“Bu qərar, dövlətin ləyaqətinin qorunmasına xidmət edir” - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsi konkret və açıq səbəblərlə bağlı idi və bu səbəblər rəsmi şəkildə izah olundu. Buna baxmayaraq, xüsusən Rusiya tərəfdən bəzi politoloqların və media nümayəndələrinin məsələni süni şəkildə şişirtməsi, bunu regional və ya qlobal siyasi böhran kontekstinə daşıması daha çox emosional və sifarişli yanaşmanı xatırladır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, qeyri-rəsmi formatda keçirilən bir görüşdə iştirak etməmək diplomatik praktikada fövqəladə hal sayılmır və bunu “böyük geosiyasi siqnal” kimi təqdim etmək obyektiv təhlildən uzaqdır:

“Məsələnin mahiyyətinə baxdıqda isə Prezident İlham Əliyevin qərarı tam məntiqli görünür. Təyyarə qəzasından sonra Rusiya tərəfi formal üzr istəsə də, hadisənin hüquqi və siyasi nəticələri baxımından gözlənilən addımları atmayıb, günahkar şəxslər müəyyən edilərək cəzalandırılmayıb. Belə bir vəziyyətdə Azərbaycan rəhbərliyinin gündəlik diplomatik jestlərdən imtina etməsi prinsipial mövqenin ifadəsidir. Bu qərar emosional deyil, dövlətin ləyaqətinə və məsuliyyət anlayışına söykənən siyasi mövqedir və Azərbaycanın beynəlxalq münasibətlərdə özünə hörmət edən aktor kimi davranışını ortaya qoyur. Bu kontekstdə Azərbaycan rəhbərliyinin gündəlik diplomatik jestlərdən müvəqqəti imtina etməsi emosional reaksiya deyil, dövlət maraqlarına söykənən düşünülmüş siyasi addımdır. Bu qərar, ilk növbədə, dövlətin ləyaqətinin qorunmasına, beynəlxalq hüquqa hörmətin təmin olunmasına və məsuliyyət anlayışının ön plana çəkilməsinə xidmət edir. Azərbaycan bu mövqeyi ilə göstərir ki, münasibətlərin dostluq və tərəfdaşlıq ruhunda davam etməsi yalnız qarşılıqlı hörmət və ədalətli yanaşma əsasında mümkündür”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə