“Sərsəng su anbarı lokal antiterror tədbirlər nəticəsində azad olundu” MÜNASİBƏT

“30 il erməni işğalı altında olan Sərsəng su anbarı silahlı qüvvələrimiz tərəfindən aparılan lokal antiterror tədbirləri nəticəsində azad olundu. Tərtər çayı üzərində inşa edilən həmin su anbarı bir vaxtlar Ermənistanın Azərbaycana qarşı elan edilməyən müharibəyə başlamasından əvvəl Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionu üçün əsas su təminatçısı idi”. Bunu SİA-ya açıqlamasında “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, on illərlə təmir olunmayan, ətraf rayonlar üçün ciddi təhlükə mənbəyinə çevrilmiş su anbarı digər işğal altında olan obyektlərdən təəssüf ki, heç nə ilə fərqlənmir: “Su anbarının işğal altında olduğu illərdə Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmurdu. İşğal dövründə Ermənistan Sərsəng su anbarından Azərbaycana qarşı kütləvi qırğın və vahimə vasitəsi kimi istifadə edərək ətraf bölgələrdə yaşayan əhalini qorxu altında saxlamağa çalışırdı. Ermənistanın təmizlənmədən birbaşa Tərtər çayına axıtdığı məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində çayda və Sərsəng su anbarında zərərli maddələrin miqdarı normadan dəfələrlə artmışdı”.
Abutalıb Səmədov onu da bildirdi ki, yaz-yay aylarında, təsərrüfatların suya daha çox ehtiyacı olduğu vaxtlarda ermənilər yuxarıda adları sadalanan rayonların ərazilərinə su buraxmırdılar: “Payızın intensiv yağıntılar dövründə, qış mövsümündə və erkən yazda isə Sərsəng su anbarından maksimal həcmdə su buraxılır və bu, subasmalara, sahələrin, yolların yuyulub xarab olmasına gətirib çıxarırdı. Şübhə yoxdur ki, Azərbaycan hakimiyyəti tərəfindən Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün mühüm əhəmiyyətə malik olan Sərsəng su anbarında vaxt itirmədən təmir və yenidənqurma işləri başlanacaq və bu strateji obyektin tam gücü ilə işləməsi üçün zəruri tədbirlər görüləcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə