ABŞ və Avropanın Qarabağdaki sülhə baxışı - TƏHLİL

Hərbi əməliyyatların bitdiyi Qafqaz hazırda müxtəlif siyasi mərkəzlərin təzyiqi altındadır. Qeyd etmək lazımdır ki, sülh danışıqları bəhanəsi ilə keçirilən diplomatik səfərlər, telefon zəngləri əslində sülhə yox fərqli siyasi maraqlara da hesablana bilər. Belə ki, bu tip güc mərkəzləri sadəcə sülhün pozitiv nəticələri ilə deyil, həm də imzalanacaq müqavilənin onların maraqlarına uyğun olub-olmaması ilə də maraqlanır. Eyni zamanda onlar dərk edirlər ki, Qafqazda tamamilə sönmüş münaqişə ocağı, onların bölgədəki təsir rıçaqlarını xeyli zəiflədəcək. Buna görə də artıq sülhün bağlanacağından tam əmin olan supergüclər əl-ayağa düşür və danışıqlar adı altında yeni təsir vasitələri və rıçaqlar axtarırlar. Digər tərəfdən supergüclər bilirlər ki, son sülh danışıqları prosesində iştirak, onların Qarabağ məsələsində hegemon qərarverici kimi son rəqsləridir. Bu məqamda potensial sülhün tərəfləri olan Azərbaycan və Ermənistan bu supergüclərdən birinin artıq öz supergüc statusunu çoxdan itirdiyini (Rusiya), digərinin isə başının kifayət qədər qarışıq olduğunu nəzərə alaraq sürətli addımlar atmalıdır. Əks halda gecikən işə şeytan qarışa bilər. Belə ki, bəzi atalar sözlərimiz siyasi sferada əksinə işləyir. Çünki əcdadlarımızın xarakteri kirli siyasi oyunlardan və kələkbazlıqdan uzaq olub. Amma günümüzdə Azərbaycan dövlətinin siyasəti öz mərd dəsti-xəttində qalaraq mövcud siyasi sistemlə ayaqlaşa bilir. Digər tərəfdən Ermənistan tərəfi də anlayır ki, bu sülh onun yararınadır və bir mümkün qədər tez imzalanmalıdır.

Günümüz qlobal dünyasının sürətlənən siyasi prosesləri getdikcə daha gözlənilməz və təhlükəli situasiyalar yaradır. Avropa parlamentinə seçkilərdən sonra siyasi sferası sağa doğru meyillənən Avropa bunun əsas göstəricisidir. Bu vəziyyətin də Azərbaycan və Ermənistan arasında sülh prosesinə mümkün təsirləri kifayət qədər mürəkkəbdir. Bununla belə, bir neçə mümkün ssenarini proqnozlaşdıra və nəzərdən keçirə bilərik.

İlk növbədə belə bir vəziyyətdə diplomatik münasibətlərdə və dialoqda mühüm fərqlərin olacağını deyə bilərik. Belə ki, Avropada siyasi balansların dəyişməsi Azərbaycan və Ermənistanın Avropa ölkələri ilə münasibətlərinə təsir göstərəcəyi dəqiqdir. Xüsusən də ifrat sağın yüksəlişi bəzi ölkələrin bu regiondakı məsələlərə fərqli prizmadan yanaşmasına və ya bu münasibətlərdə dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən sağ meyilli partiyaların xristian kimliklərinə daha bağlı olduğunu düşünsək Ermənistandakı dinçi və radikal milliyyətçi revanşistlərin yeni havadarlar tapa biləcəyini də proqnozlaşdıra bilərik. Avropada olan siyasi dəyişikliklərdən sonra bu ölkələrin Azərbaycan-Ermənistan münaqişəsinə mövqeyi və sülh prosesində vasitəçilik töhfələri müəyyən qədər dəyişəcək. Lakin sağa meyillənmiş Avropa ölkələrinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə birbaşa təsirini qiymətləndirmək üçün daha konkret məlumatlara yəni daha uzun zamana ehtiyac var. Belə ki, bu prosesin mürəkkəbliyi və müxtəlif amillərin təsiri səbəbindən Avropadakı siyasi dəyişikliklərin dəqiq təsirləri zaman keçdikcə daha aydın görünə bilər.

ABŞ-nin keçən günlərdə xarici işlər nazirinin Avropa və Avrasiya məsələləri üzrə müavinini Ermənistana səfərə göndərməsi ikili standartların digər bir nümunəsidir. Ermənistanı Rusiyanın təsirindən qorumaq səylərinin arxasında əsl məqsədlərin nə olduğu və bu səylərin regionda sabitliyə necə töhfə verə biləcəyi ilə bağlı suallar doğurur. Xüsusilə ABŞ-ın regiona diplomatik səfərləri, sülh prosesinə baxışı bu fəaliyyətlərin arxasında hansı maraqların durduğuna diqqət çəkir.

Bundan əlavə, Rusiyanın regionda artan nüfuzu və sülh prosesinə müsbət yanaşması ABŞ-ın bu məsələ ilə bağlı siyasətini daha da aktuallaşdırır. Xüsusilə, Rusiyanın Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi etməsi və bu prosesə fəal töhfə verməsi regiondakı siyasi dinamikaya əhəmiyyətli dərəcədə təsir edir. Xarici işlər nazirinin Ermənistana səfərindən sonra görünən odur ki, ABŞ-ın regiondakı rolu və siyasəti Azərbaycan-Ermənistan sülh prosesinə əhəmiyyətli təsir göstərə bilər. Ancaq bu siyasi gedişlərin həqiqətən sülh və sabitliyə kömək edib-etməməsi zamanla aydınlaşacaq. Bundan əlavə, Rusiyanın regionda yenidən nüfuzunu artırmaq istəməsi və buna müəyyən qədər nail olması, ABŞ-ın bölgədəki təsir dairəsini yenidən qiymətləndirməli olduğumuzu göstərir. Digər tərəfdən xarici işlər nazirinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayenin hələ Bakıda olmaması ABŞ-ın Cənubi Qafqazdakı mövqeyi və regiondaki sülh prosesinə marağı ilə bağlı ciddi suallar yaradır. Azərbaycanın qalib tərəf və regional güc kimi çıxış etdiyi sülh prosesində ABŞ-nin Bakı səfərini qaçırması onun regiondakı maraqlarını və öhdəliklərini də sual altına qoyur.

Belə ki, Ermənistanda olan heyyətin Bakıya baş çəkməməsi ABŞ-nin regionda sülh prosesinə sadiqliyini və ciddiliyini şübhə altına alaraq ABŞ-ın regionda təsirinin zəiflədiyinə işarə ola bilər. Bəlkə də hegemoniyası zəifləməkdə olan ABŞ artıq öz tənəzzülünü qəbul edib və daha kiçik hədəflər üçün cəhd edir. Yəni ABŞ bu heyyəti sadəcə Ermənistana göndərməklə Ermənistandakı təsir dairəsini möhkəmləndirməklə kifayətlənir. Bu vəziyyət onu göstərir ki, biz ABŞ-nin Cənubi Qafqazdakı siyasətini və yanaşmasını yenidən nəzərdən keçirməliyik. Beləliklə bu vəziyyət təkcə cənubi Qafqazda deyil, dünyanın hər yerində ABŞ-nin effektiv roluna inamını sarsıdan və bu regionların dinamikasına təsir göstərə biləcək mərhələ kimi qiymətləndirilə bilər.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə