Azərbaycan suveren ərazilərini qarış-qarış, addım-addım geriyə, özünə qaytarır. Postmüharibə dövründə 44 günlük müharibədən yarımçıq qalmış işlər də sonuncu antiterror tədbirləri ilə tamamlandı. Bu gün Ermənistanla Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya prosesini həyata keçirməkdədirlər. Hər iki ölkənin dövlət komissiyaları Qazax rayonunun 4 qeyri-anklav kəndlərinin Azərbaycana təhvil verilməsi prosesini başa çatdırıblar, 12,7 km uzunluğunda sərhəd xətti artıq müəyyənləşib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Hazırda növbədə işğal altında qalan Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvanın Sədərək rayonunun Kərki kəndlərinin geri qaytarılmasıdır. Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qaytardığı Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri indiyə kimi boş olsa da, işğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib. Məsələn, Naxçıvanın Kərki kəndində 150-dək erməninin məskunlaşdığına dair məlumatlar var. Danışıqların növbəti mərhələsində Ermənistan tərəfinin də Gədəbəy rayonunda yerləşən Başkəndlə bağlı məsələ qaldıracağı istisna olunmur. Bu barədə erməni mənbələri də yazırlar. Sahəsi 40 kv.km olan Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.
İşğal tarixi…
Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında ermənilər tərəfindən işğal edilib. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub, 10 nəfər öldürülüb, 15 nəfərdən çox insan isə yaralanıb. 100-dən çox evi olan kənd talan edilib, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilib. Kənddə işğal olunan zaman 600 nəfər yaşayıb.
Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Ümumilikdə 530 nəfər öz evlərini məcburi şəkildə tərk etməli olub. Hazırda Barxudarlı və Sofulu kəndlərindən olan məcburi köçkünlərin 85%-i Qazax şəhərinin mərkəzində, digərləri isə rayonunun müxtəlif ərazilərində məskunlaşıblar.
Paşinyanın sərhəd sərgüzəştləri…
Kəndlərin geri qaytarılmasının qaçılmaz olduğunu anlayan Ermənistan bəzi planlar qurmağa çalışsa da, qalib Azərbaycanın təzyiqləri qarşısında tap gətirməyərək sonunda sərhədlərin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsinə razılıq verib. Revanşistlərin Qazax rayonu ilə qonşu erməni kəndlərində apardığı təbliğat nəticəsində vəziyyət gərginləşsə də sonra bütün işlər öz məcrasına düşməyə başlayıb. Baş nazir Nikol Paşinyanın Ermənistanın Tavuş rayonunun sərhəd kəndlərinə səfəri və yerli sakinlərlə görüşdə səsləndirdiyi bəyanatların da ermənilərə az təsiri olmayıb. Yəni Baş nazir reallığı danışıb və sakinləri nələr gözləyə biləcəyini onlara anladıb.
Paşinyan Voskepar kəndinin sakinləri qarşısında çıxışında xəbərdarlıq edib ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, "həftənin sonuna qədər" yeni müharibə ola bilər. "İmtina etsək, bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma, axı siz hər şeyi bilirdiniz", deyə Paşinyan bildirib. Ermənistan çıxış yolunu Azərbaycanla müharibəyə yol verməməkdə gördü, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkanların yarandığını anladı.
Postmüharibə dönəmi və sərhədlərimiz
2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs bəyannaməsi imzalandı. Rusiya KİV-i tərəfindən yayılan bəyannamənin ilkin variantında Ermənistanın Qazax rayonunda işğal etdiyi ərazilərə nəzarəti Azərbaycana qaytarması nəzərdə tutulurdu. Buna baxmayaraq, müqavilənin bir neçə saat sonra Kreml tərəfindən dərc edilən rəsmi versiyasında Qazax rayonu haqqında heç bir müddəa mövcud deyildi. Azərbaycan mediasındakı iddiaya görə, bəyanatın dəyişdirilməsi iki tərəf arasında əldə olunmuş şifahi razılaşma ilə bağlıdır və buna görə, onlar kəndlərin qaytarılmasını yazılı müqaviləyə daxil etməməyi qərara alıblar.
Qazaxın işğal olunmuş kəndləri ilə bağlı məsələ Ermənistanda ilk dəfə 2021-ci ilin mayında Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni Mikayel Minasyan sosial şəbəkədə Paşinyanın Ermənistanın nəzarəti altında olan səkkiz kəndi (anklavlar da daxil olmaqla) Azərbaycana qaytarmağı planlaşdırdığını iddia etdikdən sonra diqqət çəkib. Minasyanın iddiası Ermənistan cəmiyyətində qəzəb doğursa və paytaxt İrəvanda iki günlük etiraz aksiyasına səbəb olsa da, məsələ tezliklə unudulmuşdu. 2023-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə (Charles Michel) telefon danışığı zamanı bu məsələyə toxunması ilə kəndlər mövzusu yenidən gündəmə gəlib. Söhbət zamanı Əliyev Azərbaycanın səkkiz kəndinin hələ də erməni işğalı altında olduğunu bildirib və bu kəndlərin işğaldan azad edilməsinin vacibliyini vurğulayıb. İlham Əliyev 2024-cü ilin yanvarında yerli mətbuata müsahibəsi zamanı bu məsələni yenidən gündəmə gətirərək söyləmişdi: “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır”.
Erməni mediası və müxalifət nümayəndələri arasında kəndlərin qaytarılmasına qarşı tez-tez rast gəlinən səbəblərdən biri də Tavuş vilayətinin şərq hissəsini Gürcüstanla birləşdirən M16 magistralının bir hissəsinin de-yure bu 4 kəndin ərazisindən keçməsidir. Bu yaxınlarda yayılmış yanlış fikir ondan ibarətdir ki, bu magistral Ermənistan və Gürcüstanı birləşdirən əsas marşrutdur. Əslində, bu yol iki ölkəni birləşdirən bir neçə yoldan biridir və onlar arasında nəqliyyat üçün ən çox istifadə olunan marşrut belə deyil. Paşinyan martın 10-da keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq, İrəvanın yalnız Ermənistan ərazisindən keçməsini təmin etmək üçün yaxın gələcəkdə öz infrastrukturunu yenidən qurmağı təklif edib.
Nəticədə…
Azərbaycan ərazi bütövlüyünü bütün beynəlxalq qanunlar və normalar çərçivəsində bərpa edib və yarımçıq qalmış işlərini də həyata keçirməkdədir. Qazax rayonunun 4 qeyri-anklav kəndlərinin bir güllə atmadan, danışıqlar yolu ilə, həm də Azərbaycan Prezidentinin bir kəlməsi ilə qaytarılması bizim uğurumuzdur. Bu kəndlər 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin ilkin mərhələsində Qarabağdan kənarda gərginlik yaşayan ilk sərhədyanı ərazilərdən biri idi. Həmin kəndlərin işğalı zamanı ermənilər misli görülməmiş vəhşiliklər törətmişdilər, kənd sakinləri vəhşicəsinə qətlə yetirilmişdilər. Belə bir acı tarix yaşamış kəndləri erməni işğalında qoymaq qeyri-mümkün olduğundan Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində Qazax rayonunun və Naxçıvanın eksklav və digər 4 kəndin azad edilməsinin vacibliyini diqqətə çatdırırdı. Və nəticə də göz qabağındadır, həmin kəndlərin dördü artıq geri qaytarılıb, qalan kəndlərin də azad ediləcəyi gün uzaqda deyil.
Xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrast seçimi bu gün əldə etdiyimiz uğurların əsasıdır. Qazanılan nailiyyətlər bir daha sübut edir ki, İlham Əliyev dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün ümidləri layiqincə doğruldub. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin, düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyinin göstəriciləridir ki, Azərbaycan dünyada nüfuz sahibinə çevrilib və Azərbaycanın dünyanın qüdrətli dövlətlərindən biri olduğunu fəxrlə deyə bilərik.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündə işğal altında olan 4 qeyri-anklav kəndin Azərbaycana qaytarılması razılaşdırılıb və bu gün artıq həmin kəndlərdə sərhədçilərimiz dayanır. Bu, xalqımızın növbəti müdhiş qələbəsidir və bunu bizə bəxş edən isə şəxsən müzəffər sərkərdəmiz, qətiyyətli Liderimiz İlham Əliyevdir”. O, heç bir atəş səsi eşidilmədən, güllə atılmadan, itkisiz, qan tökülmədən bu Zəfəri bizə hədiyyə etdi. Televiziya vasitəsilə həmin kəndlərin sakinlərinin sevincini qürurla izlədik. Bütün xalqımız bu qələbənin yaratdığı xoş ovqatın içindədir.
Hadisələrin gedişi göstərir ki, Azərbaycan Prezidenti bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə