Rumıniyanın qabaqcıl “G4Media” və “Pescurt” xəbər portalları, Qarabağda 25 il əvvəl basdırılmış kütləvi məzarlıqların aşkar edildiyi barədə yazır.
SİA xəbər verir ki, media qurumları Azərbaycanın Qarabağ regionunda, Şuşa və Xocalı şəhərləri yaxınlığında iki kütləvi məzarlıq aşkar edilməsi barədə oxucularını məlumatlandırıb. Bildirilib ki, aşkar edilən insan qalıqlarının Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş mülki şəxslərə məxsus olduğu ehtimal edilir.
Qeyd olunur ki, Azərbaycan tərəfindən aparılan ilkin araşdırmalara əsasən, məzarlıqlarda azı yeddi nəfərə aid insan qalıqları, o cümlədən sümüklər və digər fraqmentlər müəyyən edilib. Tapıntılar həmin şəxslərin ölümündən əvvəl işgəncələrə məruz qala biləcəyini göstərir. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu şəxslər təxminən 25 il əvvəl həmin ərazilərdə basdırılıb.
Şuşa yaxınlığında yerləşən ikinci kütləvi məzarlıqda isə azı beş nəfərin qalıqları aşkarlanıb. Diqqətə çatdırılır ki, Qarabağ münaqişəsi dövründə bölgədə genişmiqyaslı qırğınlar baş verib. Rəsmi Bakı aşkar olunan məzarlıqların müharibə cinayətlərinin araşdırılması və itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə