Tarixi səfər və AÇILAN YENİ ÜFÜQLƏR - TƏHLİL

Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin Misirə rəsmi səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləməklə yanaşı, əməkdaşlıq üçün yeni üfüqlər açan səfər olaraq yadda qaldı. Sözsüz ki, Azərbaycanla Misir arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, eləcə də müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından bu səfərin əhəmiyyəti danılmazdır. Keçirilən görüşlərin, aparılan danışıqların da məhz Qahirə və Bakı arasındakı əməkdaşlığın daha da dərinləşməsi üçün əsaslı zəmin yaratdığı da təkzib edilə bilməz və ona görə də bu dəfəki tarixi səfərin yeni üfüqlər açdığı günümüzün reallığıdır.

Ölkələrimiz arasında əlaqələrin tarixi dərindir və əlaqələrin daha da möhkəmləndirilməsi, genişləndirilməsi zəruridir

Diqqətə çatdıraq ki, ölkələrimiz arasında, yəni Azərbaycanla Misir arasında münasibətlər heç də son günlər, yaxud son illər yaranmayıb və iki ölkə arasında olan münasibətlərin tarixi kökləri var. Hələ Sovet İttifaqının mövcud olduğu dönəmdə belə Misirin lideri Camal Abdel Nasser Azərbaycanda olmuş, xalqımız onu layiqincə və hörmətlə qarşılamışdır. Bu barədə Ulu Öndər Heydər Əliyev də bir vaxtlar fikirlərini bildirib və qeyd edib ki, 1973-cü ildə özü də Sovet İttifaqının nümayəndə heyətinə başçılıq etməklə Misirdə bir neçə gün olub. Bir sözlə, hələ Sövet İttifaqı dönəmində belə ölkələrimiz arasında münasibətlərə hər məqamda müsbət yanaşılıb.

Sözsüz ki, iki ölkə arasında, Misir və Azərbaycan arasında münasibətlərin daha dərindən formalaşması ölkəmizin öz müstəqilliyini yenidən bərpa etməsindən sonrakı dövrə təsadüf edir. Əlbəttə ki, bu, başadüşüləndir. Çünki Azərbaycan müstəqil, suveren ölkə olduqdan sonra öz münasibətlərini, öz əlaqələrini özü müəyyən etməyə başlamışdır. Xatırladığımız kimi, artıq müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev 1994-cü ildə Misirə səfər etmiş, orada ölkə rəhbərliyi ilə danışıqlar aparmış, Bakı ilə Qahirə arasında əlaqələr və onların möhkəmləndirilməsi məsələləri müzakirə edilmişdir. Heç şübhəsiz ki, məhz həmin tarixi səfərin bu gün də uğurla inkişaf edən güclü və qarşılıqlı faydalı tərəfdaşlığın əsasını qoyduğu barədə indi cəsarətlə deyə bilərik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misirə rəsmi səfəri artıq ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyinin təsdiqidir və bu səfər eləcə də həmin əlaqələrin daha da möhkəmləndirilməsi, daha da genişləndirilməsinin zəruriliyini bir daha sübut etdi. Ona görə zəruri olduğu qənaəti formalaşıb ki, bu əlaqələr regional və beynəlxalq siyasətdə mühüm rol oynayır.

İkitərəfli münasibətlərdə, əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı və uzunmüddətli əməkdaşlıq istəyinin təsdiqi

Xüsusi ilə diqqətə çatdırmaq yerinə düşərdi ki, 2023-cü ilin yanvarında Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər etməsi və iki ölkə lideri arasında keçirilən görüşün yekunu olaraq, bir sıra sənədlərin imzalanması da heç kim üçün sirr deyil. İndi cəsarətlə deyə bilərik ki, Əl-Sisinin Bakıya ötən il etdiyi səfər və Əliyevin Qahirəyə bu səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoyan əlamətdar hadisə olaraq qəbul edilməkdədir. Ona görə əlamətdar hadisə olaraq qəbul edilməkdədir ki, məhz ölkə rəhbərlərimizin bu səfərləri hər iki ölkənin, Misirin və Azərbaycanın əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı fəaliyyət dairəsini genişləndirmək əzmində olduğunu nümayiş etdirir.

Əvvəla onu qeyd edək ki, iki ölkə liderlərinin səfərləri zamanı keçirilən sammit görüşləri siyasi, iqtisadi və mədəni əməkdaşlığa dair geniş spektrli məsələlərin müzakirəsi üçün unikal imkanın yaradılması deməkdir və belə bir imkan yaradıldı da. Sözsüz ki, reallaşan səfərlər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığa dair məsələlər müzakirə də edilib. Məsələn, xüsusilə qeyd etmək yerinə düşərdi ki, tərəflər müxtəlif sahələrdə, o cümlədən enerji və ticarətdə tərəfdaşlığın gücləndirilməsi üçün səyləri aktivləşdirməyə hazır olduqlarını bəyan ediblər, bildiriblər. Diqqətə çatdıraq ki, bu məqam heç də sıradan bir hadisə deyil və iki ölkə arasında, Azərbaycan və Misir arasında qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq istəyinin olduğunu əyani şəkildə təsdiqi olaraq qəbul edilməkdədir.

Ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq yüksək səviyyədədir və ümumi maraqlar da özünü göstərməkdədir. Azərbaycan və Misir müxtəlif beynəlxalq təşkilatlar, məsələn, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı bu səfəri zamanı xüsusilə qeyd edib və bizim fikirlərimizin üst-üstə düşdüyünü bildirib. “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz Misirlə üst-üstə düşür”, deyə bu dəfə Qahirədə fikirlərini ifadə edən ölkə rəhbərimiz öz sözləri ilə bunu açıq-aydın şəkildə bəyan edib.

Azərbaycanla Misir arasında əməkdaşlıq perspektivləri olduqca böyükdür

Diqqətə çatdıraq ki, ölkələrimiz arasında, Azərbaycanla Misir arasında enerji, kənd təsərrüfatı, əczaçılıq, sənaye və nəqliyyat kimi sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğu görülməkdədir. Məhz bu məqam xüsusilə nəzərə alınır və bu baxımdan da səfər zamanı müzakirələrin əsas aspektlərindən birinin də ticarət-iqtisadi əlaqələrin inkişafı olması heç də təsadüfi deyil. Hazırda 100 milyondan çox əhalisi və əlverişli strateji yeri ilə seçilən Misirin məhz Afrika, Yaxın Şərq və digər regionları birləşdirən mühüm bazar və nəqliyyat mərkəzi olduğu da sözsüz ki, nəzərə alınmaqdadır və bütün bunların özünün böyük perspektivlər vəd etdiyi də təkzib edilə bilməz.

Əlbəttə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qahirəyə səfəri zamanı ölkələrimiz arasındakı əməkdaşlığın perspektivləri ilk növbədə nəzərə alınıb. Buna görə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə töhfə verə biləcək konkret layihələr və təşəbbüslər ətraflı müzakirə olunub. Təsadüfi deyil ki, tərəflər ticarət axınının genişləndirilməsi, infrastruktur layihələrinin inkişafı və qarşılıqlı investisiyaların həcminin artırılması imkanlarını müzakirə ediblər. “Bu gün biz yeni nəqliyyat dəhlizləri haqqında da fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb nəqliyyat dəhlizi, həm də Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat və logistika sektorunda əməkdaşlıq üçün gözəl imkanlar açılır”, deyə cənab Prezident İlham Əliyev Qahirədə mətbuata açıqlamasında bildirib.

Sözsüz ki, Azərbaycan tərəfinin Misir bazarına maraq göstərməsi tamamilə başadüşüləndir. Bu maraq Afrika və Yaxın Şərq bazarlarına çıxmağın strateji əhəmiyyəti ilə bağlıdır. Heç şübhəsiz ki, Misir də öz növbəsində Azərbaycan texnologiyalarına və enerji sektorundakı təcrübəyə az maraq göstərmir. Məhz bu baxımdan da təsadüfi deyil ki, danışıqların mühüm nəticəsi birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün bir sıra konkret addımlar barədə razılığın əldə olunması olub. "Biz ticarət-iqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək üçün yaxın vaxtlarda komissiyanın növbəti iclasını keçirmək qərarına gəldik", - deyə Misir prezidentinin bildirməsi özü də təsadüfi sayılmır və deyilənləri təsdiq edir, perspektivlərdən xəbər verir. Bu tarixi səfərin məhz yeni üfüqlər açdığı da artıq qəbul edilməkdədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə