"İndiyə kimi 5 min soydaşımız Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi, orada sosial infrastrukturun yaradılması və məcburi köçkünlərin, soydaşlarımızın ata-baba yurdlarına qayıtmasının təmin olunması ölkənin daxili siyasətinin ən prioritet istiqamətlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev, hörmətli birinci vitse-prezident Mehriban Əliyeva tez-tez bu bölgələrə səfər edirlər: "Yeni qurulacaq layihələrin startını verirlər, bünövrəsini qoyurlar, ya da ki, hazır layihələrin lentini kəsirlər. Bu məsələ ilə əlaqədar xüsusi komissiya da yaradılıb, dövlət proqramı qəbul olunub. Büdcədən hər il vəsaitlər ayrılır, indiyə qədər dövlət büdcəsindən artıq 16 milyard manat vəsait ayrılmışdır. İndiyə kimi onun 12 milyard manatı xərclənib. 2024-cü ilin büdcəsində isə 4 milyard manat Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün nəzərdə tutulub. Proseslər də başlayıb. Demək olar ki, bütün şəhərlərin və 150-yə yaxın kənd və qəsəbənin baş planı hazırlanıb, təsdiq olunub. Artıq 5 yaşayış məntəqəsində həyat bərpa edilib. Zəngilanın Ağalı kəndindən başlayaraq Laçın, Füzulidə və digər kəndlərimizdə həyat bərpa olunur. İndiyə kimi 5 min soydaşımız Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb. Bu ilin sonuna qədər isə 20 minə qədər soydaşımızın ata-baba yurdlarına dönməsi gözlənilir. Bu il ən azı 5 rayon mərkəzinin məskunlaşması gözlənilir. O cümlədən, Xankəndi, Xocalı, Cəbrayıl, Kəlbəcər və Şuşada həyatın yenidən canlanmasının şahidi olacağıq. Ümumiyyətlə, 2026-cı ilin sonuna qədər 146 min soydaşlarımızın ata-baba yurdlarına dönməsi planlaşdırılır. Bu, birinci dövlət proqramının həyata keçməsinin ilk mərhələsi olacaq. Yəqin ondan sonrakı dövrdə də yeni mərhələ başlayacaqdır".

O əlavə edib ki, böyük işlər görülür: "Bu işlərin miqyası bizi bir daha inandırır ki, qısa müddət ərzində Azərbaycanın işgaldan azad olunmuş bütün əraziləri tam bərpa olunacaq. Bütün məcburi köçkün soydaşlarımız ata-baba yurdlarına qayıdaraq xoşbəxt yaşayacaqlar.

Eyni zamanda, problemlər də var. Amma bu problemlərin bir çoxu beynəlxalq ictimaiyyət tərəfindən diqqətə alınmalı, dəstək göstərilməlidir. Təəssüf ki, minaların təmizlənməsi ilə bağlı beynəlxalq ictimaiyyətdən dəstək görmürük. Bu, həm də BMT-nin nəzdində olan mina təhlükəsizliyi ilə bağlı qurumların, komissiyaların da görəcəyi işlərdir. Bizə dost olan ölkələrdən iş adamları gəlib müəyyən işlər görürlər. Yaxşı olardı ki, bizə dost olan ölkələrin hər biri xatirə olaraq orada öz izlərini qoysunlar. Artıq Özbəkistan və Qazaxıstan tərəfindən belə nümunələr ortada var. Məktəblərin açılması, musiqi məktəbləri, mədəniyyət mərkəzləri kimi layihələr var. Arzu edərdik ki, digər ölkələrin də belə nümunələrini görək. Cənab Prezidentin bizim bir ailə olduğumuzu bir daha qeyd etdiyi türk dünyası dövlətləri daha fəal şəkildə bu prosesə qoşulsa, yaxşı olardı.

Bununla yanaşı, bölgənin çox böyük iqtisadi, turizm, kənd təsərrüfatı, emal, mədən sənayesi inkişafı istiqamətində potensialı var. Təkcə məcburi köçkünlərin deyil, digər vətəndaşların da həmin bölgələrdə gedib işləməsi, gələcəkdə yaşaması üçün imkanlar yaradır. Cənab Prezident bu ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etdi ki, biz özəl sektora tapşırıq vermişik, Qarabağ və Şərqi Zəngəzurun abadlaşmasında, məskunlaşmasında fəal iştirak etsin, yaşayış evləri tiksinlər. Azərbaycanın digər bölgələrindən olan vətəndaşlar da istəyərlərsə, orada evlər ala bilərlər. Bu da inteqrasiyanın yeni forması olacaq. Bütövlükdə bu sahədə görülən işlər çoxdur, böyükmiqyaslıdır. Olduqca böyük vəsait və resurslar tələb edir. Amma Azərbaycanın da kifayət qədər imkanı var ki, bunların öhdəsindən gəlsin. İnanırıq ki, qısa müddət ərzində həm şərqi Zəngəzurun, həm də Qarabağın tamamilə məskunlaşmasının şahidi və iştirakçısı olacağıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə