Avropa İttifaqına üzvlük arzusunda olan XƏYALPƏRƏSTLƏR – TƏHLİL

Hələ də xəyallar aləmindən yaxa qurtara bilməyən erməni cəmiyyətinin indi də könlündən keçən Avropa İttifaqına bərabərhüquqlu üzv olmaqdır. Haylar üçün ən qısa yolun sadəcə arzu etmək və xəyal qurmaq olduğunu görmək üçün qısa bir müşahidə kifayət edir. Tarix boyu öz niyyətlərini xəyali şəkildə ortaya qoyan haylar öz ənənələrinə sadiq qalaraq, yenə də özlərini Avropada görməyə başlayıblar və hətta həmin ölkənin hakimiyyət komandasında təmsil olunanlar belə xəyalların quluna çevriliblər...

Ermənistan parlamentinin spikeri Alen Simonyan da xəyalpərəstlər cərgəsində özünəməxsus yer alıb və öz ölkəsinin Avropa perspektivləri haqqında xəyal quran bu adam da rəsmi İrəvanın Avropa İttifaqı ilə bağlı yaxın planlarını da açıqlayıb. “Ermənistan Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırlaşır”, deyən erməni siyasətçi brifinqdə bildirib ki, hakimiyyət Ermənistanın NATO-ya daxil olması imkanını müzakirə etməyib, əksinə, Avropa İttifaqı ilə “münasibətləri gücləndirir”, müzakirələr aparmaqda da davam edir. Hansı münasibətləri gücləndirir və nəyin müzakirəsindən söhbət getdiyini işarə belə edə bilməyən Simonyan deyəsən öz xəyallarına il öncə özü inanmağa başlayıb. “NATO ilə bağlı heç bir müzakirə olmayıb, biz bunu komandamızda da müzakirə etməmişik. Avropa İttifaqına gəlincə, bu, hərbi ittifaq deyil, biz əlaqələri gücləndirməyə hazırıq. Bu gün demokratiya bizim ən böyük təhlükəsizlik sistemimizdir”, deyən həmin o spiker Avropa İttifaqına üzvlüyə Ermənistanın namizəd olmaq imkanları barədə ağız dolusu danışıb, amma cəfəngiyyatdan başqa bir şey səsləndirməyib. Hətta Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd olmağa hazır olub-olmamaları barədə jurnalistin sualını cavablandırarkən, Simonyan qətiyyətlə, “biz hazırıq” deyib, halbuki, Ermənistanın buna hazır olması üçün bir neçə onilliklər belə vaxt tələb olunur. Çünki bunun üçün həmin ölkədə köklü dəyişikliklərin olması tələb olunur və bu dəyişikliklər də Ermənistan üçün daha bir xəyal deməkdir.

Əlbəttə ki, erməni cəmiyyətinin istəyini, özü də bu acınacaqlı durumda olan bir toplumun istəyini başa düşmək çətin deyil. Böyük Avropa ailəsinə daxil olmaq Ermənistan üçün göydəndüşmə olar. Amma bu göydəndüşmə elə özü bir xəyaldır və reallıqla qətiyyən əlaqəsi belə yoxdur. Əgər ermənilər qonşu ölkənin, Gürcüstanın timsalında hadisələrə bir nümunə kimi baxsalar, xəyallar aləmindən qopa və guppultu ilə yerə düşə bilərlər. Gürcüstanın da bir vaxtlar beləcə Avropa İttifaqına üzvlüklə bağlı fikirlər səsləndirdiyini xatırlamaq kifayət edir ki, bəzi məqamları indidən müəyyən etmək olsun. Xatırladığımız kimi, 2014-cü il iyunun 27-də indi Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ilk dəfə Brüsseldə keçirilən konfransda ölkənin 5-10 il ərzində Aİ-nin tamhüquqlu üzvü ola biləcəyini bildirmişdi. Lakin bu proqnozlar hələ də özünü doğrulda bilmədi. Onu da unutmaq lazım deyil ki, Ermənistandan fərqli olaraq, Gürcüstanın Avropa standartlarına daha yaxın olması fonunda həmin ölkə belə hələ də Avropa ailəsinə daxil ola bilməyib. Hər halda, bütün göstəricilərə görə qonşu dövlətdən, Gürcüstandan geri qalan Ermənistanın lap elə Sarkisyanın hakimiyyəti dövründən belə Avropaya inteqrasiya xülyası ancaq xəyal ola bilər və buna inananlar da xəyalpərəstlərdir...

Ermənistan indi ümid edir ki, Avropa İttifaqına Fransanın himayədarlığı sayəsində qoşulacaq. Amma bu, çox böyük bir yanlışlıqdır, çünki Fransa qətiyyən erməni maraqları naminə çalışmır. Rəsmi Paris Cənubi Qafqazda öz ambisiyaları üçün müxtəlif manipulyasiylara əl atır və həmin Avropa ölkənin bu zaman Ermənistan hakimiyyətinə qızıldan dağlar vəd etməsi də bir manipulyasiyadır. Məhz həmin manipulyasiyalardan düzgün nəticə çıxara bilməyən Simonyan kimi xəyalpərəstlər də göz önündə olan Rusiya faktorunu nəzərə belə almadan xəyallar aləminə səyahət etməyə və hətta erməni cəmiyyətinə də ümidlər verməyə tələsir. Dərk edə də bilmir ki, Moskva heç zaman İrəvanı öz ixtiyarına buramayıb və hadisələri izləməsi, nəzarət etməsi, hətta təsir mexanizmini, rıçaqlarını belə saxlaması fonunda Ermənistanın Avropa ailəsi barədə düşünməsi də utopiyadır. İrəvan ancaq Qərb və Avropa barəsində düşünür, amma gələcək addımlarının məhz elə Rusiya tərəfinin gələcək addımlarından asılı olması deyəsən heç nəzərə də alınmır. Nəzərə də alınmır ki, Fransa nə qədər əldən-ayaqdan getsə belə Rusiyanın əli Ermənistanın üzərindən çəkilməsə, hayların müstəqil düşünmək belə imkanları olmayacaq. Belə olan halda, Fransa dondan-dona girsə də Ermənistan üçün heç nə edə bilməyəcək. Hətta həmin ölkənin Avropa İttifaqına qoşulması üçün Fransa himayədarlıq etmək niyyətində olsa belə, yenə də nəticəsiz qalacaq və ən azından Gürcüstanın misalında bütün dünya bu reallığın şahidi olduğu kimi, ermənilər də ağıllarını başlarına vaxtında yığsalar və xəyallara çox qapılmasalar daha yaxşı olar.

Diqqətə çatdıraq ki, Ermənistanın Avropa İttifaqına daxil olma ehtimalı sıfır səviyyəsindədir. Əvvəla ona görə ki, həmin ölkənin sözügedən quruma daxil olması barədə ancaq elə Ermənistanın özündə müzakirələr gedir, başqa yerdə yox. Nə Avropa İttifaqı, nə də himayədar bildikləri Fransa belə bir niyyətdə də deyil. Digər tərəfdən də axı Ermənistanın Avropa İttifaqına daxil olması üçün İrəvanın həm xarici, həm də daxili siyasətinin tam yenidən qurulması tələb olunur. Ermənistanın məhz Avropa İttifaqının bərabərhüquqlu üzvü olması üçün erməni arzuları, erməni xəyalları kifayət etmir. Heç Avropa İttifaqı da bərabərhüquqlu üzv qəbul edilməsi məsələsində xəyalpərəstlərin fikirlərini belə nəzərə alası deyil. Qurum üçün əsas məsələ tamamilə başqadır və ən əsası da işğalçı ölkənin köklü şəkildə dəyişikliklərə nail olması, ələlüsus da xarici və daxili siyasətinə “əl gəzdirməsi” gərəkir. Bunu isə Ermənistandan gözləmək sadəlövhlük olardı.

Ermənistanın KTMT-dən çıxması, Rusiya sərhədçilərinin həmin ölkədən çıxarılmasını, Gümrüdəki Rusiya hərbi bazasının ləğvi, ümumilikdə, Moskvanın təsirinin minimuma endirilməsi haylar üçün heç də asan gəlməsin və bunlara nail olacaqlarını yuxularında belə görə bilmirlər. Amma diqqətə çatdıraq ki, onların yuxularına belə girməyən həmin o sadalananlar Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar üçün sadəcə müqəddimə, başlanğıc və ilkin şərtlərdir. Daha dəqiq desək, İrəvanın xarici siyasətinin tamamilə yenidən istiqamətləndirilməsi bu yolda ancaq ilk addım hesab olunur. Üstəlik, Ermənistanın Avropa İttifaqına daxil olması, bərabərhüqqlu üzvü olması üçün daha çətin şərt həmin ölkənin daxili siyasətinin tamamilə yenidən qurulmasıdır. Bu isə haylara heç də asan gələ bilməz. Onlar özləri də hamıdan yaxşı bilirlər ki, həmin ölkədə korrupsiyanın aradan qaldırılması, insan hüquqlarının müdafiəsi standartlarının tətbiqi və bazar iqtisadiyyatına keçid tələb olunacaq. Daha dəqiq desək, Ermənistanda olmayan mövcud vəziyyətin yaradılmasının tələb olunması mütləq şəkildə gözləniləndir. Amma belə şərtlərin və vəziyyətin öhdəsindən gəlmək haylar üçün çox çətin məsələdir. İndi nəinki Simonyan, ümumilikdə, erməni cəmiyyəti başa düşməlidir ki, Ermənistandakı real həyat Avropa standartlarına, normalarına və dəyərlərinə tamamilə ziddir. Belə bir ziddiyyətin fonunda isə Avropa İttifaqının bərabərhüquqlu üzvü olmaq arzusu ən azından bir neçə onilliklər boyunca məhz xülya və xəyal olaraq qalır və buna inananlar da xəyalpərəstlər kimi görünürlər.

Əgər haylar elə hesab edirlərsə ki, Avropa İttifaqının bərabərhüquqlu üzvü olması üçün sadalananlardan daha çox Fransanın himayəsi, dəstəyi önəmli rol oynayır, yenə də yanılırlar. Birincisi ona görə ki, Fransanın istəyi də, himayəsi də, dəstəyi də heç nəyi dəyişən deyil. Çünki Avropa İttifaqında təkcə Fransadan başqa digər dövlətlər, özü də daha ciddi söz sahibinə sahib dövlətlər var və onlar üçün rəsmi Parisin, yaxud da Makronun mövqeyi önəmli deyil. Hüquqi baxımdan belə Paris heç bir güc və söz sahibi sayılmır. Digər tərəfdən də axı, Fransanın indi ermənilər üçün nə isə etmək niyyəti də görünmür və tənəzzülə uğrayan, zəifləməkdə davam edəən, cəlbediciliyini itirməkdə olan Fransanın özünün kifayət qədər müttəfiqi yodur və indi həmin ölkənin məqsədi tamamilə başqadır. Mali, Nigeriya və digər Afrika ölkələri ilə bağlı hadisələrin fonunda bəlli olur ki, Fransadan onsuz da imtina edilir və beləliklə, müttəfiq ölkələr məsələsində Fransanın seçimi yo dərəcəsindədir. Fransanı indi bir “böyük dövlət” kimi gördüyünü bəyan edən ancaq Ermənistandır və məhz haylar da buna görə fransızlara lazımdırlar. Fransızlar da öz növbəsində haylara məhz özlərinə təşkinlik vermələri üçün lazımlı hesab olunurlar. Paris İrəvanın mühüm regional tərəfdaş olduğunu iddia edir, Ermənistan isə Fransanın nüfuzlu güc olması illüziyası yaradır və bütün bunların fonunda da görürük ki, Fransa-Ermənistan münasibətləri sadəcə olaraq, qarşılıqlı aldatmadır. İndi Moskvanı, rusları hər şeydə günahlandıran ermənilərin, məhz bu aldatmanın fonunda da bir gün Parisi, fransızları günahlandıracağı zərrə qədər şübhə doğurmur. Hazırda xəyallar aləmində olan xəyalpərəstlər bir gün Fransanın onların özlərini yetərincə aldatdıqlarını gördükləri, dərk etdikləri zaman çox peşiman olacaqlar və Ermənistanın bəlalarına baiskar, eləcə də günahkar olanın Paris olduğunu anladıqları zaman çox gec olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə