Şuşada keçirilən sammitin doğurduğu REZONANS –TƏHLİL

Türk dünyası üçün olduqca vacib, olduqca əhəmiyyətli olan tədbirin, Şuşada keçirilən qeyri-rəsmi sammitin Avropada böyük bir “silkələnmə” yaratması diqqətdən yayınan deyil. Şuşada keçirilən sammitin Brüsseli “coşdurması” avropalı bürokratların ədalətsizliklərini, türkofob olduqlarını, türk dövlətlərinin birliyini qısqanclıqla qarşıladıqlarını, həzm edə bilmədiklərini növbəti dəfə təsdiq etdi. Əks halda, Türk Dövlətləri Təşkilatının məhz Şuşada qeyri-rəsmi sammitdə toplaşması Avropada bu boyda rezonans doğurmazdı.

Borrelin bəyanatı ədalətsizliyin, ikiüzlülüyün, rüsvayçılığın əsl nümunəsidir

Türk dünyası əleyhinə fəaliyyət göstərməkdə, islamofob davranışlarda Avropa olduca “aktiv” olduğunu dəfələrlə sərgiləyib. Hər zaman antitürk, eləcə də İslam əleyhinə mövqeyi ilə Avropa İttifaqı seçilib. Bunu bir çox avropalı diplomatların fikirlərində, bəyanatlarında görmək çətin deyil. Məsələn, Şuşada keçirilən qeyri-rəsmi sammit ilə bağlı Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin son bəyanatı bir daha təsdiq edir ki, türk dövlətlərinin bir araya gəlməsi, elə məhz onun özünün timsalında bəzi avropalı diplomatları qətiyən nane etmir, əksinə, narahat edir. Onun həmin bəyanatda ifadə etdikləri həqiqətən də ikiüzlülüyün əsl nümunəsi olaraq qəbul olunmalıdır. Xüsusən də onun, görüşün məhz BMT Nizamnaməsinə güclü dəstək ifadə edilməsi faktına zidd olması fikri Avropa diplomatiyasının rəhbəri üçün də, elə Avropanın özü üçün də çox böyük bir rüsvayçılıqdır. Buna artıq ədalətsizlik də yox, ikiüzlülük və rüsvayçılıq demək daha doğru səslənir. Çünki həqiqətləri bilməyən yoxdur və Borrel nə qədər özünü bilməməzliyə, qanmazlığa vursa da, kənardan çox biabırçı, çox gülünc görünür və belə bir görüntünün özü də elə onun və təmsil etdiyi qurumun ikiüzlülüyünü ifşa edir.

Separatizmi dövlət siyasəti olaraq türk dövlətləri yox, məhz ermənilər, Ermənistan dövləti qəbul edib

Cozep Borrelə bir sıra həqiqətləri xatırlatmaq, bəzi məsələləri, əsl həqiqətləri onun üzünə demək gərəkir ki, özünü davamlı şəkildə bilməməzliyə, qanmazlığa vurmaq istədikdə ikiüzlülüyünə özünün də şübhəsi olmasın. Separatizmdən danışan Borrel bunun kimlərə məxsis olduğunu dərk etmir, yoxsa məhz erməni separatizmi, erməni işğalçılığı nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qaldığını bilmir? Bilir, amma özünü bilməməzliyə vurur və ona görə də bunu ona xatırlatmağın zamanı olduğu qənaətindəyik. Zənn edirik ki, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı BMT-nin dörd qətnaməsinin olduğunu və həmin qətamələrin ermənilər tərəfindən yerinə yetirilmədiyini də Avropa diplomatiyasının rəhbərinin yadına salmaq lazımdır. Əks halda, həmin Borrel birdən başa düşə bilməz ki, BMT kimi mötəbər bir beynəlxalq qurum, məhz erməni işğalçı qüvvələrinin, özü də Azərbaycan ərazisindən çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Xatırlatmasaq birdən onu da başa düşə bilməz ki, həmin mötbət beynəlxalq qurumun qətnamələrinə də onillər boyu məhz Ermənistan tərəfi məhəl qoymayıb və bununla da separatizmə, terrorçuluğa, işğalçılığa rəvac verib. Yəni, həqiqətən də kimə isə, xüusən də o yekəlikdə Avropanın Borrel kimi bir diplomatına belə xatırlatmalar etməsək, guya qanmır ki, separatizmi, terrorçuluğu, işğalçılığı dövlət siyasəti olaraq türk dövlətləri yox, məhz ermənilər, Ermənistan dövləti qəbul edib? Qanır, amma özünü qanmazlığa vurub. Çünki ancaq son dərəcə qanmaz olmaq lazım gəlir ki, öz ata-baba yurdlarından zorla qovulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün 30 il müddətində yurd-yuvasından ayrı yaşadığını bilməmək olsun. İndi utanmadan separatizm deyə bağıraraq, guya həyəcan təbili çalmağa çalışan Cozep Borrel mina terrorundan da xəbərsizdir? Qətiyyən xəbərsiz ola bilməz, çünki Ermənistan tərəfinin basdırdığı və mülki Azərbaycan əhalisi üçün olan mina təhlükəsi barədə bilməyən yoxdur. Bilməyən yoxdur ki, basdırılan və xəritələri verilməyən həmin minalar artıq yüzlərlə Azərbaycan vətəndaşının faciəsi ilə nəticələnib. Bəlkə ikiüzlülüklə və həyasızlıqla onu da demək istəyir ki, bir-birinin ardınca həmvətənlərimizin həyatına son qoyan, bəzilərinin sağlamlığını əlindən alan, şikəst edən minaları da özümüz basdırmışıq? Bu, həyasızlığın, simasızlığın son həddi olardı və ümid edirik ki, Borrel və onun timsalında avropalı diplomatlar bu qədər, belə bir fikri ifadə edəcək qədər simasızlıq, həyasızlıq etməzlər.

Əsl həqiqətlər kimləri isə qətiyyən maraqlandırmır

Mələsə burasındadır ki, antiazərbaycan, antitürk çılğınlığı, türk dövlətlərinə qarşı antipatiyası, ədalətsizliyi və ikiüzlülüyü səbəbindən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin sadəcə olaraq, tarixi həqiqətləri etiraf etmək kimi bir niyyətinin olmadığı gərhal görünür. Belə bir mövqe təkcə Borrelin deyil, əfsus ki, bir çox diplomatların və beynəlxalq qurumların da fəaliyyətində özünü göstərir. Tarixi faktlara nəzər saldıqda buna bir daha əmin oluruq. Məsələn, 2011-ci ildə Avropa Parlamenti özünün növbəti antiazərbaycan qətnaməsi ilə deputatlara məhz tanınmamış bir dövlətdə “de-fakto hakimiyyətlərlə əlaqə yaratmaq”, yəni, Xankəndidəki cinayətkar rejimlə, özlərini qondarma şəkildə rəhbər elan edən marionetlərlə əlaqə yaratmaq çağırışı edib. Bundan sonra 2014-cü ildə Avropa Parlamentinin üzvü olan Fernandez özünün Qarabağ bölgəsinə qeyri-qanuni səfərindən sonra jurnalistlərlə görüşü zamanı, qondarma olan və tanınmamış marionet rejiminin Xankəndidə möhkəmləndiyini bildirib. “DQR” beynəlxalq ictimaiyyət tərəfindən inkişaf etmiş kimi tanınmalı olan ölkələr sırasındadır”, - deyən həmin Frnandez hələ utanmadan da, DQR adlı qondarma bir qurumun öz müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına nail olacağına əminliyini ifadə edib. O, hətta Avropa İttifaqının bu məsələdə vahid mövqeyinin olmalı olduğunu da utanmazcasına bildirib.

Bunun ardınca, 2016-cı ildə Avropa Parlamentinin üzvü Frank Engelin İrəvandakı çıxışı, avropalı parlamentarilər tərəfindən qondarma “Dağlıq Qarabağın müstəqilliyi”nin tanınması məsələsini qaldırması da yaddan çıxmayıb. Eləcə də 2017-ci ildə Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetinanın “Avropa dövlətlərinin” bu istiqamətdə ilk addımı atmasının zəruriliyini bildirərək, “Artsaxın tanınması prosesi”nə başlamağın vaxtının çatdığını elan etməsini də xatırlayırıq. Həmçinin, Avropa Parlamentinin plenar iclasında Lüksemburqdan olan deputatın “Azərbaycanın təcavüzkar olaraq qaldığını” deməsi, sonra da regiondakı problemlərin həllinin yeganə yolunun məhz qondarma “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” olduğunu bildirməsini də unutmamışıq. Əslində, belə görünür ki, avropalı bəzi diplomatlar, eləcə də beynəlxalq qurumlar kimin işğalçı olması, kimin öz qonşusunun ərazisini zəbt etməsi barədə həqiqətləri heç qəbul belə etmək istəmir. Əka halda, qəbul olunan beynəlxalq normalara da olsa həmin diplomatların ən azından məhəl qoymasının şahidi olardıq. Yaxud, görərdik ki, beynəlxalq qanunlara, normalara məhəl qoymayanlar, həqiqətləri təkzib edənlər ən azından qəzəbə də olsa, tuş gəliblər. Amma təəssüf ki, hələ də biz bunun şahidi olmamışıq. Deməli, əsl həqəqətlər kimləri isə qətiyyən maraqlandırmır və ümumiyyətlə, türk dövlətləri ilə bağlı reallıqları, onların birliyini, inkişafının dinamik olduğunu etiraf etməkdə bir çoxları çətinlik çəkirlər. Hətta qısqanclıqla yanaşırlar və onların bu yanaşmaları hər dəfə əks mövqe sərgiləyən rezonansla müşaiyət olunur. Belə görünür ki, avropalı parlamentarilər sadəcə erməni separatizminə məhəl qoymamaqla və beynəlxalq hüququn da Ermənistan tərəfindən pozulması məqamında bunu görməməzliyə vurmaqla sakitləşmirlər və üstəlik işğala məruz qalanı işğal faktında günahlandırmağı, türk dövlətlərinin birliyini qəbul etməməyi özlərinə rəva bilirlər ki, bu da uğurlarımızın əks-səda, silkələnmə, rezonans törətməsi deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə