Haylar tərəfindən edilən NÖVBƏTİ OYUNBAZLIQ - TƏHLİL

Bir qrup Ermənistan vətəndaşının Xeyrımlı-Aşağı Əskipara yolunu bağlaması, daha doğrusu, həmin yolda şou təşkil etməsi heç də təəccüblü görünmür. Çünki artıq siyasi zibilliyə atılan Qarabağ klanının üzvlərinin də, daşnakların da, özlərini revanşist adlandıranların da görüntü yaratmaq xatirinə təşkil etdikləri tamaşalarını, oyunlarını çox görmüşük, onların oyunbazlıqlarına da, özlərinə də bələdik və onu da bilirik ki, onların rəyi də, fikri də heç nəyə təsir etmir, edə də bilməz. Deməli, bu da hayların növbəri oyunbazlığı kimi qiymətləndirilir və kəndlərin Azərbaycana qaytarılması barədə danışıqlardan, razılaşmalardan sonra ümumiyyətlə, mahiyyət etibarı ilə heç bir məna belə kəsb etmir.

Şou kimi bir aksiya keçirildiyi artıq Ermənistan ictimaiyyətinin özünə də bəllidir

Məlumatlara əsasən, yolu bağlamaq üçün yığışan etirazçılar içərisində yerli sakinlər azlıq təşkil edib. Hətta belə bir xəbər də yayılıb ki, çəkiliş zamanı çoxlu sayda etirazçının toplaşdığı görüntüsünü yaratmaq üçün İrəvandan bir neçə qrup da gətirilibmiş. Bir sözlə, xüsusi təşkil olunmuş, ssenariləşdirilmiş şəkildə, şou kimi bir aksiya, növbəti oyunbazlıq təəssüratı bağışlayan etiraz aksiyası keçirildiyi artıq Ermənistan ictimaiyyətinin özünə də bəllidir. Bəlli olan odur ki, bütün bunlar kimlərinsə oyunlarıdır və yerli sakinlər haqda düşünən belə olmadığı kənardan müşahidə edildiyi zaman da aydın şəkildə görünür. Əks halda, heç bir əlavə “canfəşanlıq” edilmədən, hansısa “müdaxilələr” olmadan belə məhz yerli sakinlərin etiraz aksiyası təşkil olunardı, amma bunun da olması məntiqi deyil, çünki ərazilərin sahibləri azərbaycanlılardır, həmin kəndlər Azərbaycana məxsusdur və bu barədə artıq etiraf da edilib, razılığa da gəlinib, razılaşma da olub, sənəd də imzalanıb. Bundan sonra şou göstərərək ortaya atılmaq, yol kəsmək, yol bağlamaq və hansısa cəfəng fikirlər səsləndirmək oyunbazlıqdan başqa bir şey deyil.

Ərazilər öz qanuni sahibinə qaytarılmalıdır və heç bir şou bunun qarşısını ala bilməz

İndi erməni cəmiyyətində bir qrup şəxslər fikir formalaşdırmağa çalışırlar ki, guya yerli sakinlər, həmin o dörd kəndin sakinləri razılaşma ilə qətiyyən barışmaq niyyətində deyillər və barışmayıblar. Belə bir yalanı ortaya atanlar özlərini axmaq yerinə qoyublar, çünki onların dediklərinin heç bir məntiqi əsası yoxdur. Maraqlıdır, kim barışmaya bilər və nə ilə barışmaya bilər? Azərbaycana məxsus olan kəndlərin məhz Azərbaycana, azərbaycanlılara qaytarılmasına barışmaya bilərlərmi? Bununla barışmamaq mümkündürmü və ümumiyyətlə, bu barədə düşünülərmi? Azərbaycana məxsus olan kəndi ermənilər işğal edəndən sonra həmin kənddə məskunlaşan sakinlər kəndin qaytarılacağını bilməli idilər və bilməyənlər indi də olsa buna əmin oldular. Bu əminlikdən sonra kiminsə, hansısa yerli sakinin etiraz etməsi görüntüsü ilə şou xatirinə həmin o aksiyanı təşkil edənlər özləri inana bilərlər bu uydurmaları ilə. Onlardan soruşmaq yerinə düşərdi ki, görəsən, Ermənistanda daha kimlər barışmaq istəmirlər ərazilərin öz sahiblərinə qaytarılması ilə? Ərazilərin öz qanuni sahiblərinə qaytarılması ya razılaşma yolu ilə olur, ya da hərbi yolla. Amma istənilən halda ərazilər öz qanuni sahibinə qaytarılmalıdır. Bununla bağlı kiminsə barışdığını, barışmadığını soran, soruşan olmur. Yəni, ortaya düşüb şou göstərənlər bu həqiqəti də başa düşə bilmirlər? Ərazilər öz qanuni sahiblərinə qaytarılmalıdır və bununla barışılmadığı görüntüsünü yaratmaq istəyənlər anlamalıdırlar ki, heç bir şou, heç bir oyunbazlıq bunun qarşısını ala bilməz.

Bəzi qüvvələrin məqsədi yalnız qeyri-sabitlik yaratmaqdan ibarətdir

Xeyrımlı-Aşağı Əskipara yolunun bağlanması kənardan müşahidə edildikdə belə təxribatdan başqa bir şey kimi görünmür. Dərhal da bəlli olur ki, məqsəd normal şəraiti, danışıqları, razılaşmaları, nəticə etibarı ilə bütün prosesi, ələlxüsus da gözlənilən sülh prosesini pozmaqdır. Hətta bəzi politoloqların fikrinə görə, bu şəkildə aksiyaların keçirilməsi, guya narazılıqların ifadə olunması Ermənistanın özünə də kənardan diktə olunur. İndi erməni cəmiyyətində də etiraf olunur ki, bəzi qüvvələrin məqsədi yalnız Ermənistanda qeyri-sabitlik yaratmaqdan ibarətdir. Bunun üçün də lazım gəldikdə, İrəvanın tən ortasında göstərdikləri şounun indi lap elə kəndlərdə də göstərilməsinə razıdırlar. Demokratiya adı altında oynanılan oyunlar kimi, indi də yeni oyunbazlığın ortaya atılmasında görünür, maraqlı qüvvələr var və bunun erməni cəmiyyəti də artıq fərqindədir. Yolu bağlayan qrupla “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan arasında mübahisənin baş verməsi, nəticədə də sonuncunun ağır bədən xəsarətləri alması məsələnin nə yerdə olduğu qənaətinə gəlməyə əsas verir və kənar qüvvələrin planlarının olması dərhal özünü göstərir. İrəvanın özündə belə bir qrup şəxsin hansısa oyunlara alət olması faktı deyilənləri təsdiq edir. Məsələn, Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunduğu kimi, şənbə günü Azadlıq meydanı yaxınlığında Tumanyan küçəsini bağlayaraq, guya etiraz aksiyası keçirdikləri görüntüsü yaradan bir qrup şəxsin, "torpağı icarəyə verirlər, siqnalınızı çalın", deməsi özü böyük bir oyunbazlıqdır. Bir neçə avtomobilin siqnal çalması danışıqları, razılaşmaları qüvvədən salır, yoxsa həmin kəndlərin öz sahiblərinə, azərbaycanlılara qaytarılmasının qarşısını alır? Yəqin ki, ən ağılsız erməni belə belə bir düşüncədə ola, bunun mümkünlüyünü güman belə edə bilməz. İrəvanda etiraz əlaməti olaraq sürücülərin siqnallarını çalmalarını tələb etmək və yolu bağlamaq hansı hüquqi qüvvəyə malik olmaq deməkdir və bununla nəyə ümid etməyə dəyər? Əlbəttə ki, heç nəyə. O zaman müşahidə edilənin adını oyunbazlıqdan başqa nə qoymaq olar və qeyri-sabitlik yaratmaqdan başqa nə kimi məqsəd ola bilər?

Kəndlərin qaytarılması barədə razılaşmanı dünyanın müxtəlif ölkələrinin diplomatları, rəsmiləri, siyasətçiləri də dəstəkləyiblər

Azərbaycanla Ermənistan arasında razılığa gəlinməsini, dörd kəndin öz əzəli və əbədi sahiblərinə, azərbaycanlılara qaytarılması barədə hər iki ölkənin baş nazirlərinin müavinlərinin son görüşündə alınan qərarı, imzalanan razılaşmanı artıq dünyanın müxtəlif ölkələrinin diplomatları, rəsmiləri, siyasətçiləri də dəstəkləyiblər. Onların əksəriyyəti birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət nəticəni sülh sazişinin imzalanması istiqamətində mühüm addım hesab etdiklərini açıq-aydın şəkildə bəyan edirlər. Məsələn, nümunə üçün qeyd edək ki, Avropa Şurasının prezidenti Çarlz Mişel Ermənistan və Azərbaycan arasında 1991-ci il Almatı bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas götürmək barədə razılaşmasını alqışlayıb. O, bu barədə X sosial şəbəkəsində də yazıb. “Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldəki müzakirələrin də əsas elementi olub və bu, normallaşma və sülh yolunda mühüm addım olacaq”, deyə Avropa Şurası prezidentinin qeydləri təsadüfi hesab oluna bilməz və deyilənləri təsdiq edir. Rəsmi Bakı da hadisələrin bu cür qiymətləndirilməsi ilə tamamilə razıdır. Bu baxımdan, Azərbaycan Xarici İşlər Nazirliyinin hadisəni “çoxdan gözlənilən tarixi hadisə” adlandırması özü də səbəbsiz və təsadüfi sayıla bilməz. O zaman sual olunur ki, bəs bütün dünyada belə bəyənilən prosesin qarşısını kim almağa çalışır? Çalışırsa məqsədi nədir? Ümumiyyətlə, bu qədər yüksək qiymətləndirmədən sonra onların etdiklərinə oyunbazlıqdan başqa nə ad vermək olar?

Ermənistanda legitim hökumət var və öz öhdəliklərini, imzaladığı rəsmi sənədləri yerinə yetirməyə borcludur

Ermənistanda suları kimin bulandırdığı əslində rəsmi Bakını nə maraqlandırmır, nə də az da olsa belə qətiyyən narahat etmir. İstənilən halda, Ermənistan adlı bir ölkədə öz öhdəliklərini və imzaladığı rəsmi sənədləri ən azından yerinə yetirməyə borclu olan legitim hökumət var. Ermənistan hakimiyyəti ilə erməni cəmiyyətinin bir hissəsi arasında alovlanan münaqişə onların daxili işidir və buna qarışmaq fikrində də deyilik. Məsələ artıq öz həllini tapıb. Ermənistan tərəfi artıq rəsmi şəkildə dörd kəndin qaytarılmasına razılıq verib və bu razılaşma imza ilə təsdiq də olunub. Hətta Ermənistanın Qərb müttəfiqləri belə bu qərarı alqışlayıblar. İndi həmin ölkənin hakimiyyət orqanları revanşistlərə müqavimət göstərməyə çalışmalıdırlar. Çünki özləri hamıdan yaxşı bilirlər ki, hər hansı qisas cəhdi Ermənistan dövlətçiliyinin tamamilə itirilməsi ilə nəticələnə bilər. Deməli, özlərini artıq yaxşı aparmalı olduqlarını özləri də hamıdan yaxşı bilməlidirlər. Ələlxüsus, onu bilməli və xatırlamalıdırlar ki, indi oyunbazlıq edənlər kimi, eyni ilə Qarabağda oyun quranlar, “ölün, amma Qarabağı verməyin” sözlərini yüksək, uca səslə səsləndirənlər heç də həmin ərazilərdə özləri ölümə getmədilər, hamıdan qabaq qaçıb aradan çıxdılar və indi İrəvanın hansı küncündə gizləndiklərini də heç kim bilmir. Qarabağda təxribatçı fikirlərin müəllifləri Azərbaycanın işğaldan azad etdiyi əraziləri hamıdan qabaq tərk etdilər, qaçıb İrəvanda gizləndilər və başqalarını, təxribata uyanları güdaza verdilər. İndi də eyni şəkildə təxribatlara uyanların, kimlərinsə oyunlarına, oyunbazlıqlarına alət olanların taleyi də tam eyni olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə