Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur - Vüqar Rəhimzadə
2024-cü ilin son günlərindəyik. Dövlətimizin başçısı İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa ənənəvi müraciəti cari ilin uğurlarının və qarşıdakı dövrün hədəflərinin təqdimatı olacaq. 2024-cü il öncə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri ilə yadda qaldı. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi 2024-cü ilin uğurlarının əsası oldu. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni hədəflər 14 fevral tarixində keçirilən andiçmə mərasimində bütün sahələr üzrə diqqətə çatdırıldı.
Təbii ki, hazırkı dövrün əsas hədəfləri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, hərbi gücümüzün daha da artırılmasıdır. Bu çağırışlar 2025-ci ilin dövlət büdcəsində də öz əksini tapıb. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini (8,6 milyard manat) təşkil edir. Bərpa-quruculuq işlərinə 4 milyard manat vəsait ayrılıb. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Görülən işlərin miqyası hazırda sakinlərinə qovuşan ərazilərimizin say tərkibində özünün aydın ifadəsini tapır. Bu il Laçın və Füzuli şəhərlərinin sırasına Şuşa, Xocalı və Cəbrayıl da daxil oldu. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə etdi. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra Xocalı şəhərində qısa müddətdə görülən işlər xocalılıların 28 May-Müstəqillik Günündə doğma yurd-yuvalarına qayıdışında özünün aydın ifadəsini tapır. Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə yaşayanların sayı 34 min nəfərə çatıb.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu ilin zəfər səhifələrindən biri də Qazaxın 4 kəndinin qaytarılması oldu. Dövlətimizin başçısı İlham Əliyevin iradəsi və prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbur etdi. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Ölkə Prezidenti, həmçinin uğurlarımızın təhlili əsasında belə bir reallığı da diqqətə çatdırır ki, bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi, bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.
Millət vəkili qeyd edib ki, 2024-cü il Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələrin edilməsi ilə diqqətdə oldu. Ötən ilin dekabrında dünyanın mötəbər tədbirinin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Dövlətimizin başçısı İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qəbul edilən qərarın əsasında böyük əminliklə vurğuladı ki, beynəlxalq nüfuzumuz gündən-günə artır. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar dünya ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən böyük hörmət və rəğbət, eyni zamanda, yaşıl enerjiyə keçidimizə verilən yüksək qiymət kimi dəyərləndirildi. Noyabrın 11-23 tarixlərində Bakı bütün dünyanın mərkəzinə çevrildi. COP29-a qatılmaq üçün 197 ölkədən 76 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması həm dövlətimizə, həm də dövlətimizin başçısı İlham Əliyevə böyük etimadın göstəricisi oldu. İqlim konfransında qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Azərbaycan tədbirin dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. Əldə edilən uğurlu nəticələr, COP29-un son günündə bütün tərəflərin yekdilliklə bu mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qətnamə layihəsini qəbul etmələri ölkəmizin liderliyinin bariz göstəricisidir. Dövlət başçısı İlham Əliyev tədbirdən sonra sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımında Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlığı və ev sahibliyi ilə bir daha təsdiqlədi ki, yaşıl keçidin güclü carçısıdır.
Vüqar Rəhimzadə diqqəti “Yaşıl dünya naminə həmrəylik ili”ni uğurla başa vuran Azərbaycanın “Konstitusiya və Suverenlik ili”nə qədəm qoymasına diqqəti yönəldib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildi. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə də qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin mövcudluğu Azərbaycanı böyük çətinliklərlə, təhlükələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkəmizin ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı yenidən qurdu, dövlətçiliyin əsaslarını yaratdı. Hər bir ölkənin inkişafında sabitliyin əsas faktor olduğunu önə çəkən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.
Milli Məclisin deputatı bildirib ki, son 21 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanı qalib, suverenliyi tam bərpa edilən ölkə kimi dünyaya təqdim etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. Bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını öndə saxlayaraq yeni reallıqlar şəraitində müstəqil siyasətini prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə