"Münaqişənin həllində bölgə dövlətlərinin üzərinə ciddi məsuliyyət düşür" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Terrorçu HƏMAS təşkilatının oktyabr ayının 7-də İsrailə qarşı hücuma başladı. Bundan sonra İsrail Qəzza bölgəsində əks-həmlələr həyata keçirir. Çox təəsüf ki, üç həftədən çox davam edən bu münaqişə nəticəsində xeyli dinc sakin, uşaqlar, qadınlar, qocalar həlak olub. Hesab edirəm ki, baş verən bu hadisədə birmənalı olaraq günahkar terrorçu hücumlardır. Hər bir dövlətin öz vətəndaşını beynəlxalq hüquqla terror hücumlara qarşı qorumaq öhdəliyi mövcuddur. İsrail bu öhdəlikdən istifadə edərək və HƏMAS-ın birdəfəlik məhv edilməsini hədəf götürərək hərbi əməliyyatlara başlayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, İsrailin hücumları zamanı Qəzzada HƏMAS-ın özünə qalxan kimi istifadə etməyə çalışdığı dinc sakinlər də qətlə yetirilir: "Dünya dövlətləri HƏMAS və İsrail arasında sülh əldə olunmasını təklif etsələr də, münaqişənin ciddi həlli ilə bağlı heç bir ciddi təklif və ya təşəbbüs irəli sürülmür. Bildiyiniz kimi, İsrail dövləti yarandığı gündən bugünədək qonşu dövlətlər və terrorçu qruplaşmalar tərəfindən daim təhdid altında yaşamaq məcburiyyətində qalıb. Təbii ki, bunun bir sıra köklü səbəbləri var. BMT TŞ-nın İsrail-Fələstin ilə bağlı qətnamələrin yerinə yetirilməməsi, İsrailin bəzi hallarda bu qətnamənin tələblərindən kənara çıxacaq addımları, eyni zamanda bu iki dövlətin ərazisində terrorçu qruplaşmaların formalaşması bu münaqişənin indiki vəziyyətə gəlib çatmasına səbəb olub. Onu da xatırladım ki, HƏMAS-ın son hücumları ölçüsündə İsrail son 50 il ərzində demək olar ki, heç bir hücum və ya təhdidə məruz qalmamışdı. Ən son 1973-cü ildə İsrail dövlətinə qarşı bu qədər genişmiqyaslı həmlələr həyata keçirilib. İsrail də müttəfiqləri ilə birgə əks-hücuma keçmək məcburiyyətində qalmışdı".

"Hesab edirəm ki, İsraili atəşkəsə çağıran güclər həm də münaqişənin həlli ilə bağlı təkliflərini ortaya qoymalıdır. Bu təkliflər birmənalı şəkildə terroru özünün mübarizə alətinə çevirən tərəflərin xüsusilə HƏMAS-ın son terrorçusu məhv edilənədək proseslərin həyata keçirilməsini özündə əks etdirməlidir. Təbii ki, bununla yanaşı İsrailin vəziyyətdən istifadə edərək dinc sakinləri hədəfə alması istiqamətində məsələlərə də mümkün qədər həssas yanaşması çağırışı edilməlidir. Mülki şəxslərin qətlə yetirilməsinə görə məsuliyyət daşıdığı qeyd olunmalıdır. Bu baxımdan HƏMAS-İsrail münaqişəsi beynəlxalq hüququn prinsipləri BMT-nin iki dövlət yaradılması istiqamətində qəbul olunan qərarların icrasına qədər davam etdirilməlidir. Bu mənada bölgə dövlətlərinin üzərinə çox ciddi məsuliyyət düşür. Düşünürəm ki, bugünədək Fələstini silahlandıran Qətərin, İordaniyanın, xüsusilə də İranın baş verən cinayətlərdə məsuliyyəti mövcuddur. Həmin dövlətlər Fələstinin gələcəyini düşünürlərsə, bölgəni silahlandırmaq əvəzinə İsrail ilə mehriban qonşuluq münasibətində yaşama perspektivlərini təbliğ etməlidirlər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə