"Azərbaycan qlobal sülh təşəbbüslərində fəal rol oynayır" - ŞƏRH EDİLDİ

"Azərbaycanın Qarabağ Zəfərindən sonra irəli sürdüyü sülh təşəbbüsləri, həmçinin əməkdaşlıq mühitinin yaradılması, regional tranzit və kommunikasiya əlaqələrinin açılması ilə bağlı təkliflər ölkəmizin səmimi dialoq və etibarlı sülh tərəfdaşı kimi mövqeyini açıq şəkildə nümayiş etdirib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, bu təşəbbüslər Azərbaycanın yalnız regional deyil, eyni zamanda, qlobal miqyasda sabitliyə töhfə vermək niyyətində olan dövlət olduğunu sübut edir: "Bu kontekstdə Sülh Şurasının Nizamnamə sənədinin imzalanması mərasimində Azərbaycanın iştirakı ölkəmizin qlobal sülh təşəbbüslərinə fəal şəkildə qoşulduğunu simvolik və siyasi baxımdan mühüm şəkildə əks etdirir. Sözügedən sənədin imzalanması Azərbaycan dövlətinin diplomatik gündəliyinin nə qədər aktiv olduğunu, beynəlxalq proseslərdə rolunun və təsir imkanlarının artdığını nümayiş etdirir. Bundan əlavə, ABŞ və digər üzv dövlətlərlə bu təşəbbüs çərçivəsində birgə iştirak yeni diplomatik əlaqələrin qurulması və mövcud münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır. Bu platformada təmsil olunmaq Azərbaycanın qlobal gündəmin mühüm iştirakçılarından birinə çevrildiyini və beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir.
Azərbaycan digər münaqişə və müharibəyə meyilli ölkələrdən fərqli olaraq, hər zaman açıq dialoqa, sülhə və regional sabitliyə üstünlük verən dövlət kimi çıxış edir. Qalib tərəf olmasına baxmayaraq, Ermənistana ünvanlanan sülh çağırışları da bu ardıcıl, prinsipial və məsuliyyətli siyasətin davamı kimi qiymətləndirilə bilər. Bu yanaşma Azərbaycanın gücə deyil, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və uzunmüddətli sabitliyə əsaslanan siyasi xətt apardığını sübut edir.
Bütün bu amillər Azərbaycanın, eləcə də dövlətimizin başçısının beynəlxalq siyasətdə artan nüfuzunun, etimadının və liderlik mövqeyinin bariz göstəricisidir. Ölkəmizin sülh təşəbbüslərində fəal iştirakı Azərbaycanın gələcək beynəlxalq proseslərdə də mühüm rol oynayacağından xəbər verir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə