğlu

10. Xəlil Məhəmmədhüseyn oğlu

11. Abdulla Məhəmməd oğlu

12. Səfər Baba oğlu

13. Məhəmmədrza Məşədi Əhməd oğlu

Qəbr abidəsi bugündə yerli sakinlər tərəfindən ziyarət edirlərək ruhlarına dualar oxunur. Soyqırımın 90 illiyində Lənkəranın Sütəmurdov kənd qəbirstanlığının girişində 13 el ağsaqqalının adları qeyd olunmuş böyük abidə ucaldılmışdır. Tədqiqatlardan məlum olur ki, 1918-ci il soyqırımı dövründə Lənkəran və qonşu rayonlarda 40-dək kənd yandırılıb, Gərmətük kəndində 70, Mamusta kəndində 30 (onlardan 7-si diri-diri yandırılmışdır), Kərgəlan kəndində 30, Şağlaküçədə 40, Sütəmurdov kəndində 25, Girdəni kəndində 20, Veravulda 20-dən çox günahsız insan faciənin qurbanı olub. Dövrünün tanınmış şəxsiyyətlərindən olan Mirmurtuza Talışlının şəxsi arxivində 1918-ci ildə ərəb əlifbası ilə çıxmış bir qəzet vardı. Qəzet Mirmirtuza Talışlıya atası Hacı Mirmustafa Axunddan yadigar qalmışdı. Qəzet ermənilərin Qars şəhərində törətdikləri qanlı faciəyə həsr edilib. Bakılı şair Mirzə Səlim Səyyahın qələmə aldığı bir şeiri də həyəcansız oxumaq mümkün deyil. Vaxtilə bu qəzet imkanlılara paylanıb, ondan əldə edilmiş ianə Qarsdan didərgin düşənlərə verilib. Qəzetdə kimin nə qədər ianə verdiyi göstərilib. Mirmurtuza müəllim xatirələrində qeyd edir ki, “atam Hacı Mirmustafa Axund qəzeti oxuyandan sonra gözünü silib və bir qızıl onluq yardım edib. Mirmirtuza Talışlı nəql edir ki, 1918-ci ildə şəhər camaatı Osaküçə meşələrinə çəkilərək sığınacaq tapmışdı. Ara sakitləşəndən sonra ev-eşiyimizə qayıtdıq. Şəhərdə görünməmiş faciə olmuşdu. Binalar top, mərmi gülləsindən dağılmış, bir çox evlər qarət, talan edilmişdi.”

Mirmurtuza Talışlının ömür-gün yoldaşı Humra xanımın dediklərindən: “Atam Lerikin Halabın kəndindən idi. Sütəmurdov kəndində yer alıb ev tikmişdi. Əkin-biçinlə məğul olub ailəsini dolandırırdı. 1918-ci ilin yaz günlərinin birində şəhərə getmiş, orada baş verən atışmada həlak olmuşdu. Atamla birgə həmin gün kəndə daha bir neçə meyit gətirildi.”

Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi, Pedaqoji Texnikumun ilk direktoru olmuş Teymur Şahverdiyev qeyd edir ki, “1918-ci ilin mart ayı idi. Sütəmurdova gedirdim. Çaya çatanda gördüm ki, su qırmızıya çalır. Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardi. Papaqlarından müəyyən etdim ki, öldürülənlər dağ adamlarıdır. Çünki, belə papaqlardan dağ tərəfində yaşayanlar qoyardılar.”

O illəri xatırlayan qabaqcıl maarif xadimi, 70 ilədək kənd müəllimi işləmiş Əbülqasım Qasımov (1911-2001) bir dəfə belə bir əhvalat danışdı: “Heyva gül açan vaxtlar idi. Şıvkunovun quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi. Hərbi paraxoddan şəhər top atəşinə tutulmuşdu. Top atəşindən sonra ermənipərəst əsgərlər velədili Böyükağanın bələdçiliyi ilə kəndə girərək əhaliyə divan tuturlar. Velədili Mirsalam Gərmətük məscidinin qabağına gələrək əhaliyə xəbər verir ki, denikinçi rus əsgərləri kəndə gəlirlər, ehtiyatlı olsunlar. Lənkərana ticarət işinə gedən Məşədi Qasım, Məşədi Şirəli, Kərbəlayi Nurulla və Hacı Axund qırğını görüb geri qayıtmışdılar. Atılan mərmi məscidin bir tərəfini qoparmış, Abuzər Ağababa oğlu uşağı ilə gülləyə tuş gəlib həlak olmuş, dərzi Musanın evinin ətrafında isə 8 nəfəri güllə ilə vurmuşdular. Uşaqlara, qadınlara belə rəhm edilməmişdi. Qaynar samovarı adamların belinə bağlayır, yeriməyə məcbur edirdilər. Kəndin adlı-sanlı adamlarından biri olan Kərbəlayi Səfərəli Cabbar oğlunun taxıl anbarına girərək onu güllələyib, sonra qapını bağlayaraq ikimərtəbəli evini yandırmışlar. Köməyə gələn Kərbəlayi Güləliyə də aman verilməmiş, amansızcasına qətlə yetirilmişdi. İki gün ərzində Gərmətükdə 70 nəfər öldürülmüşdü”.

Kənd sakinləri danışırlar ki, qonşuluqda Abuzər Ağababa oğlu Babayevi və onun meyidinin üstünə sərilən arvadını da güllələyirlər. Bundan ürəyi soyumayan ermənipərəst əsgərlər nişanlısı ata evində qalan gənc Mirəbdülvahab Mirtağı oğlunu həyətində güllələyəndən sonra atası Mirtağı oğlunu qucaqlayarkən onu da oğlunun üstündə güllələyirlər. Bu vəziyyətdə seyidin başından düşən əmmaməni isə təpikləyib meyitdən uzaqlaşırlar. Lənkəran gimnaziyasının 15 yaşlı şagirdi anası ilə kənddən çıxandan sonra, yoldan qayıdır ki, evdən kitabı götürsün. Kitabla birlikdə əsgərlərlə küçədə üz-üzə gələndə özünü itirmir oynaya-oynaya rusca mahnı oxumağa başlayır. Onun rusca mahnı oxuması əsgərləri təəccübləndirir. Onu gimnaziyada oxumasına görə güllələmişlər.

Şıvkunov el arasında hörməti, nüfuzu olanları aradan götürməkdən həzz alırdı. İstefada olan qvardiya polkovniki Mirməhəmmədrza xan (Miri bəy) Mirfərəculla bəy oğlu Talışxanovu təkcə Veravul kəndində deyil, ətraf yaşayış məntəqələrində də yaxşı tanıyırdılar. Mərhum Vaqif müəllim Cavadov nənəsi Miri bəyin qızı Mirəşrəf xanımın söylədiklərinə əsaslanaraq: “Nənəm deyərdi ki, yay günü həyətimizə bir əsgər girdi. Həyəcanlı idi, atama dedi ki, Şıvkunov səni öldürəcək, aradan çıxmaq lazımdır. Atam adam göndərib Mirmusa xanı çağıtdırdı. Mirmusa gələn kimi ona dedi ki, uşaqları da götür dəmirağac meşəsində gizlən. Şıvkunovun əsgərləri meşəyə girməyə qorxurlar. Mirmusa xan dedi ki, onsuz getməyəcəklər. Şıvkunov harada olsam məni tapacaq. Siz aradan çıxın, mənə görə başqaları əziyyət çəkməsin. Həyatımın çoxunu yaşamışam”.

Şahidlərin dediyinə görə, yaraqlı bir dəstə atlı həyət qapısında görünəndə Miri bəy “Quran” oxuyurmuş. Çox keçmədən alov kəndin üstünü alır. Miri bəy son nəfəsinədək Şıvkunovu sülhə, ədalətə, Allahın qəzəbindən qorxmağa çağırıbmış. Şıvkunov isə Miri bəyin sözlərini qulaq ardına vuraraq, onu amansızcasına qətlə yetirmişdir. Başından dəyən güllədən Miri bəy otağın ortasında “Quran”ın üstünə yıxılmışdı. Alnında qılınc yarası da vardı. Denikinçi rus və erməni əsgərlərinin qərargahı qəzanın Şıxəkəran kəndində Sadıq Əvəz oğlunun evində yerləşirdi. Mamusta kənd sakini Şahmirzə Cəfərov o illərin canlı şahidi olub. Onun dediklərindən: “Rus denikinçi əsgərlərindən ikisi kəşfiyyata çıxmışdı. Qaçaqlar onlardan birini öldürmüş, birini yaralamışdır. Bundan qəzəblənən denikinçi və erməni əsgərləri kəndimizə girib talançılığa başladılar. Çoxumuz Mamusta ilə Xolmili arasında meşəyə çəkildik. Atam Bəhram Cəfəroğlu bu faciənin qurbanı oldu. Onun qulağını kəsib, gözünü çıxartdıqdan sonra yandırmışdılar”.

Tarixə yaxşı bələd olan, müharibə veteranı, ilk ali təhsilli müəllimlərdən olmuş mərhum Şükür Şükürov: “Çoxdanın söhbətidir, onda hələ II Dünya müharibəsi başlamamışdı, kənddəki məktəbdə oxuyurdum. Bir dəfə o illərin hadisələri ilə bağlı Cavahir Abdullayevanı sorğu-suala tutanda ağlamağa başladı. Anam mənə acıqlandı. Demə, silahlı əsgərlər kənddə axtarış apararkən Qurbanovların evinin yanında Cavahiri yaxalayırlar. Nəhmət kişinin oğlanları Məmmədhəsən, Məmmədhüseyn, həmçinin Bəhram Cəfərov, Mənsim Əliyev, İsaq Cəfərov, Hacıəli Əliyev və daha bir neçə nəfər qızın köməyinə gəlir və onu qaçırdırlar. Cavahir xəndək içi ilə kəndin şərq tərəfinə - Qoçasələ meşəliyinə tərəf üz tutur. Denikinçi rus və erməni əsgərləri – cavanları Paşa Mikayıl oğlunun çəltik komasına salaraq yandırırlar. Əbülhəsən Əkbər oğlu Hümmətovu qılıncla doğrayırlar. Davud müəllimin atası meşə yolu ilə evinə gələrkən onu qanına qəltan görür. Ağagül Əlihəsən oğlu və daha bir neçə mamustalı da bu faciənin qurbanı olur. Bundan sonra kəndə od vurub yandırırlar”.

Mərhum İman müəllim Əliyev də o illəri yaxşı xatırlayır: “Şıvkunovun quldur dəstələri qəzanın hər yerində qanlı cinayətlər törətmişlər. Onlar adamları, nüfuzlu şəxsləri aradan götürməklə kifayətlənmir, var-dövlətlərini aparır və evlərə od vururdular. Lənkəranın bir çox kəndlərində olduğu kimi, şəhərin özündə də qanlı qırğınlar olmuşdur. Mayakın ətrafında yüzlərlə adam öldürmüşdülər. İtlər onların cəmdəyini torpaqdan çıxartmışdı. Müsəlman qaydası ilə onları basdırırdılar”.

Dəhşətli faciələr Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gələn günədək davam etmişdir. Lənkəran qəzasına gələn dəstəyə isə Camal Paşa rəhbərlik edirdi. Qəzanın dağlıq-meşə hissəsi ilə Astaraya gələn türk sərkərdəsi Camal Paşa silahsız camaatın köməyinə çatdı. Onun qərargahı Lənkəran şəhərinin 4 kilometrliyində olan Gərmətük kəndində Güləli Cabbar oğlunun evində yerləşirdi. Tədqiqatçılar türk qoşunu Lənkərana gəlməmişdən əvvəl orada “Müəllimlərin türklərlə birliyi haqqında ittifaq”ın yaradılmasını xəbər verirlər. Onun üzvləri qəzada müxtəlif tədbirlər keçirmiş, toplanmış vəsait fonda köçürülmüşdür. 1919-cu il aprel ayının 4-də türklərin şərəfinə verilən konsertdə 100 min manat toplanması haqqında məlumat da vardır. Məlumdur ki, 1917-1920-ci illərdə Lənkəran qəzasında ictimai-siyasi vəziyyət daha da gərginləşmiş, tez-tez hakimiyyət dəyişiklikləri baş vermişdir. 1918-ci ilin aprel ayının 19-da Lənkəranda hakimiyyəti ələ keçirən bolşeviklər denikinçilərin təzyiqinə davam gətirməmiş, həmin ilin avqust ayında məğlub olmuşlar. Həmin dövrdə ingilislərin dayağı, milliyətcə erməni olan polkovnik Avetisov və Makarovun qoşun hissələri Lənkəranda meydan sulayırdılar. Onlar general Tomsonun adamları idilər. Tarix elmləri doktoru Firudin Əsədovun araşdırmalarında Makarovun 5 min nəfərlik birləşmiş qoşunla 1918-ci ilin dekabrında Lənkərana daxil olması bildirilir. Lənkəran ziyalıları faciənin qarşısını almağa cəhdlər göstərirdilər. Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il mayın 28-də elan olunmasına baxmayaraq, 1919-cu il avqustun 12-dək Lənkəran qəzasında öz hakimiyyətini qura bilməmişdi. Köməyə gələn Camal Paşanın dəstəsində 300-500 nəfərə qədər döyüşçü vardı. O, deyərmiş ki, gavur gülləsi mənə dəyməz. Amma 1920-ci ilin dekabrında bir nəfər Astaranın Kələdəhnə yaxınlığında Camal Paşanı güllə ilə vurur. Camal Paşanın dəfni haqqında müxtəlif fərziyyələr vardır. 100 yaşlı Murtuza Mirzəyevin dediyinə görə Camal Paşa Astaranın Pensər kənd məscidinin həyətində basdırılıb. Qocaman müəllim Əbülqasım Qasımov isə danışardı ki, Camal Paşanın cənazəsi Türkiyəyə aparılıb. O qanlı-qadalı illərdə qadınlar da erməni daşnakları ilə mübarizə aparmış, hünər göstərmişlər. Rayonun Veravul kəndində Səkinə xanım əlinə silah götürüb yaşadıqları kəndi quldurlardan qorumuşdur. Tükəvilə kəndində özünümüdafiə dəstəsinə Vəsmicahan Məmmədova rəhbərlik etmişdir. O dövrdə Lənkəranda yaradılmış Fövqəlada İstintaq Komissiyası baş vermiş qanlı faciəni araşdırmağa çalışsa da, sovet hakimiyyəti buna imkan verməmişdir.

1918-ci ilin yayında türk xalqının qəddar düşməni təkqulaq Andronik 8 min nəfərlik hərbi qüvvə ilə Zəngəzura hücuma keçdi. O, Zəngəzurun ya Ermənistan hökumətinə verilməsini, ya da əhalinin oradan çıxmasını tələb edirdi. Silahsız olsalar da, zəngəzurlular bu tələbi qəbul etmədilər. Rədd cavabı alan Andronik Zəngəzurda 115 kəndi məhv etdi. 6 min nəfərdən çox insan dədə-baba yurdundan didərgin düşdü. Qadınlara, uşaqlara, qocalara rəhm edilmədi, onlara tarixdə görünməyən işgəncələr verildi. Xeyli adam Araz çayını keçərkən suyun qurbanı oldu. Azərbaycan hökuməti ermənilərin vəhşiliklərinin qarşısını almaq üçün 1919-cu il 15 yanvar tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə Qarabağ general-qubernatorluğu vəzifəsini təsdiq etdi. Xosrovpaşa bəy həmin əraziyə general-qubernator təyin edildi. Mərkəzi Şuşa şəhəri idi. Azərbaycan ordusunun yerli partizan dəstələri ilə birgə səyləri nəticəsində erməni təcavüzü dayandırıldı. 1920-ci fevral ayında Zəngəzurda qısa müddətli sabitlik yarandı. Zəngəzur müharibəsində Azərbaycanın cənub bölgəsindən də cavanlar iştirak etmişlər. Həmin cavanlardan Gərmətükdən olan Abbasqulu Aslanov (Həzi Aslanovun böyük qardaşı), Murad Rzayev, Sərdar Məmmədov, Abutalıb Cavadov, Nəhmət Abbasov, Rəhim Cəfərov iştirak etmişlər. Zəngəzur davasının iştirakçıları danışırdılar ki, onlar Gəncədə olarkən Nuru Paşanı görüblər. Oradan da Zəngəzur qəzasında erməni daşnakları ilə döyüşdə iştirak etmişlər. Zəngəzur müharibəsi qurtarandan sonra onlar çox çətinliklə, özü də piyada doğma yurdlarına qayıdıblar. Bəziləri Sovet hakimiyyəti dövründə təqiblərə məruz qalmışlar.

Azərbaycan xalqı son 200 ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə ermənilər xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar, soyqırımı aktları törədib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. 31 mart 1918-ci ildə baş vermiş soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunist “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdi. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələri, yurd-yuvalarından qovulmaları, şəhər və kəndlərimizin dağıdılması, tarixi mədəni irsimizin müxtəlif vasitələrlə özününküləşdirilməsi, inanc yerlərimizin, məscidlərin, qəbirstanlıqların murdarlanması və s. Bütün bunlar ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vandalizm əməllərinin tam olmayan siyahısını təşkil edir. Sadalanan vandalizm əməlləri ermənilərin özləri barədə uydurduqları “mədəni xalq” mifinin heç bir əsası olmadığını sübuta yetirir. Faktlardan da göründüyü kimi, 1918-ci ilin martında və sonrakı aylarda ermənilərin törətdikləri vəhşiliklər xüsusi qəddarlığı ilə diqqəti cəlb edir.

2002-ci ilin martında Lənkəran şəhərində soyqırımı qurbanlarına həsr edilmiş Xatirə-park kompleksi açılmışdır. Prezident İlham Əliyev 2014-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur”.

Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə “Azərbaycan” qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Qоri Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Məqalənin hazırlanmasında Lənkəranda ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrindən, Hacı Mirhaşım Talışlı və Hacı Etibar Əhədovun “Lənkəran faciəsi və ya azərbaycanlıların soyqırımı” (“Aşkarlıq” qəzeti, № 11-14, 2006), Hacı Etibar Əhədov. Unudulmaz tarix. (“Aşkarlıq” qəzeti, 29 mart 2018), Əlibala Nurullayevin “Gərmətük” kitabından da istifadə edilmişdir.

Tarixin dərsləri nə qədər acı olsa da, biz ondan ibrət götürməliyik. Xüsusilə gənc nəsil keçmişdə xalqımızın düçar olduğu qətliamlar, soyqırımları barədə ətraflı bilgilərə malik olmalıdır. Bu, ilk növbədə, gələcəyimiz üçün, faciələrimizin təkrarlanmaması naminə zəruridir. Bu baxımdan 31 mart soyqırımına Ulu Öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi və hüquqi qiymət verilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Xalq Cumhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəlada İstintaq Komissiyası yaradıb. Üzə çıxarılan həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Xalq Cumhuriyyətinin ömrü az oldu və başlanılan işlər yarımçıq qaldı. Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan tədqim edilirdi. Soyqırımın təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdilər. Müstəqilliyimizin ilk illərində hakimiyyətə gələn AXC-Müsavat iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət vermədi. Halbuki, ermənilərin respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi. Aşkarlanmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Xocalı soyqırımı erməni vəhşiliyinin növbəti sübutudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri bütün bunlar həqiqətdir və reallıqdır”.

Belə bir şəraitdə biz yalan tarix, saxta mədəniyyət daşıyıcısı olan ermənilərin əsl simasını açıb göstərməli, onların maskalarını yırtmalıyıq. Bu istiqamətdə Prezident İlham Əliyevin apardığı siyasi fəaliyyəti tədqirəlayiqdir. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdik, işğalçıları torpaqlarımızdan qovduq. Növbəti hədəfimiz isə zamanında yurd yerlərindən indiki Ermənistan ərazisindən zorla qovulmuş soydaşlarımızın tarixi torpaqlarımıza layiqli şəkildə qayıdışını təmin etməkdir. Xalqımızın o yerlərə güclü mənəvi bağlılığı var. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər deportasiyaya məruz qalmış azərbaycanlıların geri dönüşünün təmin edilməsi üçün bir növ yol xəritəsidir.

Cəmil QULİYEV

AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, AJB-nin üzvü,YAP Lənkəran RT ƏPT-nin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə