LAÇIN: bir güllə atmadan azad edilən yurd yerimiz

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yeni bir qürur hissi yaşadıq. Çünki Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Biz illər, əsrlər sonra da bu şanlı Zəfərin qürurunu yaşayacağıq. Bu qüruru ərazilərimizin işğaldan azad olunduğu tarixlərlə qeyd etməyimiz isə haqqımızdır. Çünki 30 ildə həmin o torpaqların, o şəhərlərin işğalından yetərincə bəhs etmişik, kədərlənib-hiddətlənmişik, ağlayıb-sızlamışıq, köks ötürmüşük. İndi isə o şəhərlərin sevincini yaşamalı, bu şanlı tarixi günləri tariximizin ön səhifələrinə yazmalıyıq.

Laçın azad olunan gün...

Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

2020-ci ilin həmin gününü- dekabr ayının 1-ni qürurla xatırlayırıq. Dövlətimizin başçısı yenə xalqa müraciət edirdi: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Laçın rayonu 2020-ci ilin 1 dekabr tarixində ölkəmizə təhvil verilsə də, şəhərin özü və bəzi kəndlər 2022-ci ilin 26 avqust tarixində Azərbaycanın nəzarətinə keçib. Prezident İlham Əliyev bu tarixi hadisəni Laçın şəhəri günü elan etməklə əbədiləşdirib. Bununla da Laçının tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi prosesi başa çatıb.

Budur, artıq 26 avqustu artıq ikinci ildir ki, Laçın şəhəri günü kimi qeyd edirik. Hər il bu təqvimin bu günü Laçından-onun dünənindən, bu günündən qürurla yazacağıq.

Böyük səhvin qurbanı olan 30 il...

1992-ci ildə Laçın Ermənistan ordusu tərəfindən işğal olunanda da dövlət də var idi, xalq da. Xalq elə bugünkü xalq idi: qəhrəman, cəsarətli, qorxmaz, igid, vətənpərvər oğullar yetişdirən xalq. Lakin Azərbaycan dövlətinin ozamankı rəhbərliyi tam fərqli idi. Hakimiyyət uğrunda mübarizədən başqa heç nəyi ilə yadda qalmayan AXC-Müsavat cütlüyü bu xalqı şəxsi mənafelərinin qurbanına çevirmişdi. Onlara əbədi masa təklif edən böyük qardaşlarına elə canı-dildən inanmışdılar ki, bunun üçün bütün ölkəni, xalqı qurban verməyə hazır idilər. Elə qurban da verdilər.

Azərbaycanın baş tacı olan Qarabağ onların vəzifə hərisliyinin qurbanı oldu. Xalq öz ata-baba yurdunu, əbədi torpaqlarını müdafiəyə qalxdı. Minlərlə oğul və qızımızı şəhid verdik. Minlərlə övladımız cəbhədən sağlamlığını itirərək qayıtdı. Lakin nəticə etibarilə ərazi bütövlüyümüz pozuldu, torpaqlarımızın 20 faizdən çoxu planlı şəkildə ermənilərə verildi.

Heç bir texnikası, silah-sursatı olmayan əliyalın xalq son anadək erməninin qarşısına çıxdı. Canından keçəcəyini, lakin torpağından keçməyəcəyini bildirdi. Lakin torpaqlar satılmışdı. Ermənilərə ərazilərimizə girmək üçün ən optimal yollar göstərilmişdi. Bu səbəbdən də minlərlə şəhid versək də, torpaqlarımızı qurtara bilmədik.

1992-ci ildə edilən böyük səhvin əzablarını düz 30 ilə yaxın bir dövrdə yaşadıq. Biz məcburi qaçqın, köçkünlərimizlə acınacaqlı bir tale yaşamalı olduq. Ölkə iqtisadiyyatını çökdürən ozamankı hakimiyyət Qarabağın işğalı ilə dövlətə dəyəri milyonlarla ölçülən ziyan vurdu. Azərbaycan uzun illər bu zərərlərin aradan qaldırılmasına çalışdı. AXC-Müsavat cütlüyünün səhvinin aradan qaldırılması, torpaqlarımızın düşməndən geri alınması, ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə illərlə mübarizə aparıldı. Bu, elə də asan məsələ deyildi...

Öncə iqtisadiyyat, sonra ordu, daha sonra torpaqlar...

Azərbaycan çökmüş iqtisadiyyatı fonunda nə milli ordunun yaradılmasına, nə də torpaqların geri alınmasına nail ola bilərdi. Ölkə rifah halı aşağı səviyyədə olan xalqın, üstəlik doğma ev-eşiyindən didərgin salınmış minlərlə məcburi köçkünün problemləri ilə üz-üzə qalmışdı.

Belə bir dövrdə Ümummilli Liderimiz Heydər Əliyev 20 yanvar 1990-cı ildə sovet imperiyasının Azərbaycanda törətdiyi qanlı faciədən sonra Moskvadan ölkəmizə qayıtdı. Ozamankı hakimiyyət vurğunları pis xisləti ilə Onun Bakıda yaşamasına qarşı çıxdı. Belə olanda isə Ulu Öndər doğulduğu Naxçıvana qayıtmalı oldu. Və qayıtmasaydı, Naxçıvan da 90-cı illərin işğal planının qurbanı olacaqdı. Çünki 20 Yanvar hadisəsi fikirləri özünə yönəltməklə məhz Naxçıvanın işğalı üçün həyata keçirilmişdi.

Lakin Ulu Öndər naxçıvanlılarla birlikdə Naxçıvanı qorudu. Hələ üstəlik Azərbaycanın müstəqilliyi üçün addımlar da məhz Naxçıvandan başlandı. Xalqın təkidi ilə hakimiyyətə dəvət olunan böyük şəxsiyyət Azərbaycanın çox ağır günlərində bu vəzifəni öhdəsinə götürdü. Tarix də, zaman da sübut etdi ki, Azərbaycanı o ağır vəziyyətdən yalnız Ulu Öndər xilas edə bilərdi.

Heydər Əliyev dövründə bütün mürtəce qüvvələr hakimiyyətdən uzaqlaşdırıldı. Onların ölkənin müxtəlif ərazilərində həyata keçirmək istədikləri qarşıdurmaların qarşısı alındı. Ölkə iqtisadiyyatı dirçəlməyə başladı. Bu zaman milli ordunun da yaradılması reallaşdı.

Ulu Öndər Azərbaycanda elə bir idarəetmə sistemi tətbiq etdi ki, bununla ölkəmiz qısa zaman ərzində hərtərəfli inkişafa qədəm qoydu. Bütün dünya Azərbaycanı tanıdı. İqtisadi müqavilələr ölkənin gələcək inkişaf xəttini müəyyənləşdirdi.1993-2003-cü illərin hər anında Ulu Öndərimiz bütün çıxışlarında, səfərləri zamanı Qarabağın Azərbaycanın əzəli torpağı olmasından bəhs edir və bu torpaqların bir gün azad ediləcəyini bildirirdi. Ermənistanı dəfələrlə sülhə dəvət edir, dünyanı bu problemin həllinə çağırırdı. Lakin Ermənistan danışıqlara gəlmir, dünya isə susmaq mövqeyində dayanırdı.

Ulu Öndərin arzusunda olduğu, lakin ömrün vəfasızlığından reallaşdıra bilmədiyi məsələlərin hər birini dövlətimizin başçısı cənab İlham Əliyev böyük uzaqgörənliklə həyata keçirdi. 2020-ci ilə qədər ötən 17 illik fəaliyyəti dövründə ölkənin hərtərəfli inkişafı ilə Qarabağın azad olunması məsələsi paralel şəkildə aparıldı. Qısa zamanda ölkə iqtisadiyyatı gücləndi, milli ordu quruculuğu sürətlə həyata keçirildi. Ordu quruculuğuna ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən artıq oldu.

Dövlətimizin başçısı bütün dünyanı Ermənistan-Azərbaycan probleminin sülh yolu ilə həllinə çağırdı. Dünyanın ən mötəbər kürsülərindən Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu tarixi reallıqlarla sübut edərək erməniləri susdurdu. Bütün dünyaya haqlı olduğumuzu sübut etdi.

2020-ci ilədək xalqa yeni il və digər bayramlarla bağlı müraciətlərində, səfərləri zamanı çıxışlarında Qarabağın ya danışıqlar yolu, ya da hərb yolu ilə bir gün alınacağını qətiyyətlə söylədi. Bütün bunlar isə xalqda inam yaratdı. Dövlət-xalq birliyi də məhz bu kimi proseslərdən sonra formalaşır. Xalq heç vaxt inanmadığı dövlət rəhbəri ilə həmrəy ola bilmir. Bunu AXC-Müsavat cütlüyünün Azərbaycana rəhbərliyi illərində gördük.

Lakin xalq cənab İlham Əliyevin ətrafında birləşdi. Çünki açıqca gördü ki, Azərbaycanı yox olmaq təhlükəsindən Ümummilli Lider Heydər Əliyev və onun siyasi varisi cənab İlham Əliyev qurtardı.

2020-ci il, 27 sentyabr

Dövlətimizin başçısının vəd verdiyi o gün gəlib çatmışdı. 27 sentyabr 2020-ci il. Bu zaman Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyildi. Azərbaycan böyük iqtisadi gücə malik, dünyanın tanıdığı, hesablaşdığı, güclü milli ordusu olan, vətənpərvər gənclərə, xüsusilə də dövlət-xalq birliyi əsasında formalaşan həmrəyliyə malik bir ölkə idi.

Ermənistan isə 30 il əvvəlki təfəkkürdə qalmış bir ölkə idi. O, hələ də "böyük Ermənistan" xülyası ilə yaşayır, qeyri-sağlam təfəkkürü ilə Azərbaycanın gücünü görə bilmirdi. Bu səbəbdən də yeni torpaqlar işğal etmək arzusu ilə meydana atılmışdı. Elə İkinci Vətən müharibəsinin başlanma səbəbi də bu oldu. Yadımdadır, dövlətimizin başçısı 27 sentyabrda səhər saatlarında xalqa müraciət edəndə də bunu vurğulamışdı. Ermənilərin yeni torpaqlara iştahlandığını, lakin bunun son olduğunu bildirmişdi.

Beləliklə, 27 sentyabr 2020-ci ildə Ermənistanın 30 illik əməllərinə son qoymaq üçün müharibəyə başladıq. Elə müharibənin ilk günləri Prezident İlham Əliyev bir neçə yüksəklik və kəndlərin geri alındığı müjdəsini verdi. Bu gündən həmin 44 günə nəzər salanda adamın ürəyi qürurla dolur. Hər kəs təsdiq edər ki, Azərbaycanda dövlət-xalq birliyi həmin günlərdəki qədər möhkəm, eyni zamanda xoş duyğularla dolu olmamışdı.

Dövlətimizin başçısının çağırışı ilə bütün xalq ayağa qalxmışdı. Hamı könüllü şəkildə cəbhəyə yollanmaq istəyirdi. Səfərbərlik idarələrinin qarşısı insanla dolu idi. Hər gün televiziya vasitəsilə hadisələri izləyir, "dövlət başçısının müraciəti olacaq" xəbərini alan kimi yenə müjdəli xəbər eşidəcəyimizə əmin olurduq. Beləliklə, 44 gün ərzində Prezidentimiz dəfələrlə xalqa müraciət etdi və ərazilərimizin işğaldan azad olunduğu xəbərlərini xalqına verdi.

Erməni ordusunun məhvi, 30 ildə yaratdıqları keçilməz müdafiə istehkamlarının yerlə yeksan edilməsi, onların Azərbaycan haqqında köhnə fikirlərinin alt-üst olması, hər gün bir qədər geri çəkilmələri, Azərbaycan ordusu qarşısında tab gətirə bilməmələri və müharibənin 44-cü günü Şuşanın azad olunmasından sonra məğlubiyyətlərini dərk edib kapitulyasiyaya gəlmələri bütün dünyaya xalqımızın gücünü, həmrəyliyini, dövlət başçısı, dəmir yumruq ətrafında sıx birləşməyimizi göstərdi. Dünya da bunu heyranlıqla qarşıladı. Dünənədək susanlar bu dəfə münasibətlərini bildirməyə başladı...

44 gün sonra müharibə bitdi. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatla Laçın, Kəlbəcər və Ağdam boşaldılmalı və Azərbaycana təhvil verilməli idi. Artıq dekabr ayının 1-də Laçın 30 ildən sonra anası Azərbaycana qovuşdu. Bu müjdəli xəbəri də ölkəmizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevdən aldıq: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Laçına Qayıdış-qürur üzərinə qürur

Müharibənin Zəfərlə bitməsi xalqımıza böyük qürur hissi yaşatdı. O gündən bu günə kimi isə onlarla belə qürurlu anlar yaşamışıq. Qürurlu anlardan birini də may ayının 28-də, Laçın 31 il sonra doğma sakinlərini qoynuna alanda yaşadıq.

Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışı böyük tarixi faktlar toplusudur. Kəlmə-kəlmə dinlədiyimiz dəyərli fikirlər bizi yenidən 44 günə apardı. Lakin burada bir fərq vardı. Biz artıq bu fikirləri Ermənistan üzərində tam qələbəni qazanmış müzəffər Ali Baş Komandandan dinləyirdik.

Prezident evlərin açarlarını Laçın sakinlərinə təqdim etdi və dedi: Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.

Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

Dövlətimizin başçısı daha sonra vurğuladı: Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Salanan məsələlərin əksəriyyəti artıq Laçında öz həllini tapıb. Laçın şəhərinə bu günədək mi 493 ailə (1 838 nəfər), Laçın rayonunun Zabux kəndinə cəmi 217 ailə (823 nəfər) köçürülüb. Onlar vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

Laçın-cənnətin təsviri...

Torpaq şərəf, namusdur. Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə milli ordumuzun sayəsində tarixi torpaqlarına qovuşdu və illərlə üzünə vurulan "sizin də torpaqlarınız erməni işğalı altındadır" töhmətindən azad oldu. Eyni zamanda namus və şərəf məsələsini həll etdi.

Həqiqətən bir sərkərdə üçün xalqına itirdiyi torpağı azad edib qaytarmaqdan böyük xoşbəxtlik ola bilməz. Bu xoşbəxtlik Heydər Əliyev siyasətinin davamçısı, Ulu Öndərin siyasi və mənəvi varisi, ata vəsiyyətini böyük qətiyyətlə yerinə yetirən cənab İlham Əliyevə nəsib oldu. Tarix 1990-cı illərdə torpaqlarımızı satanları öz qara səhifələrinə yazdı. 2020-ci ildə həmin torpaqları böyük əzmlə geri alanları isə ən parlaq səhifələrinə həkk etdi. Bundan böyük səadət ola bilməz ki, bir xalqın tarixində əbədiyyən yaşayasan.

Qədim Laçın və yurdun əzəli sakinləri bu gün yurdlarının azadlığı, bərpası və artıq Böyük Qayıdışa başladıqları üçün müzəffər Ali Baş Komandana minnətdardırlar. Onlar cənnət-məkan ata-baba torpaqlarının, doğma ev-eşiklərinin artıq əbədi sakinləridir.

Sakinlərlə görüşündə dövlətimizin başçısının daha bir dəyərli fikri isə Laçının gözəlliyini xarakterizə edir: Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Günün mübarək, Laçın! Cənnətin təsviri olaraq hələ qarşıda bütün sakinlərini qarşıladıqca daha gözəl görünəcəksən. Çünki yurd yurddaşı ilə həqiqətən bir cənnətdir...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə