"Ermənistanda kimlərsə tam nəzarətdən kənarda təxribatlar törədə bilərlər" - POLİTOLOQ AÇIQLADI
"Tez-tez Ermənistanın bir-biri ilə ziddiyyət təşkil edən mövqeyini, amallarını müşahidə edirik. Məsələn, üç gün bundan öncə Paşinyan parlamentdə səsləndirdi ki, sülh imzalanmalıdır və genişmiqyaslı müharibənin başlanması üçün heç bir əsas yoxdur. Amma Paşinyan bunu deyərkən eyni zamanda onun səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, Ermənistanda kimlərsə tam nəzarətdən kənarda təxribatlar törədə bilərlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, yəni Paşinyan təxmini belə bir fikir işlətdi ki, onun nəzarətində olmayan qüvvələr təxribat törətməkdə maraqlı ola bilərlər: "Amma bütövlükdə biz hər zaman Paşinyanın öz mövqeyində tez-tez sərt transformasiyalara yol verdiyini görmüşük. Bu, ümumiyyətlə Ermənistanın özünəməxsus ənənəvi siyasi xəttidir. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə sülhün əldə olunmaması üçün hər cəhd edir. Eyni zamanda təxribatlar törədir. Keçmiş münaqişə vəziyyətində də Ermənistanın bu cür davranışlarını biz tez-tez müşahidə edirdik. Bu baxımdan Paşinyan və Ermənistan tərəfi birincisi, özlərini sülhpərvər obrazda dünyaya təqdim etməyə çalışırlar, eyni zamanda da sülhün olmaması üçün əllərindən gələni edirlər. Hesab edirəm ki, Ermənistanın sülhdən danışmasının səbəbi həlledici amil rolunda bizim dövlətimizin güc mövqeyi çıxış edir. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından tam azad etdi, bütün əraziləri boyunca suverenliyini etibarlı və dönməz şəkildə təmin etdi. Bu gün Cənubi Qafqaz regionunda cərəyan edən proseslər Azərbaycanın təsiri altındadır. Yəni Azərbaycan iradəsi olmadan Cənubi Qafqaz regionunda hansısa prosesin cərəyan etdiyini söyləmək mümkün deyil. Müvafiq olaraq Ermənistan Azərbaycanın güc mövqeyinə tabedir. Azərbaycan sülh gündəliyini başlayıb və irəli aparmaqdadır.
Ermənistan indi həm sülh ritorikasına üstünlük verir, həm də imkanı olan halda Azərbaycana qarşı təxribatlar törədir. Görünür ki, burada başlıca məqsəd Azərbaycanın cavab reaksiyasına nail olmaqdır. Yəni Ermənistan çalışır ki, Azərbaycanın əleyhinə öz havadarlarının siyasi hücumlarını təşkil etsin və dünyaya nümayiş etdirsin ki, guya Ermənistan sülh istəyir, amma Azərbaycan tərəfi əks mövqedədir. Paşinyan belə bir beynəlxalq ictimai rəy formalaşdırmağa çalışır.
Amma Azərbaycanın hərbi gücü ilə yanaşı diplomatik gücü də var. Biz də müvafiq dairələrdə hər zaman özümüzün ədalətli və sülhpərvər mövqeyimizi sübut etməyi bacarırıq. Sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü çox ədalətli şərtlər var və onlara əməl olunmalıdır. Düzdür, Paşinyan deyir ki, sülh sazişinin imzalanması ilə bərabər ATƏT-in Minsk qrupunun buraxılması haqqında sənəd də imzalana bilər. Paşinyanın bir oyunu da ATƏT-in Minsk qrupunun buraxılması üçün müraciətə mane olmaqdır. Belə ki, əks halda Minsk qrupunun buraxılması üçün müraciətə razı idilər və sülh sazişinin imzalanması üçün Azərbaycanın qoyduğu şərtlərdən biri təmin olunmuş olardı. Paşinyan isə ATƏT-in Minsk qrupunun buraxılmasını da sülh sazişinə bağlayır. Bu da onun qeyri-səmimiyyətindən xəbər verir.
Digər tərəfdən isə Paşinyan parlamentdə çıxışında dedi ki, Ermənistan Konstitusiya Məhkəməsi təsbit edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı iddia yoxdur. Bu isə ağ yalandır. Yəni Ermənistan Konstitusiyasının preambulasında Ermənistanın müstəqillik bəyannaməsinə istinad olunur. Müstəqillik bəyannaməsində isə Qarabağın Ermənistana birləşdirilməsi məsələsi öz əksini tapır. Bu baxımdan Paşinyan hələ ki, sülhlə bağlı mövqeyində çox da səmimi deyil. Yenə də ümid edirlər ki, sülhün imzalanacağı vaxtı uzada bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə