"Azərvaycan da bu ayrı-seçkilik dalğasından kənarda deyil" -SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Son zamanlar Rusiyada baş verən proseslər – şovinist, diskriminativ və islamofob əhval-ruhiyyənin güclənməsi, milli azlıqlara, o cümlədən miqrantlara qarşı açıq təzyiq siyasətinin aparılması – təkcə daxili siyasət deyil, eyni zamanda xarici təsir alətidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də miqrantlara qarşı aparılan şantaj və məcburi müharibəyə cəlbetmə mexanizmi bu ölkədə insan hüquqlarının necə kobud şəkildə pozulduğunu, etnik və dini azlıqlara qarşı dözümsüzlüyün sistemli xarakter daşıdığını göstərir: "Yekaterinburqda baş verən son hadisələr sübut edir ki, bu proseslər tək-tək epizodlar deyil, mərkəzdən idarə olunan genişmiqyaslı siyasətin tərkib hissəsidir. Miqrantlar narkotik ittihamları, ailə üzvlərinə təhdid və təzyiq yolu ilə müharibəyə cəlb olunur. Onlara vəd edilən kompensasiyalar ödənilmir, geri qayıtdıqdan sonra isə yenidən şantaj olunaraq döyüşə göndərilirlər. Bu, artıq cinayətkar mexanizm səviyyəsində işləyən bir sistemdir.

Rusiya vətəndaşı olan qeyri-ruslar da – xüsusilə Orta Asiya və Qafqaz mənşəli müsəlmanlar – bu sistemin hədəfindədir. Aydın görünür ki, islamofobiya bu ölkədə dövlət səviyyəsində təşviq edilir. Solovyov kimi Kremlin ruporu olan şəxslərin Azərbaycana qarşı təhqiramiz və düşmən ritorikası bu prosesin informasiya cəbhəsidir.

Azərbaycan da bu ayrı-seçkilik dalğasından kənarda deyil. Azərbaycan təyyarəsinin vurulması məsələsində Rusiyanın hərəkətsizliyi, millət vəkilimizin Həştərxana buraxılmaması, informasiya resurslarımıza edilən kiberhücumlar və bunun arxasında rus mərkəzlərinin dayanması faktı, Rusiya tərəfindən idarə olunan revanşist erməni siyasətçilərinin aktivləşdirilməsi – bunların hər biri Azərbaycana qarşı düşmənçilik mühitinin sistemli şəkildə formalaşdırıldığını göstərir.

Bu hadisələr təkcə iki ölkə arasındakı münasibətlərin pozulması deyil, eyni zamanda Cənubi Qafqazda sülhün pozulmasına yönəlik geniş strategiyanın bir hissəsidir. Moskva özünün Ukrayna bataqlığından çıxa bilmədiyi şəraitdə yeni qarşıdurma ocaqları yaratmağa çalışır. Bu qarşıdurmanın əsas nöqtələrindən biri isə məhz Ermənistan üzərindən Cənubi Qafqazdır.

Azərbaycan bu situasiyada soyuqqanlı, lakin prinsipial mövqe sərgiləməlidir. Beynəlxalq tribunalarda hüquqları pozulan vətəndaşlarını müdafiə etməli, Rusiya tərəfindən törədilən təzyiqlərə qarşı hüquqi və diplomatik cavab verməlidir. Azərbaycanın informasiya təhlükəsizliyi, diplomatik toxunulmazlığı və milli maraqları heç bir dövlətin siyasi manipulyasiyalarına qurban verilməməlidir.

Eyni zamanda, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə bu məsələləri gündəmə gətirməsi, Rusiya daxilində insan hüquqlarının vəziyyətinin ifşa olunmasına dair iş aparması və xüsusilə islamofob, antitürk və anti-Azərbaycan ritorikanın qarşısının alınması üçün informasiya müharibəsində aktiv mövqe tutması vacibdir. Çünki bu təkcə Azərbaycana qarşı deyil, regionda sülhə qarşı yönəlmiş bir prosesdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə