“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və “Yaşıl enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının yenidən Bakıda keçirilməsi ölkəmizin dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rolunun qiymətləndirilməsi olmaqla bərabər, Azərbaycana göstərilən etimadın nəticəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan yalnız qaz ixrac edən bir ölkə kimi deyil, həm də yaşıl enerji mənbələrinə vəsait ayrılan və bu sahədə çox mühüm layihələr həyata keçirən bir dövlət kimi tanınır.
“Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvan MR-nın “yaşıl enerji” zonaları elan edilməsi, digər regionlarda da səmərəli axtarışlar aparılması və bu sahədə mühüm müqavilələrin imzalanması ölkəmizin böyük “yaşıl enerji” potensialından xəbər verir. Azərbaycanın Avropa ölkələrinə ixrac etdiyi qazın həcmi ildən–ilə artır və ölkəmiz Avropa komissiyası ilə energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memorandumu imzaladıqdan sonra qaz təchizatı 60 faiz artaraq, 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatmışdır. Bu ümumi ixracatımızın yarısından çoxdur. Cənab İlham Əliyev iclasdakı çıxışında bildirmişdir ki, “Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alsaq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik”.
2030-cu ilə qədər ölkəmizdə 6 qiqavat günəş və külək enerjisi əldə edilməsi nəzərdə tutulubdur. Bu da elektrik enerjisinə sərf olunan təbii qaza xeyli qənaət etməyə və xarici ölkələrə qaz ixracını artırmağa imkan yaradacaqdır. Növbəti 5 il ərzində Azərbaycanda bərpaolunan mənbələrdən enerji istehsalı potensialının iki dəfə artırılması nəzərdə tutulur ki, bu da Azərbaycanın Avropanın enerji təchizatına lazimi dəstək verəcəyini göstərir.
Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş olduğunu həyata keçirilən əhəmiyyətli tədbirlər, imzalanan sənədlərlə sübut edibdir. Nazirlərin iclasında da bu yüksək qiymətləndirilib və enerji təhlükəsizliyi sahəsində yeni yanaşmaların, mühüm məsələlərin həllində birgə səylərin vacibliyi, dönə-dönə qeyd edilibdir. Çünki əməkdaşlığı genişləndirmədən, əlaqələri möhkəmləndirmədən, məsləhətləşmələr aparıb orta məxrəcə gəlmədən problemləri həll etmək, inkişafa nail olmaq mümkün deyildir. Nazirlərin bu iclası da əməkdaşlığa yeni töhfə olmaqla, enerji təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə