Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə Azərbaycan-Tacikistan əlaqələri TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk"
"Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir".
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Emoməli Rəhmonun rəhbərliyi altında Tacikistanın hərtərəfli inkişaf və sosial-iqtisadi yüksəliş yolu ilə inamla addımlayaraq beynəlxalq aləmdə yüksək nüfuz qazandığını qeyd edən Azərbaycan Prezidenti bildirib: "Bu ilin mayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin tarixində yeni səhifə açmış, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir".
Dövlətimizin başçısı, həmçinin əmin olduğunu bildirib ki, həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər əsnasında əlaqələrimizin gələcək fəaliyyət istiqamətlərinə dair əldə edilən razılaşmalar dövlətlərarası əməkdaşlığın yeni məzmunla zənginləşməsinə, qardaş xalqlarımız arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ölkələrimizin, bütövlükdə regionun davamlı inkişafına və rifahına töhfələr verəcək.
AZƏRBAYCAN-TACİKİSTAN ƏLAQƏLƏRİ TARİXİ KÖKLƏRƏ DAYANIR
Bu gün 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Xüsusilə, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur və Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: "Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməliyik".
SƏMİMİ DOSTLUQ MÜNASİBƏTLƏRİ DÖVLƏT BAŞÇILARININ QARŞILIQLI SƏFƏRLƏRİNİN İNTENSİVLİYİNDƏ VƏ MƏHSULDARLIĞINDA ÖZÜNÜ GÖSTƏRİR
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur. Hər iki dövlətin rəhbərləri arasında yüksək səviyyəli görüşlərin keçirilməsi normal siyasi münasibətlərin qurulması üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir. Təbii ki, əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da və sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.
Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. İki ölkə arasında imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir.
Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Dövlət başçımızın söylədiyi kimi: "Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə