İlham Əliyevin NATO-nun Baş katibi ilə görüşü Səudiyyə mediasının diqqət mərkəzində olub - FOTO

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Independent Arabia”, “Əl-Mədinə”, “Saudiwadi”, “Dora” qəzetlərində və xəbər saytlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşü geniş işıqlandırılıb. Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyindən SİA-ya bildirilib ki, materiallarda dövlətimizin başçısının görüşdən sonra mətbuata verdiyi bəyanatın əsas məqamları yer alıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişi bağlamağa həmişəkindən daha yaxın olduğunu vurğulayıb. Öz növbəsində, Stoltenberq iki ölkə arasında sülhə doğru addımı alqışladığını bildirib. NATO-nun rəhbəri Azərbaycanın liderinə müraciətlə bildirib ki, “sülh sazişinə həmişəkindən daha yaxın olduğunuz barədə sözlərinizi yüksək qiymətləndirirəm... Mən Sizi ancaq bu fürsətdən istifadə edərək Ermənistanla uzunmüddətli sülh razılaşması əldə etməyə təşviq edə bilərəm”.

Xəbərlərdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və sülh danışıqlarının hazırkı mərhələsi haqqında məlumat verilərək bildirilir ki, 2023-cü ilin dekabrında Cənubi Qafqazdakı iki qonşu ölkə birgə bəyanat yayaraq sülh razılaşması əldə etmək istədiklərini açıqlayıblar. Hazırda danışıqlar davam edir və onların sonuncusu cari ilin fevral ayında Berlində baş tutub.

Səudiyyə Ərəbistanı ictimaiyyətinə məlumat verilib ki, xristian Ermənistan və müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan arasında Qarabağ bölgəsi uğrunda münaqişə 1988-ci ildə başlayıb. Onilliklər boyu davam edən düşmənçilikdən sonra Azərbaycan 2023-cü ilin sentyabrında 1990-cı illərdən bəri erməni separatçılarının nəzarətində olan Qarabağa nəzarəti bərpa edib. Rəsmi Bakı ermənilərin iddialarını təkzib edərək bildirib ki, Qarabağdan qaçan erməniəsilli vətəndaşlar Azərbaycanda qala və cəmiyyətə inteqrasiya edə bilərdilər.

Səudiyyə mediası, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə edilməsi üçün əsas meyarların sərhədlərin demarkasiyası və hər iki tərəfin ərazilərini birləşdirən regional nəqliyyat dəhlizlərinin yaradılması olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə