Atıq Ermənistan iqtisadiyyatında tənəzzül olduğu özünü göstərməkdədir. Bu tənəzzül kəskin azalmalar fonunda nəzərdən qaçmır. Hətta rəsmi statistik rəqəmlər belə kəskin azalmanı təsdiq edir. 2024-cü ilin noyabrında Ermənistan iqtisadiyyatının məhz son illərin ən zəif artım tempini nümayiş etdirməsi, xüsusən də cəmi 1,2% artım belə qeyd edilməsi Ermənistan iqtisadiyyatının hazırki ağur durumda olduğunu biruzə verir.
Azalmanın kritik həddə olduğu göz önündədir və şişirdilmiş rəsmi məlumatlar belə tənəzzülün olduğunu göstərir
Sözsüz ki, kəskin azalma xüsusilə ötən ayların “təsirli” göstəriciləri fonunda nəzərə çarpır. Hətta ekspertlərin fikrincə, ilin əvvəlindən kəskin şəkildə azalma ixrac strukturunda xüsusi çəkisi olan qiymətli metalların və daşların təkrar ixracının həcminin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir. Məsələ burasındadır ki, nə ilə əlaqələndirilməsindən asılı olmayaraq, artıq azalmanın kritik həddə olduğu göz önündədir. Rəsmi məlumatlar şişirdilsə belə, yenə də tənəzzülün olduğunu göstərir.
İşğalçı ölkədəki sənaye artımında ilkin olaraq, boş “köpük” kimi olmasına baxmayaraq, göstərilən və az qala nümayiş belə etdirilən “əlamətlər” də var idi. Amma onların, həmin “əlamətlərin” də formalaşması, sözsüz ki, 2023-cü ilin noyabrında Rusiyanın qiymətli metalları və qiymətli daşlarının təkrar ixracı sxeminin işə salınması ilə ortaya çıxmışdı. Məsələ burasındadır ki, sabun köpüyü timsalında olan nə var idisə, hamısı puça çıxdı və vəziyyətin açınacaqlı olması bəlli oldu. Həmin acınacaqlı vəziyyət 2024-cü ilin mayında Rusiya qızıl ixracı rüsumunu ləğv etdikdən sonra artıq açıq-aydın şəkildə, özü də çılpaqlığı ilə özünü göstərməyə başladı.
İqtisadiyyatın müxtəlif sektorlar üzrə ziddiyyətli tendensiyaları statistik göstəricilərin yalan, şişirdilmiş olduğunu təsdiqləyir
Ermənistanın Statistika Komitəsinin məlumatları həmin ölkədə iqtisadiyyatın müxtəlif sektorlar üzrə ziddiyyətli tendensiyalarını göstərən məlumatlardır. Qeyd olunduğu kimi, statistik göstəricilərin heç də həqiqətə uyğun olduğunu düşünmək belə mümkün deyil. Bir çox statistik göstəricilərin yalan, şişirdilmiş olduğu hər məqamda özünü biruzə verməkdədir. Tikinti 11,6%, daxili ticarət 11,5%, xidmət sektoru 10,4% artdığı barədə göstəricilər, eləcə də sənayedə 19% əhəmiyyətli azalmanın qeydə alınması da yalan məlumatlardır. Ümumiyyətlə, məlumatların, statistik göstəricilərin özləri də bir-birini təkzib edir və bununla da bizim qeyd etdiklərimiz öz təsdiqini tapır.
Statistik göstəricilər nə qədər şişirdilsə də belə, görünən odur ki, xarici ticarət göstəricilərinin pisləşməsi xüsusilə əhəmiyyətli dərəcədə olub. Ermənistanın Statistika Komitəsinin məlumatları təsdiq edir ki, noyabrda xarici ticarət dövriyyəsi 27,4% azalıb. Daha dəqiq desək, həmin dövriyyənin 1,9 milyard dollar təşkil etməsi azalmanın hansı həddə olduğunu, müvafiq dövr ilə müqaisədə kəskin azalmanı göstərir. Statistik göstəricilərdən bəlli olur ki, ixrac 35% azalaraq 752 milyon dollar, idxal isə 21,4% azalaraq 1,16 milyard dollar olub. Dünya Bankının məlumatına görə, əgər 2024-cü ilin əvvəlində qiymətli və yarımqiymətli daşların və metalların ixracının payı ölkənin ümumi ixracının 75%-ni təşkil edirdisə, sentyabrda bu rəqəm 48,5%-ə düşüb.
Mövcud durumun, kəskin azalmanın vergi yığımına da mənfi təsir göstərə biləcəyi gözlənilir
Hazırda hayların bir çoxları, daha doğrusu böyük əksəriyyəti, xüsusən də erməni əsilli iqtisadçılar kəskin azalma olduğunun fərqindədirlər. Bu azalmanı açıq-aşkar şəkildə etiraf da edirlər. Məsələn, iqtisadçı Aqasi Tavadyan maraqlı bir fakt ortaya qoyub. “Ötən ilin noyabrından o vaxtkı məmurların bəyanatına əsasən, açıq-aşkar razılaşılırdı ki, reeksportdan əldə olunan gəlirin təxminən 4%-i indi Ermənistanın dövlət büdcəsinə daxil olmalı idi. Təkrar ixrac əməliyyatlarının dayandırılması ilə bu gəlirlər də dayanıb ki, bu da müşahidə olunan azalmanın kəskinliyini qismən də olsa izah edir”, deyən iqtisadçı Tavadyan Ermənistan iqtisadiyyatında kəskin azalma ilə bağlı fikirlərini açıq-aşkar şəkildə bildirib.
Ermənistan hakimiyyəti belə iqtisadi tənəzzüllə, həmin ölkənin iqtisadiyyatında kəskin azalma ilə bağlı artıq bəzi məqamları etiraf edib. İşğalçı ölkə hakimiyyəti bu mövcud durumun vergi yığımına mənfi təsir göstərə biləcəyini də gizlətmir. Məsələn, Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan keçirdiyi son mətbuat konfransında artıq 2024-cü ildə yarım milyard dollarlıq vergi kəsirinin olduğunu etiraf etməsi özü belə çox şeydən xəbər verir. Daha dəqiq desək, bundan sonra vergi yığımı ilə bağlı vəziyyətin gözləniləndən də pis olacağı qənaəti ortaya çıxır. Beləki, maliyyə nazirinin sözlərinə görə, göstəricilərin nominal artmasına baxmayaraq, büdcənin icrası nəzərdə tutulan səviyyədən aşağı olub. Bu baxımdan hökumət maliyyə sabitliyi ilə bağlı mümkün problemlərin qarşısını almaq üçün xərcləri cilovlamalı olub. Belə çıxır ki, vergi yığımı ilə bağlı da Ermənistan üçün pozitiv fikir belə bildirmək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə