“Ermənistanı ağır günlərin gözlədiyi şübhəsizdir” - ŞƏRH EDİLDİ

“Qərb bütün mümkün vasitələrlə Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq istəyir və bunu da gizlətmir. Bu məqsədə çatmaq üçün isə Qərb alət olaraq Ermənistandan istifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, bir neçə gün əvvəl NATO Baş Katibi Stoltenberqin regiona səfərinə və səfər zamanı verdiyi mesajlara da baxsaq görərik ki, Stoltenberq faktiki olaraq Cənubi qafqaz ölkələrinə Rusiyaya qarşı cəbhə almaq üçün çağırış etdi: “NATO baş katibinin həm Bakıda, həm də İrəvanda keçirdiyi görüşlərdə “Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, hər kəs üçün daha təhlükəli olacağ”ına dair verdiyi bəyanat və bu bəyanatın fonunda Rusiyaya qarşı sanksiyalara qoşulmağın vacibliyi ilə bağlı dedikləri onu göstərir ki, əsas hədəf Rusiyaya qarşı yeni cəbhənin açılmasından ibarətdir.

Azərbaycanın Qərbin bu istəyi ilə bağlı mövqei ortadadır. Biz Cənubi Qafqazın Rusiya və Qərb arasında döyüş meydanına çevrilməsində maraqlı deyilik. Azərbaycanın müstəqil xarici siyasət kursu var və bu kursa uyğun olaraq da balanslı siyasət yürütməkdə davam edir. Rəsmi Bakının Qərbin və hər hansı digər bir diplomatik mərkəzin sifarişlərini icra etmək niyyəti yoxdur.
Odur ki, indi Qərb üçün yeganə vasitə Ermənistan olaraq qalmaqda davam edir və Qərb də Ermənistanı bu oyunun içərisinə çəkmək üçün bütün imkanlardan istifadə edir. Paşinyanın Stoltenberqin ardınca indi də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşməyə hazılaşmasına da bu oyunun tərkib hissəsi kimi baxmaq lazımdır.

Böyük ehtimalla bu görüşlərdə ABŞ və Avropa İttifaqının Ermənistana hansısa təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalanması məsələsi müzakirə olunacaq. Ermənistanın isə bunun nə qədər ziyanlı yol olduğunu bilə-bilə bu avantürada iştirak etməkdən başqa yolu yoxdur. Çünki davamlı təzyiqlər nəticəsində Ermənistan artıq neçə ildir ki, bu və ya digər formada Rusiyaya qarşı mövqe ortaya qoyur.

KTMT iclaslarının baykot edilməsi, Putinin həbsinə imkan verən Roma Statutuna qoşulmaqla bağlı qərar, Hava lmanından Rusiya sərhəd qoşunları nümayəndələrinin çıxarılması üçün edilən müraciət, Rusiyanın bütün etirazlarına baxmayaraq Ermənistandakı Avropa İttifaqı müşahidə missiyasının statusunun təsdiqi ilə bağlı atılan addımlar bunun bariz sübutudur.
Amma Qərb üçün bunlar yetərli deyil. Qərb Ermənistandakı Rusiya hərbi bazasının çıxarılmasını və Ermənistanın KTMT-dən çıxmasını, eləcə də Rusiyadan boşalacaq yerə Qərb hərbi qoşunlarının yerləşdirilməsini tələb edir.

Ermənistanla təhlükəsizlik zəmanəti ilə bağlı paktın imzalanması üçün təkliflər də buradan qaynaqlanır. Başqa sözlə desək Qərb Ermənistana Rusiyaya qarşı duracağı halqda hansısa təhlükəsizlik zəmanəti verə biləcəyinin mesajını verir.
Bütün bu sadalananlar, yəni regionumuzun Qərb və Rusiya arasında döyüş meydanına çevrilməsi cəhdləri təbii olaraq bütün region ölkələri üçün ziyanlıdır. Amma bütün bunlardan ən çox ziyan çəkəcək ölkə yenə də Ermənistan olacaq. Çünki regiona kənar qüvvələrin cəlb edilməsi məsələsi avtomatik olaraq indiki halda regionda Ermənistanın ən yaxın müttəfiqi İranı da hərəkətə keçirəcək və Ermənstanla bağlı müəyyən qərarlar vermək məcburiyyətində qoyacaq. İran Böyük Azərbaycan və Böyük Türk Dünyası qorxusu ilə hər nə qədər Ermənistanın yanında olsa da indiki halda Ermənistanın addımları birbaşa İran üçün də təhdid olduğu üçün mövqeyində dəyişikliklər etmək məcburiyyətində qalacaq.

Rusiya isə indiyə qədər Ermənistanın hərəkətlərinə qarşı sərgilədiyi loyal mövqeni, yəni quru bəyanatlar və açıqlamadan o yana keçməyən mövqeni sərtləşdirmək məcburiyyətində qalacaq. Düzdür Rusiya Ermənistanın rəsmi Moskvaya tətqib olunan sanksiyaları dəlməkdə yardım etdiyi üçün qəti addımlar atmırdı. Amma artıq konkret adıdmların atılacağı şübhəsizdir.

Ermənistanın istər enerji təhlükəsizliyi, istər qida təhlükəsizliyi baxımından Rusiyadan asılılığını, Ermənistanda olan iri dövlət şirkətlərinin demək olar ki, hamısının müqavilələr əsasənda Rusiyaya aid olduğunu, hətta nəqliyyat infrastrukturunun, məsələn Ermənistan Dəmir Yollarının da Rusiyaya verildiyini nəzərə alsaq Ermənistana təzyiq üçün imkanlar kifayət qədərdir. Mən hələ Paşinyan müxalifətinin Rusiyadan idarə olunması və ordu içərisində hələ də Rusiyaya bağlı kifayət qədər şəxslərin olduğunu demirəm.

Qısası Ermənistanı olduqca ağır günlərin gözlədiyi şübhəsizdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə