Milli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib

Milli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, rəqəmsal mühitin inkişafı bu sektorda reklam fəaliyyətinin genişlənməsinə və bazar payının artımına səbəb olub, yeni reklam daşıyıcıları meydana gəlib və belə daşıyıcılar yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər, "influyenser", "bloqqer" kimi yeni reklam subyektlərin ortaya çıxması və s.) təchiz edilib. "Reklam haqqında" qanununda sözügedən məsələləri tənzim edən normaların olmaması bu sahədə dövlət nəzarətinin aparılmasına çətinlik yaradır.

Qeyd olunanlar rəqəmsal mühitdə reklam fəaliyyətinin tənzimlənməsinə zərurət yaradır.

Müzakirə edilən qanun layihəsi əsasən aşağıdakıları nəzərdə tutur:

- "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları"nın (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilməsi. Bu tənzimlənmə o halda tətbiq ediləcəkdir ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.

- maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusunun müəyyən edilməsi və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblərin müəyyən edilməsi. Bu məqsədlə Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilir və onlar reklam subyekti kimi tanınır. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilir.

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər (reklam yayımının "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunması, İstehlakçılara müvafiq məlumatların, o cümlədən reklamverici barədə məlumatların verilməsi) və qadağalar (reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq, özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq) da müəyyən edilir.

Qanun layihəsinə əsasən, hazırda istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Təklif olunur ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Həmçinin sənəddə qeyd edilib ki, rəqəmsal platforma təsirçisinin reklam subyektləri sırasına daxil edilməsi ilə əlaqədar olaraq "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir. Bu dəyişikliyə əsasən reklam olunan dərman və tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi rəqəmsal platforma təsirçisinə onun tələbi əsasında müvafiq zəruri sənədləri təqdim etməlidir.

Bununla bərabər, layihədə vurğulanıb ki, tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada reklamı qadağan edilir.

Qanuna təkmilləşdirmə və dəqiqləşdirmə üçün də bir sıra dəyişikliklər edilir. Bildirilib ki, qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə