"Məlumdur ki, Azərbaycan mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu gün ölkəmiz beynəlxalq miqyasda təkcə öz ərazi bütövlüyünü bərpa etmiş dövlət, sülh və sabitlik məkanı, dayanıqlı iqtisadi inkişafa malik ölkə və vətəndaşlarının rifahı naminə çalışan dövlət kimi deyil, eyni zamanda mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən etibarlı tərəfdaş kimi tanınır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu sahədə artıq uzunillik və sınaqdan çıxmış təcrübəsi var: " 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları bunun bariz nümunəsidir. Belə möhtəşəm və miqyaslı idman tədbirinin ilk dəfə məhz Azərbaycana həvalə olunması ölkəmizə göstərilən böyük etimadın ifadəsi idi və bu etimad təsadüfi deyildi.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanda keçirildi. Sonrakı illərdə isə ölkəmiz dəfələrlə dünya və Avropa çempionatlarına, eləcə də Formula-1 yarışlarına ev sahibliyi edib və bu ənənə davam edir.
Bununla yanaşı, Azərbaycan digər sahələrdə də mühüm beynəlxalq platformalara ev sahibliyi edir. COP29 İqlim Dəyişikliyi Konfransının ölkəmizdə keçirilməsi bunun ən aktual nümunələrindən biridir.
Eyni zamanda, 2026-cı ildə müxtəlif yubiley tədbirləri və digər mühüm beynəlxalq forumlar çərçivəsində Azərbaycanda bir sıra əhəmiyyətli yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bunlardan biri Ümumdünya Şəhərsalma Forumudur. Şübhəsiz ki, bu tədbirlər ölkəmizə çoxsaylı qonaqların gəlməsinə səbəb olacaq.
Beynəlxalq ictimaiyyətin Azərbaycana bu qədər etimad göstərməsinin bir neçə səbəbi vardır. Birincisi, Azərbaycan artıq özünü sübut etmiş təşkilati təcrübəyə malikdir. İkincisi, Azərbaycan xalqı qonaqpərvərliyi ilə seçilir və bu amil ölkəmizin müsbət imicini gücləndirir. Üçüncüsü, bu kimi tədbirlər zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur və indiyədək heç bir ciddi insident qeydə alınmayıb. Dördüncüsü, ölkəmizin inkişaf edən infrastrukturu, turizm potensialı və müasir şəhər mühiti beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.
Məhz bu amillər nəticəsində qonaqlar Azərbaycana böyük maraq və müsbət təəssüratla gəlirlər. Heç şübhəsiz ki, növbəti illərdə də ölkəmiz mühüm beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB