PREZİDENT İLHAM ƏLİYEV: "Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir"
Azərbaycan dünyəvi dövlətdir. Lakin dünyəvilik dini inkar etmək deyil, bu, dövlətin siyasi qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır. Dövlətin dinə münasibətində də siyasətin əsasını mənəviyyatın milli sərvətin tərkib hissəsi kimi dəyərləndirməsi təşkil edir. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə bu münasibətlər yüksək səviyyədə tənzimlənir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq mili-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində davamlı addımlar atıldığını və bunu hər kəsin qarşısında əsas vəzifə kimi qoyduğunu böyük fəxr hissi ilə qeyd edə bilərik. Ümummilli Lider Azərbaycanın gələcəyi olan gənclərdən bəhs edərkən bu məqamı xüsusi vurğulayırdı ki, onlar tariximizi, milli-mənəvi, dini dəyərlərimizi öyrənməli, inkişaf etdirməli, yad təsirlərdən qorumalıdırlar.
Təbii ki, hər bir ölkənin təqdimatında sahib olduğu ənənələr, milli-mənəvi dəyərlər əsas rol oynayır. Bu fakt da beynəlxalq səviyyədə xüsusi qeyd edilir ki, Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkədir. Azərbaycanda müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, əmin-amanlıq şəraitində yaşayır, bərabər hüquqlara malikdir.
DÖVLƏTİN DİNƏ MÜNASİBƏTİNDƏ DƏ SİYASƏTİN ƏSASINI MƏNƏVİYYATIN MİLLİ SƏRVƏTİN TƏRKİB HİSSƏSİ TƏŞKİL EDİR
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi bu gün din-dövlət münasibətlərinin uğurla inkişaf etdiyinin göstəricisidir.
"Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir",- deyən dövlət başçısı cari ilin aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Bu reallıq önə çəkildi ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. Açılış mərasimində bu statistika da diqqətə çatdırılmışdır ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər. Bu kimi mühüm addımlar ölkəmizdə din sahəsində milli kadrların hazırlanmasına xüsusi diqqət göstərildiyini təsdiqləyir.
Dünya dini liderlərinin sammitlərində daim "Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür" fikrini önə çəkən Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, bizim gücümüz birliyimizdədir, ölkədə hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır.
Məhz Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyevin dinə qayğısının nəticisidir ki, son 20 il ərzində ölkədə yüzlərlə məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Həmçinin dövlət vəsaiti hesabına onlarla məscid tikilib və ya əsaslı bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: "Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir".
MEHRİBAN XANIM ƏLİYEVANIN RƏHBƏRLİYİ İLƏ HEYDƏR ƏLİYEV FONDU MİLLİ SƏNƏT VƏ MƏDƏNİYYƏTİN MÖTƏBƏR HİMAYƏDARINA ÇEVİRMİŞDİR
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında ən böyük xidmətlərindən biri də Heydər Əliyev Fonduna məharətlə rəhbərlik etməsidir. 2004-cü ilin may ayında Prezident İlham Əliyevin və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu yaradıldı və ölkəmizin birinci xanımı bu yeni qurumun prezidenti oldu. Son illərdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən möhtəşəm mədəniyyət layihələri Heydər Əliyev Fondunu milli sənət və mədəniyyətin mötəbər himayədarına çevirmişdir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı əsasında 2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də Azərbaycanın tolerant ölkə olmasını, eyni zamanda, multikulturalizmi həyat tərzinə çevirdiyini bir daha təşdiqlədi. Həmçini, Azərbaycanın ev sahibliyi etdiyi Humanitar Forumlar, dini liderlərin sammitləri və bu kimi digər tədbirlər də deyilənlərin təsdiqidir. Bu faktı da qeyd edək ki, Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də milli-mənəvi, dini dəyərlərimizə, dilimizə, tariximizə bağlılıq fonunda görülən işlərə və əldə olunan uğurlara əsaslandı.
Bu gün Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası olduqca böyükdür. Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülüb.
Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Şamaxıdakı Cümə məscidi, Bakıdakı Bibiheybət və Təzəpir məscidləri də yüksək səviyyədə təmir edilərək inanclı insanların ibadəti üçün istifadəyə verilməsi Azərbaycanda dövlətin dinə olan qayğısının təsdiqidir.
İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZLA YANAŞI, DİGƏR BÖLGƏLƏRDƏ DƏ DİNİ ABİDƏLƏRİN BƏRPASI DİQQƏTDƏDİR
Artıq bu gün tarixə qovuşan Dağlıq münaqişəsi nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi 30 il işğal altında, bir milyondan çox soydaşımız qaçqın və məcburu köçkün vəziyyətində yaşamaqla yanaşı, yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq bu ərazilərdə tarixi və dini abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu. Tarixi saxtalaşdırmaq yolunu tutan mənfur düşmən tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə tarixi tamamilə siləcəklərinə, bu torpaqların onlara məxsusluğu barədə sərsəm düşüncələrinə dünyanı inandıracaqlarına özlərində əminlik yaratsalar da bunun mümkünsüzlüyünü çox yaxşı bilirdilər. Tarixi və dini abidələrimiz milli sərvətimiz, tariximiz, milli kimliyimizdir. Bu gün erməni vəhşilikləri barədə məlumatları bu ərazilərə gələn qonaqlara azad Qarabağımızın hər daşı, qayası, tarixi və dini abidələri verir. 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın kapitulyasıyası təsdiq edildikdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərlərinə diqqət yetirsək tarixi və dini abidələrimizin bərpası istiqamətində atılan addımların, bu istiqamətdə görülən işlərlə tanışlığın şahidi olarıq. Dövlət başçısı və birinci xanım tərəfindən Ağdam, Şuşa məscidlərinin ziyarət edilməsini, ora Quran gətirilməsini xüsusi qeyd etməliyik. Bu ərazilərdə Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası olduqca böyükdür.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ağdam, Şuşa məscidlərini ziyarət ediblər və ora Quran gətiriblər. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhər məscidi də bərpa edilən məscidlər sırasındadır. Eyni zamanda, Daşaltıda, Hadrutda yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.
Belə ki, dövlət başçısı İlham Əliyevin "Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür.
Bir sözlə bütün bu görülən işlər bir daşa onu göstərir ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənir, Azərbaycanın tolerant ölkə olduğunu, tarixi və dini abidələrimizin qorunmasının prioritetliyini bir daha təsdiqləyərək bu işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyimizi ifadə edirik. Çünki Azərbaycan demokratik, hüquqi, dünyəvi, ənənələri olan dövlətdir.
Beləliklə, dövlətimizin başçısı milli mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verir.
Bu yerdə qeyd edək ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident İslam dininin müqəddəs mərkəzi hesab edilən Məkkəni ziyarət etməklə, həm də şəxsi zəmində İslam dininə münasibətdə vacib nümunə göstərib. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev öz çıxışlarının birində Həcc ziyarəti zamanı müqəddəs Kəbədə etdiyi birinci duasının torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar olduğunu bildirdi. Bütün bunlar Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dinə olan diqqəti və qayğısının bariz təcəssümüdür.
Dövlət başçımızın dediyi kimi: "Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə