"2024-cü il mühüm ictimai-siyasi hadisələrlə yaddaqalan olmuşdur" - Səbinə Əliyeva

"2024-cü il ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi hadisələr və qlobal əhəmiyyətli tədbirlərlə yaddaqalan olmuşdur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq suveren respublikamızın bütün ərazisində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri və Milli Məclisə növbədənkənar seçkilər əlamətdar hadisəyə çevrilmişdir: "Zəfər seçkisi kimi tarixə düşən və vətəndaşların xüsusi seçici fəallığı ilə yadda qalan növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri xalqımızın demokratiya və milli dövlətçilik ənənələrinə sədaqətini, öz liderinə sarsılmaz etimad və inamını, habelə son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən yüksək dəyəri bir daha nümayiş etdirdi. Ötən il respublikamız bir çox ölkələrin dövlət və hökumət başçılarının, rəsmi şəxslərinin, nüfuzlu ictimai, siyasi, elm və mədəniyyət xadimlərinin qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi, ölkəmizin uğurlu moderatorluğu və yüksək diplomatik məharəti sayəsində inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar məbləğində maliyyə yardımına dair razılığın əldə olunması və digər mühüm qərarların qəbul edilməsi iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm nəticə kimi tarixə düşmüşdür. Həyata keçirilən kompleks islahatlar nəticəsində əldə olunan nailiyyətlər, iqtisadi suverenliyin möhkəmləndirilməsi və müasir həyat standartlarına əsaslanan sosial rifahın təmini vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli reallaşdırılmasına xidmət etməkdədir. Ombudsman ölkə Konstitusiyası və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrlə təsbit olunmuş və dövlət orqanları, bələdiyyələr, habelə qanunvericiliklə müəyyən edilmiş digər qurumlar və onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması üzrə fəaliyyətini davam etdirmişdir.

Diqqətinizə çatdırmaq istərdim ki, 2024-cü ildə Ombudsmanın ünvanına 29.371 müraciət daxil olmuşdur. Bu müraciətlərə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu ilə müəyyən olunmuş qaydada və müddətlərdə baxılmışdır. Ərizəçilərə həm qəbulda, həm də yazılı müraciətləri əsasında hüquqi məsləhətlər, habelə insan hüquq və azadlıqlarının müdafiəsinin forma və üsulları, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət etmələri barədə tövsiyələr verilmişdir. İnsanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlarına müraciətlər edilmiş, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüş, təklif və tövsiyələr verilmişdir.

Əvvəlki illərdə olduğu kimi, sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas gətirilməklə bu qəbildən olan şikayətlərin araşdırılması demək olar ki, mümkün olmamışdır. Odur ki, həmin Qanuna əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına sahibkarlıq subyektləri tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarında şikayətlərin araşdırılmasını birbaşa nəzərdə tutan dəyişikliklərin mümkün qısa zamanda edilməsi zəruridir. İşəgötürənlər tərəfindən işaxtaran şəxslərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi probleminə də diqqət artırılmalıdır.

Aztəminatlı ailələrin maddi yardım asılılığından azad edilməsində əhəmiyyətli rolu olan özünüməşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır. Xüsusilə də, özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunması ilə bağlı müddətin müəyyən edilməsi, habelə özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunmasına qədər onun məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətlərlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün qanunvericiliklə son müddətin və ya müddət aralığının müəyyən olunması aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər. Sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklər qalmaqdadır. İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması məqsədilə zəruri tədbirlərin görülməsi, eyni zamanda ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlamlığın qorunması hüququnun effektiv təmin olunmasında olduqca vacibdir. Bundan başqa onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, habelə “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi də məqsədəmüvafiqdir.

Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və bununla da süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılması və onların lazımi qaydada təlimatlandırılması, mürəkkəb və detallı sənədləşmə prosesinin sadələşdirilməsi, habelə tibb müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi zəruridir. İnternet səhifələrində və sosial şəbəkələrdə yayımlanan çoxsaylı tibbi əsaslandırılmamış məlumatların, internet platformalar üzərindən satılan və keyfiyyəti şübhə doğuran dərman preparatlarının insan sağlamlığına göstərə biləcəyi neqativ təsirləri nəzərə alaraq, bu sahəyə nəzarətin gücləndirilməsi, davamlı monitorinqlərin aparılması və problemlərin qanunvericilik səviyyəsində həlli də vacib məsələlərdəndir.

Beynəlxalq hüquqi sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqlarından biri kimi təhsil hüququ şəxsiyyətin, cəmiyyətin və dövlətin formalaşmasında və inkişafında həlledici rol oynayır. Təhsil sahəsində davamlı monitorinqlərin aparılması təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə yanaşı, tədrisin dövlət standartları əsasında təşkil olunmasına da əhəmiyyətli təsir göstərir. Aparılan araşdırmaların nəticələri onu deməyə əsas verir ki, müəllim-şagird münasibətlərinin tənzimlənməsi və psixoloji yardımın səmərəli təşkili məqsədilə təhsil müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılması, psixoloqların müəllim və valideynlərlə əməkdaşlığının gücləndirilməsi, habelə psixoloqların bilik və bacarıqlarının artırılması məqsədəmüvafiqdir.

Təhsil müəssisələrində zorakılığa məruz qalmış uşaqlara zəruri dəstəyin göstərilməsi, onların yenidən qurbana çevrilməsinin qarşısının alınması üçün preventiv və dəstəkləyici mexanizmin tətbiqi olduqca vacibdir. Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalı, uşağın psixoloji vəziyyəti və inkişafı qiymətləndirilərək müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır. Həssas əhali qrupuna aid edilən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətin tamhüquqlu üzvləri kimi inteqrasiyasının təmin edilməsi insan hüquqlarına hörmətin və sosial ədalət prinsiplərinə bağlılığın vacib göstəricilərindən biridir.

Tibb, təhsil, sosial xidmət və digər müəssisələrdə, həmçinin nəqliyyat sistemində və yollarda əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında hələ də çatışmazlıqlar qalmaqdadır. Xüsusilə də ictimai nəqliyyat infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsinə diqqətin artırılmasına, yerüstü və yeraltı keçidlərin, habelə metro stansiyalarının onların sərbəst hərəkəti üçün uyğunlaşdırılmasına və ya yenidən qurulmasına ehtiyac vardır. Yol infrastrukturunun təkmilləşdirilməsi və ya yenidən qurulması məqsədilə aparılan işlərdə əlilliyi olan şəxslərin istifadə imkanlarının nəzərə alınması olduqca vacibdir. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Ombudsmanın rəsmi internet səhifəsində məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə “Müyəssərlik menyusu” əlavə edilmiş, görmə məhdudiyyəti olan şəxslər üçün məlumatların əldə edilməsinin asanlaşdırılması təmin olunmuşdur. Vətəndaşların layiqli həyat şəraitinin və sosial bərabərliyin təmin edilməsində mənzil hüququnun əhəmiyyətli rolu vardır. Ölkəmizdə bu hüququn təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsi xüsusi qeyd olunmalıdır.

Bununla belə, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi, mənzil fondunun dövlət uçotu qaydasının təsdiq edilməsi prosesinin və çoxmənzilli binaların idarə edilməsi qaydasının müəyyən edilməsinin sürətləndirilməsi məqsədəmüvafiq hesab olunur. Bir sıra şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi də zəruridir.

Məhkəməyədək icraat mərhələsində cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi diqqətdə saxlanılmış, şikayətlər üzrə müvafiq araşdırmalar aparılmışdır. Bir sıra hallarda Ombudsmanın sorğuları əsasında həyata keçirilmiş xidməti araşdırmalar nəticəsində hüquq mühafizə orqanlarının bəzi əməkdaşlarının qanun pozuntularına yol verdiyi müəyyən edilərək barələrində intizam tənbehi tədbirləri tətbiq olunmuşdur.

Pulsuz hüquqi yardımdan istifadə etmək hüququnun təmin olunmasında, vəkillərin qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil etdikləri şəxslərlə görüşünün təşkil edilməsində mövcud problemlərlə əlaqədar Ombudsmanın “916” Çağrı Mərkəzinə daxil olan müraciətlər operativ qaydada araşdırılmış, zəruri tədbirlər görülmüşdür. Yeri gəlmişkən, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün qanunvericiliklə nəzərdə tutulan məbləğin artırılması məqsədəmüvafiq hesab olunur. Həbs qətimkan tədbirinin seçilməsi və ya həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatların işin hallarından asılı olaraq minimuma endirilməsi, habelə penitensiar müəssisələrdəki sıxlıq probleminin aradan qaldırılması məqsədilə həbsə alternativ qətimkan tədbirlərinin seçilməsi cəza siyasətinin humanistləşdirilməsi prinsipinə uyğun olmaqla, prosessual hüquqların təmini baxımından olduqca əhəmiyyətlidir. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilə bağlı şikayətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində baxılmış, pozuntu halları müəyyən edildikdə onların bərpası istiqamətində zəruri tədbirlər görülmüş, Ombudsmanın səlahiyyətlərinə aid olmayan şikayətlər üzrə qanunun tələbləri izah edilməklə ərizəçilərə cavablar verilmişdir.

Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığı Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasına və hüquqi müdafiə mexanizmlərinin effektivliyinin artırılmasına xidmət etmişdir. Məhkəmə sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məhkəmələrə çatım imkanlarını asanlaşdırmağa, onların fəaliyyətində keyfiyyətin və səmərəliliyin artırılmasına hədəflənmişdir. Bununla belə, Ombudsmana ünvanlanan bəzi müraciətlərdə vətəndaşların texniki vasitələrə və internet resurslarına çıxış imkanlarının məhdud olması səbəbindən “elektron məhkəmə” informasiya sistemindən istifadə ilə bağlı çətinliklərlə üzləşdikləri öz əksini tapmışdır. Bəzən elektron sistemdə yaranmış nasazlıqlar məhkəmələrdə süründürməçillik hallarına da səbəb olmuşdur. Qeyd olunanlara əsasən vətəndaşların “elektron məhkəmə” sistemindən istifadəsinin seçim imkanı müəyyən edilməklə tətbiqi məqsədəmüvafiqdir. Məhkəmə qərarlarının vaxtında və tam icra olunması ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi zəruridir.

Məhkəmə qərarlarının icrası ilə bağlı şikayətlər sırasında aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi barədə şikayətlər çoxluq təşkil etmişdir. Alimentin borclu tərəfindən müxtəlif səbəblərdən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, borclunun icra qurumlarından gizlənməsi məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir. Mövcud boşluqlar nəzərə alınaraq, alimentlə bağlı məhkəmə qərarlarının icrası metodlarının təkmilləşdirilməsi, habelə Ombudsmanın əvvəlki illik məruzələrində də irəli sürülən təkliflər nəzərə alınmaqla alimentin ödənilməsinə vahid dövlət nəzarət mexanizminin yaradılması günün tələbinə çevrilmişdir.

Bundan başqa, ünsiyyət tələbinə dair məhkəmə qərarlarının icrası zamanı tərəflər və icra məmurları uşaqların mənafelərinin üstünlüyü prinsipini nəzərə almır ki, bu da onların psixoloji durumuna neqativ təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, həmin qərarların icrası metodları da təkmilləşdirilməli, icra prosesində psixoloqun iştirakı təmin olunmalı, bununla bağlı qanunvericiliyə zəruri dəyişikliklər edilməlidir. Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının müəssisələrinə ümumilikdə 352 başçəkmə həyata keçirilmişdir ki, onlardan da 108-i plandankənar olmuşdur. Başçəkmələr zamanı saxlanılan şəxslər konfidensial qaydada qəbul edilmiş, onların hüquqlarının təmini vəziyyəti öyrənilmiş, müraciətləri araşdırılmış, bəzi məsələlər yerində həll olunmuş, zəruri hallarda aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, habelə əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə Ombudsmanın tövsiyələrinin icra vəziyyəti yoxlanılmışdır. Həmin müəssisələrdə ixtisaslı kadr, o cümlədən həkim çatışmazlığının olduğu, vakant ştatların komplektləşdirilməsinə ehtiyacın yarandığı müəyyən olunmuşdur. Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların sağlamlıq hüquqlarının daha effektiv təmini üçün tibbi məlumatların elektron qeydiyyatının aparılması, müəssisələrdə tibbi xidmətlərin sosial xidmətlərə daha sıx inteqrasiyası üzrə zəruri tədbirlərin görülməsi təklif olunur.

Bundan başqa, penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradan qaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatların göndərilməsində olan problemlərin həlli zəruridir. Qeyd etmək istərdim ki, Ombudsman məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlər göndərmiş, həmin komissiyanın iclaslarında iştirak etmişdir. Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 879, 2024-cü ildə isə 15 məhkum əfv edilmişdir. Hüquq mədəniyyətinin yüksəldilməsi məqsədilə Ombudsman tərəfindən bütün ölkə ərazisində həyata keçirilmiş maarifləndirmə tədbirləri insan hüquq və azadlıqlarının təbliği və təşviqinə, habelə səmərəli müdafiəsinə xidmət etmişdir. Məlum olduğu kimi, Ombudsman COP29-un keçirilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin üzvləri sırasında təmsil olunmuşdur. Bununla bağlı Tədbirlər Planında nəzərdə tutulmuş hədəflərin həyata keçirilməsi məqsədilə Ombudsman təsisatı tərəfindən bütün ölkə ərazisi üzrə silsilə tədbirlər təşkil olunmuşdur".

"Qlobal iqlim problemlərinin insan hüquqlarının təmini baxımından yaratdığı çətinliklərlə bağlı müzakirələrin aparılması məqsədilə Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilmiş, ölkə Prezidentinin forum iştirakçılarına müraciəti insan hüquq və azadlıqlarına ən yüksək səviyyədə verilən dəyərin bariz təzahürü kimi qarşılanmışdır. Bu müraciətdə səsləndirilən fikirlər, irəli sürülən tövsiyələr iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində milli insan hüquqları institutlarının gələcək fəaliyyət istiqamətlərinin müəyyən olunması baxımından əhəmiyyətli olmuşdur. Azərbaycanlılara qarşı Ermənistanın uzun illərdir həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində yüz minlərlə insanın pozulmuş hüquqlarının bərpası beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmət baxımından böyük önəm daşıyır. Müxtəlif vaxtlarda əzəli torpaqlarından zorla qovularaq qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində Ombudsman tərəfindən geniş fəaliyyət həyata keçirilmiş, müvafiq beynəlxalq təşkilatlar qarşısında bu məsələ davamlı olaraq qaldırılmışdır. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Ermənistanın insan hüquqlarına ciddi təhdid yaradan mina terroru haqqında məlumat Ombudsman tərəfindən il ərzində dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmış, bəzi beynəlxalq təşkilatların həmin çağırışlara laqeyd münasibəti ölkəmizə qarşı ikili standartların açıq təzahürü kimi qiymətləndirilmişdir.

Beləliklə, İllik Məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin təhlili əks etdirilməklə yanaşı, hüquq pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun və əməkdaşlığın dərinləşdirilməsi bir daha önə çəkilir. Ümid edirəm ki, İllik Məruzə insan hüquqlarının daha effektiv müdafiəsinə, dövlət qurumları ilə ictimaiyyət arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq ruhunun gücləndirilməsinə təkan verməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunmasında sistemli və davamlı irəliləyişlərə, habelə hüquq mədəniyyətinin yüksəlməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva başda olmaqla ölkəmizin bütün qadınlarını və xanım millət vəkillərini qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, ən ülvi arzularımı bildirirəm" - deyə o, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə