Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti

Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Atılan hər bir addım, imzalanan sənəd gələcəyə hesablanır, özündə mühüm məqamları, çağırışları ehtiva edir.

Bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Azərbaycan xalqı daim bir amalla yaşayırdı- Torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız dogma yurd-yuvalarına qayıtsın. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2003-cü il 15 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin böyük səs çoxluğu ilə Prezident sçilməsini şərtləndirdi. Xalqımız Heydər Əliyev yolunun davamına səs verdi. İllər keçdikcə xalq bu seçimində yanılmadığını gördü, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cənab İlham Əliyev Prezident kimi ilk müsahibəsində “İndi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualını cavablandırarkən bildirmişdir: “Bu elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm.” Son 20 ilə qısa baxış fonunda bu ümumiləşdirməni apara bilərik ki, bugünkü Azərbaycan ən yüksək zirvələri fəth etməklə, adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazmaqla Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində “Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədi son 20 ildə atdığı bütün addımlarda öz təsdiqini tapdı. Adını tariximizə qalib Lider kimi qızıl hərflərlə yazdıran cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Bütün ölkə ərazisini əhatə edəcək bu seçkilərdə xalqımız növbəti dəfə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək həyata keçirlən siyasətə dəstəyini seçki kampaniyasında fəal iştirakı ilə təsdiqləyəcək. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın bu məkanlara qayıdışı ilə müşaiyət olunur. Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında bildirilib ki, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək. Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər.

Göründüyü kimi, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə növbəti unudulmayacaq, daim zəfər səhifəsi kimi vərəqləncək bir tarixi məqamı yazacaq. Azərbaycan təkmil seçki təcrübəsi ilə növbəti dəfə dünyanın diqqətində olacaq, demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə bir daha sübut edəcək.

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşklatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə