"Azərbaycan xalqı özünə yaraşan tərzdə Xocalı faciəsinin intiqamını aldı" - MÜNASİBƏT BİLDİRİLDİ
"XX əsrin sonlarında dünyada gedən geosiyasi dəyişikliklər bölgəmiz üçün də ağır nəticələrlə sonlandı". Bu sözləri SİA-ya açıqlamasında AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.
Tarixçi bildirib ki, 1988-cı ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi və bu ərazi iddiaları fonunda Ermənistanın Qərb və Rusiya, SSRİ hakimiyyəti rəsmiləri tərəfindən dəstəklənməsi bölgəmizdə ağır olan vəziyyəti daha da ağırlaşdırırdı: "1988-1994-cü il hadisələrini iki mərhələyə bölmək olar: 1988-1991-ci illər, 1991-1994-cü illər. Onun birinci mərhələsini Ermənistanın passiv hərbi müdaxilə dövrü, ikinci mərhələsi isə aktiv hərbi müdaxilə dövrü kimi qiymətləndirə bilərik. Biz Xocalı soyqırımını, həmin dövrü təsvir etmək üçün bir neçə ay ərzində baş verən hadisələrə münasibət bildirməliyik. Bu baxımdan 1991-ci ildə sentyabr ayının 2-də böyük dövlətlərin və SSRİ hakimiyyəti rəsmilərinin köməyilə Yuxarı Qarabağda qondarma respublika yarandı. Bu qondarma respublikanın yaradılmasından sonra bütün hərbi birləşmələr ermənilər tərəfindən yaradılmış könüllü dəstələr koordinasiyalı şəkildə hərəkət etməyə başladı. Yuxarı Qarabağda, Xankəndidə yerləşdirilmiş 366-cı alayın köməyilə Azərbaycan kəndləri boşaldılmağa başlandı. 366-cı alayın 1985-ci ildə Xankəndiyə gətirilməsi məhz həmin məqsədi daşıyırdı. Çünki mərkəzdən qaçma meyillərinin olması və baş verəcək hadisələr haqqında SSRİ hakimiyyət dairələrində məlumatın olması və bu məqsədləri bölgələrdə münaqişə yaratmaq və mərkəzdən qaçmağın qarşını almaq üçün atılan addımlar idi ki, məhz Vazyanidən Şəmkir yaxınlığına oradan da Xankəndiyə gətirilən 366-cı alay Qarabağda öz işini görürdü. Yuxarı Qarabağda 1991-ci il sentyabr ayının 24-dən başlayaraq Azərbaycan kəndləri boşaldılmağa başlandı. Bu kəndlər boşaldılarkən yandırılırdı. Bütün bunlar, o dövr hakimiyyətinin zəruri tədbirlər görə bilməməsi əhalidə ümidsizlik yaradırdı. Xocalıda soyqırımın baş verməsinə qədər Qaradağlı soyqırımı baş vermişdi ki, həmin soyqırım haqqında Azərbaycan xalqı vaxtında məlumatlandırılmadı. Bölgədə təsirli tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi işlər aparılmadı. Xocalının mühasirəyə alınması, hər yerdən əlaqəsinin kəsilməsi vəziyyəti ağırlaşdırdı və insanlar başa düşürdülər ki, baş verən hadisələr soyqırıma aparır. Bütün bunlara bələd olduğumuz üçün bu hadisələr qaçılmaz idi.
1991-ci il dekabr ayında SSRİ rəsmən süqut etdi və öz yerini Rusiya Federasiyasına verdi. Rusiya Federasiyası müstəqil dövlətləri yenidən öz ətrafında birləşdirməyə çalışdı. Eyni zamanda 1992-ci il fevralın 14-də Minskdə kollektiv təhlükəsizlik, yəni müstəqil dövlətlərin ordularının da bir tərkibdə birləşdirilməsi üçün tədbir keçirildi. Bu tədbirdən Azərbaycanın imtina etməsi əsasən Qarabağda ermənilərə dəstək olan Moskvanın soyqırımı törətməsinə şərait yaratdı. Həmin dövrdən artıq bütün istiqamətlərdən Xocalıya gediş-gəliş kəsilmişdi. Hələ bundan əvvəl kəsilmişdi, artıq ağırlaşdı. Vertolyotlarla da oraya nəsə aparıb-gətirmək müşkül məsələ oldu. 25-dən 26-na keçən gecə hadisələr baş verdi. Xocalının mühasirəyə alınması istiqamətində heç bir yer dəqiq məlumatlandırılmadı. Bölgədə olan könüllü dəstələrdən istifadə edə bilmədi. Xocalı faciəsinin törədilməsində Ermənistan dövlətinin təşkilatçılığı ilə, eyni zamanda həmin dövrdə Moskvada olan rəhbərliklə razılaşdırılmış şəkildə addımlar atıldı. Xocalıda Xankəndində yerləşən 366-cı alay Xocalını mühasirəyə aldı. Təkcə bu alayın tərkibində 43 erməni zabit fəaliyyət göstərirdi.
Bu alay çox böyük sayda hərbi texnikanı işə salaraq Xocalı şəhərini məhv etməyə başladı. Soyqırımının bu səviyyəyə çatdırılmasını heç kim gözləmirdi. Amma bütün bunlara hazır olmaq üçün dövlət səviyyəsində tədbirlər görülməsi də mümkün olmadı. Səbəb siyasi pərakəndəlik, özbaşınalıq idi. Mühasirəyə alınan Xocalı yerlə-yeksan edildi, əhalisi soyqırıma məruz qaldı. Böyük sayda insan əsir alındı. Hətta əsir alınanlar içində bir hissəsinin ermənilərin əlində qalması çox ağır cinayətlərlə, işgəncələrlə yadda qaldı. Əsir alınanlar diri-diri yandırılır, basdırılır, maşınlara qoşularaq parça-parça olunur, doğranıb itlərə atılırdı. Müasir dövrdə, müasir texnologiyaların inkişaf etdiyi dövrdə, beynəlxalq güclərin gözü qarşısında baş verən faciəyə dünya göz yumurdu. Xocalı faciəsi baş verən zaman müəyyən çəkilişlərin olmasına baxmayaraq həmin hadisələr vaxtında işıqlandırılmadı. Xocalıda əsir alınan 1004 nəfər Ağdamda olan yerli batalyonlar, o cümlədən Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən dəyişdirildi. Qalanlar isə uzun müddət əsirlikdə qaldı, məhz edildi".
"Bir şəhərin müasir dövrdə belə məhv edilməsi tarixi cinayət idi. Bu cinayəti törətməkdə təşkilatçı olan insanların sonradan rəhbərliyə gətirilməsi onu göstərirdi ki, cinayəti törətmək və onları bu cinayətə sövq etmək təkcə Ermənistan hakimiyyəti deyildi. Ermənistanı dəstəkləyən güclər tərəfindən idarə olunurdu. Bu hadisə Azərbaycan tarixində ən ağır insanlıq cinayətlərindən biri kimi yadda qalır. Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və dramatik anlarından biridir. Azərbaycanın müstəqillik mübarizəsində böyük əhəmiyyət daşıyan, ən ağır yadda qalan, xalqımıza qarşı törədilmiş soyqırımdır. Bu faciə sonra beynəlxalq aləmdə geniş şəkildə pisləndi. Bütün bunlar Azərbaycan rəhbərliyinə tanınmış şəxsiyyətlərin, Ulu Öndər Heydər Əliyevin gəlməsindən sonra Xocalının dünyada tanıdılması, Xocalı qətliamının soyqırım olmasının dünyada tanıdılması və beynəlxalq güclər tərəfindən pislənməyə başlanması istiqamətində işlər aparıldı.
Xocalı faciəsi Azərbaycan xalqının milli yaddaşında dərin izlər buraxmışdır. Hər il fevralın 26-da Xocalı şəhidlərinin anılması ilə bağlı tədbirlər keçirilir. Bu istiqamətdə dövlətimizin apardığı tədbirlər təqdirəlayiqdir. Azərbaycan xalqı Xocalı faciəsinin dünyada tanıtdırılması üçün ildən-ilə daha keçərli, təsirli tədbirlərin həyata keçirilməsi istiqamətində işlər aparır.
Zəfər qələbəsindən sonra Xocalı intiqamı alındı. Meydanlarda alındı. Çünki Azərbaycan xalqı özünə yaraşan tərzdə Xocalı faciəsinin intiqamını aldı" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə