Fransanın Cənubi Qafqazda hazırladığı təxribatlar böyük müharibənin anonsudur

Fransa Azərbaycanla Ermənistanı yeni müharibyə cəlb etmək, Cənubi Qafqazı qan çanağına döndərmək üçün hər cür hiyləyə əl atır. Azərbaycan tərəfinin rəsmi şəkildə Ermənistana hücum etmək niyyətində olmadığını dəfələrlə açıqlamasına baxmayaraq həm Ermənistanda, həm də Qərbdə belə bir fikir formalaşdırılır ki, Bakı guya yeni ərazilər ələ keçirmək üçün hücuma hazırlaşır. Bu fikirlər, daha doğrusu yalanlar o qədər deyilib ki, artıq hər iki tərəfdə buna inananların sayı artmaqdadır. Bəs bu yalanı tirajlayanların əsl məqsədi nədir? Niyə müharibədən yenicə çıxmış ölkələri yeni qarşıdurmalara hazırlayırlar? Bu təbliğatın sonu olaraq yeni müharibənin başlanmasından rəsmi Parisin əldə edəcəyi nə ola bilər?

Əlbəttə, sualların cavabları da var və Fransanın istəyinin Cənubi Qafqazda boşalacaq yerin doldurmaqdan ibarət olduğu sir deyil. Paris təzyiqlərə tab gətirməyib region tərk edəcək Rusiyanı əvəzləməyə hazırlaşır. Fransa bunu həm də o dərəcədə naşı bir üslubda etməyə çalışır ki, sanki Cənubi Qafqaz sahibsiz tikədir və onu yeyəcək birisini axtarır. Halbuki, indiki reallıqda regionda güc balansının Qərbi əlinə keçmə ehtimalı çox azdır. Çünki, Avropanın məqsədinə çatması üçün şərtlər onun xeyirinə deyil. Fransanın regionun zəif və qapaz altında olan Ermənistan üzərindən bu oyunu tərtib etməsi indidən 0:4 hesabla məğlubiyyətinə səbəb olub. Ermənistanın özündə bütün Qərblə Ukraynada və digər regionlarda müharibə aparan və hələlik qalib gələn Rusiya var. Bu ölkənin nəfəsliyi qarışıq, əsas sektorlarını əlində saxlayır. Rusiyanın Ermənistanda hərbi mövcudluğunu şərtləndirən rəsmi sənədə əsasən Rusiya bazasının Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Müvafiq sənəd Rusiya prezidentinin Ermənistana səfəri zamanı imzalanıb. 2011-ci ilin iyun ayında imzalanan sənəd Qafqaz bölgəsində “Ermənistanın təhlükəsizliyinin təmin edilməsi” məsələlərini özündə ehtiva edir. Protokola əsasən, tərəflərdən heç biri müqavilənin növbəti müddəti başa çatmazdan 6 ay qabaq müqavilədən çıxmaq niyyətində olduğu haqqında müqabil tərəfi yazılı surətdə xəbərdar etməzsə, müqavilənin qüvvədə qalması müddəti avtomatik olaraq növbəti 5 il müddətinə uzadılır.
Belə bir sənədin olduğu bir vaxtda başqa bir dövlətlə buna bənzər müqavilənin imzalanmasının nələrə gətirib çıxaracağını İrəvan da yaxşı anlayır. Ona görə də Fransa hərbçilərini ölkə ərazisinə gətirməyə tələsmir. Sakit də durmur, mülki müşahidəçi adı altında onların sayını artırır, hətta Rusiya sərhədçilərinin nəzarət zonasına keçmələrinə mandate verir. Bu yaxınlarda Zəngilanla şərti sərhəd bölgəsindəki Nerkin And yaşayış məntəqəsinə Avropa mülki missiyasının gəlmək istəyinə Rusiya tərəfindən verilən sərt reaksiya qarşıdakı aylarda bu qarşıdurmanın daha kəskin fazaya keçəcəyindən xəbər verir.

Fransa yeni müharibə hazırlığında

Ermənistanın Fransa və digər regiondankənar qüvvələrin köməyi ilə Azərbaycanla sərhəddə hücuma keçəcəyi barədə iddialar yayılıb. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bu iddiaların artıq geniş vüsət aldığını bildirib. Deputat deyib ki, yayılan məlumatlara görə, Ermənistan Fransa və digər qüvvələrin köməyi ilə Azərbaycana qarşı hücuma hazırlaşır: məqsəd danışıqlar prosesində “əlini” gücləndirmək üçün sərhəddə bir neçə yüksəkliyə nəzarəti bərpa etməkdir. Lakin Abramyan bu addımın İrəvan üçün təhlükəli olduğunu vurğulayıb.

Qeyd edək ki, Fransa Azərbaycan, Rusiya, Türkiyə və İranla sərhədboyu hərbi-siyasi vəziyyət haqqında bilgilərin yer aldığı peyk məlumatlarını İrəvana ötürəcəyini iddia etmişdi. Bu barədə Paşinyanın Fransada keçiridyi rəsmi görüşlərdə də danışılıb. Bu, Paşinyanın açıqlamalarından, atdığı addımlardan bəllidir. Münxen Təhükəsizlik Konfransından öncə Ermənistanın təxribata əl atması, burada Azərbaycanı günahlandırmaq cəhdi və bu tədbirə əlini gücləndirərək getmək istəyi, bununla da Azərbaycana qarşı Avropa İttifaqı ölkələrindən dəstək almaq planları puç oldu, Paşinyanın gözləntiləri özünü doğrultmadı. Əksinə, Azərbaycan Prezidentnə Almaniya kansleri daxil olmaqla böyük diqqət göstərilməsi Paşinyanın ümidinin ənənəvi himayədarı Fransaya qaldığını ortaya çıxardı. Fransaya səfər edən Paşinyan aldığı bu dərsdən, Münxen silləsinindən nəticə çıxarmış oldu. Amma Fransanın çətiri altına girdiyini açıq formada bəyan etməklə bölgədə sabitliyi təhdid edəcək açıqlamalar verdi. Bu, əvvəllər də qeyd etdiyimiz kimi, Fransanın bölgədə geosiyasi maraqlarının heç bir zaman geri çəkilməyəcəyini, bütün növ təxribatlara gedə biləcəyini göstərir. Ermənistanın sürətlə silahlandırılması, Fransa ilə hərbi əməkdaşlıq müqaviləsinin imzalanması, Fransa müdafiə nazirinin İrəvana səfəri və digər jestlər İrəvanın gələcək planlarını üzə çıxarır.

Hazırda Avropa İttifaqıda Fransaya qarşı narazılıq artmaqdadır. Fransa Avropa İttifaqının deyil, yalnız öz maraqlarını düşünür və buna görə hərəkət edir. Aİ ölkələri ilə diktə dilində danışır, Ukraynaya yardım məsələsində maliyyə yükünü öz üzərindən atır və bütün bunlar Parisə qarşı kifayət qədər narazılıq yaradır. Qərb mətbuatında dəfələrlə açıqlamalar dərc olunub. Azərbaycan bunu bilir və atdığı addımları da buna görə hesablayır. Azərbaycan Almaniyanı önə çıxarmaqla əslində önəmli və effektiv diplomatik gediş edib. Avropa İttifaqının Fransanın diktəsi ilə uzun müddət siyasət yürüdə bilməyəcəyini hər kəs bilir. Bu baxımdan Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin Aİ tərəfindən ciddi şəkildə dəstək alacağını gözləməyə dəyməz.

Ermənistan üzərindən təhlükəli siyasəti yürüdən Paris sülh danışıqlarını pozmaqla yanaşı müharibə risklərini də artırır və ilk növbədə Ermənistanı açıq hədəfə çevirir. Daha obrazlı desək, İrəvanı qurbanlıq quzuya çevirməklə Fransa əslində öz maraqlarını təmin etməyi düşünür. Azərbaycan Ermənistanın son təxribatına verdiyi cavabla göstərdi ki, üçüncü qüvvələrin sifarişi ilə hərəkət edəcəyi halda İrəvanı hansı aqibət gözləyir. Dövlət başçısının Azərbaycan üçün artıq bu problemin olmadığını deməsi Ermənistana verilən ciddi mesaj idi. Yəni bizim üçün bu mərhələ artıq bitib və Azərbaycanın hədəfi sülh və böyük iqtisadi imkanlar, eyni zamanda “orta güc” anlayışıdır. Yəni növbəti eskalasiyaya cəhd olacaqsa Ermənistan fəlakətə sürüklənəcək. Belə olan halda Ermənistanı Fransa daxil olmaqla, heç bir dövlət və ya güc xilas də bilməyəcək. Sülh danışıqları isə Fransanın bütün təhlükəli niyyətlərinə rəğmən davam edəcək, təbii ki, Fransanın kənarda qalması şərti ilə. Bu şərti isə Azərbaycan müəyyən edir.

Fransanın Orta Dəhliz arzusu

Fransa Cənubi Qafqaz regionunda qurduğu oyunların biri budur ki, bu ölkə özünün “kiçik bacı”sı hesab etdiyi Ermənistanı qonşu ölkəlrin “hücumundan”qorumağa çalışır. Və bunun üçün ən azından bölgəyə hərbi qüvvələrini yerləşdirmək istəyir. Bu, açıq müstəvidə baş verənlərdir. Arxa planda olanlar isə daha dəhşətlidir. Fransa Ermənistana yerləşmək üçün təkcə bu ölkənin yox, həm də BMT-nin mandatını almaq istəyir. Belə olan halda Paris ehtimal edir ki, “sülhməramlı” missiyasına kimsə irad tuta bilməz. Bundan sonra isə əsl planlar işə düşəcək. Söhbət hansı plandan gedir?

Ukraynada davam edən müharibəsi səbəbindən təkcə Rusiyadan Avropaya ticarət edilən yüklərin daşınmasında əngəl yaranmayıb, ümumiyyətlə Asiya ilə Avropanın əlaqələri məhdudlaşdırılıb. Burada Avropanın rolu da az olmayıb. İrana tətbiq edilən davamlı və sonu görünməyən sanksiyalar səbəbində bu ölkənin transit statusu da öz qüvvəsini itirib. Dəniz yolları üzərində “dəniz quldurları”nın daşınmalara törətdiyi maneələr də bu nəqliyyat növünün işə yaramadığını göstərir. Bəli, yeganə ümid Orta Dəhlizə qalır. Azərbaycanın və Türkiyənin hazırladığı və həyata keçirdiyi, loqistik imkanlar yaratdığı bu yol, təbii ki, Qərb dairələrinin də diqqətini cəlb edib. “Harada aş, orada baş” siyasətinə sadiq qərblilər öncə Ermənistanın timsalında özlərinə mövqelənəcək yer tapmaq və bu ölkə üzərindən planlarını həyata keçirmək niyətindədirlər. Fransa Azərbaycan və Türkiyənin Orta Dəhliz layihəsini ələ keçirmək istəyir. Bununla da Asiyadan Avropaya uzanan dünyanın ən böyük ticarət yoluna nəzarət etmək məqsədi ortadadır. Ermənistanı qorumaq pərdəsinin altında çirkli Fransa oyunları yatır. Paris yemə, şirəyə, qazanca, hegemonluğa, liderliyə gəlir. Bunu haqqı Fransaya yedirtmək olarmı?

Fransa dünyanın bütün qitələrində başqa xalqlar üzərində qurduğu çirkin oyunları Cənubi Qafqaza gətirmək həvəsindədir, buna can atır. Ermənistanı da özünə maşa, alət edib. Fransa Azərbaycan, Türkiyə, Rusiya və İranla bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürmək niyyətini açıqlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla birlikdə fevralın 21-də Parisə səfəri zamanı Fransa Kəşfiyyat Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti arasında razılığın əldə olunduğu bildirilir. Məlumata görə, bu razılığa uyğun olaraq Paris Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyət haqqında məlumatların yer aldığı peyk məlumatlarını İrəvana ötürəcək. Bu xəbər artıq region ölkələrini hərəkətə gətirməlidir, bu, artıq müharibə anonsudur.

Spikerdən müharibə anonsu

“Biz yeni müharibənin başlamaması üçün çalışırıq”. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. Spiker Rusiya sərhədçilərinin Zvartnots beynəlxalq hava limanı vasitəsilə ölkədən çıxmalarının daha doğru olacağını bildirib. “Ümumiyyətlə, müharibə olacağına dair proqnozlar səsləndirmək nankorluqdur. Bundan başqa, Rusiya hərbçilərinin ölkəmizin sərhədlərini qoruyacağına əmin deyiləm. Dəfələrlə sübut olundu ki, onlar sərhədlərimizin təhlükəsizliyini təmin etmirlər, əksinə vəziyyəti gərginləşdirmək üçün hər şeyi edirlər. Ermənistan öz sərhədlərini qoruya bilər”, – deyən Simonyan rus sərhədlərinin ölkə ərazisindən çıxarılacağının anonsunu verib.

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında həssas vəziyyət yaranıb. Belə ki, iki ölkə arasında danışıqlar prosesi gedir, sərhəd görüşləri keçirilir. Fevralın 16-da Münhendə baş tutan üçtərəfli görüşdən sonra bu gün Almaniyanın paytaxtı Berlində XİN başçıları bir araya gələcək. İrəvan və Bakı arasında təmasların davam etməsi, görüşlərin qısa zaman ərzində baş tutması, habelə danışıqlar masasında Bakının irəli sürdüyü beş baza prinsipi əsasında tərtib edilən ilkin sülh sənədinin olması müsbət haldır. Sülhə danışıqları getsə də, təmaslar qurulsa da, risk faktorları qalır. Məhz bu risk faktorları həssas vəziyyət yaradır. Yəni sülh danışıqları rahatlıqla gərginliyə çevrilə bilər. Məsələ ondadır ki, başda Fransa olmaqla Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Bu proses əsasən iki səpkidə özünü göstərir, bunların biri Qərb mediasında genişlənən anti-Azərbaycan isteriyası, digəri isə Ermənistanın silahlandırılmasıdır.

Diqqətçəkən məqam budur ki, Fransa Aİ missiyası adı altında regiona öz jandarmlarını, xüsusi təyinatlılarını, agentlərini yeridir. Şərti dövlət sərhədində yerləşdirilən bu qüvvələr isə açıq-aşkar Azərbaycan haqda kəşfiyyat məlumatlarının toplayıb, “binokl diplomatiyası” üçün casusluq edir. Azərbaycan mövcud vəziyyətin və Parisin nə etmək istədiyinin fərqindədir. Buna görə də israrla sülh prosesinə fokuslanıb, təxibatlara cavab vermir. Bizim üçün prioritet sülh müqaviləsidir, lakin məsələ Fransaya cavabdırsa, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bunu təmin edir.

Ermənistanın Rusiya ilə ümumi sərhədləri yoxdur, lakin ermənilər yaranan təhlükələrin nə qədər böyük olduğunu görürlər. Onlar düşünür ki, Kreml Ermənistanın müstəqil dövlət kimi yaşamağa layiq olduğuna inanmır. Moskvada hesab edirlər ki, “Ermənistan” adlı dövlət yoxdur. Xatırladaq ki, Rusiya bunu Ukrayna barəsində də demişdi. Kreml Ukraynanın və Ermənistanın kim tərəfindən yaradıldığına diqqət çəkmək istəyir. Ermənistanın Azərbaycan torpaqlarında, Ukraynanın isə Rusiya torpaqları hesabına yaradıldığı barədə tarixi sənədləri masaya gətirmək istəyir. Əlbəttə, bu xəbərdarlıq, yalnız hər iki ölkənin özünü “yaxşı” aparması üçündür.

Fransa prezidenti Emmanuel Makron Avropa qüvvələrini Ukraynaya göndərmək istəyir. Fransa dövlətinin başçısınını yalnız Napoleonla müqayisə etmək olar. Şəxsi gücünü qorumaq üçün Makron üçüncü dünya müharibəsini alovlandırmaqdan daha yaxşı əyləncə tapa bilmir. Onun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəlidir. Bu cür bəyanatlar verməzdən əvvəl Makron yaxşı olardı ki, Napoleon və onun əsgərləri üçün bunun necə başa çatdığını xatırlasın, onlardan 600 mindən çoxu Rusiya torpaqlarında əbədiyyətə qədər qaldı. Fransa prezidentinin dedikləri iqtisadiyyat və xarici siyasətdəki problemlər səbəbindən reytinqinin aşağı düşməsindəndir. Makron öz vətəndaşlarını və bir sıra Avropa dövlətlərinin rəhbərlərini təəccübləndirməkdədir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə