Dinlərarası dialoq sahəsində memorandum imzalanıb - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu imzalanıb. Sənədi Dini Komitənin sədri Ramin Məmmədov və Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Kardinal Corc Ceykob Kuvakad imzalayıb. Bu barədə SİA-ya dövlət qurumundan məlumat verilib.

Bildirilib ki, memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.

R.Məmmədov memorandumun dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Müqəddəs Yubiley İli münasibətilə təbriklərini çatdıran Dini Komitənin sədri Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb.

Bildirib ki, Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkadaşlıq dünyada mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. Katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə əməkdaşlıq, arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir.

R.Məmmədov ölkədəki dini mühit barəsində məlumat verərək qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Dini Komitənin sədri söyləyib ki, torpaqlar işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə böyük layihələr həyata keçirir.

Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma Papası II İoann Pavel və Fransiskin bu ölkəyə səfərlərinin əlaqələrin inkişafındakı roluna toxunub. Bu memorandumu ölkədə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan, 29 aprel 2011-ci ildə "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib.

Kardinal eyni zamanda sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə ehtiramını bildirib.

Mərasimdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə