Koltaşov: "Paşinyan Azərbaycanın tərəfindədir"

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında İspaniyada keçiriləcək görüşdə sülh istiqamətində ciddi irəliləyiş əldə oluna bilər. Əgər Ermənistan konstruktiv davransa, bu, mümkün ola bilər. İndiyə qədər Ermənistan tərəfindən sülh danışıqları zamanı ortaya bir məsələ atılmışdı. Qarabağ ermənilərinin "hüquq və təhlükəsizlikləri", o cümlədən, onların Azərbaycanın tərkibində yaşaması üçün müəyyən bir "status" və "beynəlxalq mexanizmlər" yaradılması kimi fikirlər səsləndirilirdi. Bu da sülh prosesinə kifayət qədər ciddi təsir edirdi.

Bunun bariz örnəyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində bir daha təsdiq olundu

Fakt bufur ki, Azərbaycan Qarabağ məsələsini özünün daxili məsələsi hesab edir və eyni zamanda, beynəlxalq aləm Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanıyır.

Digər tərəfdən, bəzi anti-Azərbaycan xarakterli qüvvələrin var-gəllərinə, hay-küylərinə baxmayaraq, rəsmi Bakı Qarabağda yaşayan vətəndaşların hüquq və təhlükəsizlikləri ilə bağlı bütün öhdəliklərin Azərbaycan Konstitusiyasına uyğun olaraq yerinə yetirəcəyini bildirir. Bunun bariz örnəyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində bir daha təsdiq olundu. Ölkə başçısı həm Ermənistan, həm də Qarabağda yaşayan ermənilərə müraciət edərək keçmişdə olmuş bütün məsələlərin qapadılması və tarixin yeni səhifəsini açmaqla bağlı təklif etdi. Eləcə də Qarabağ ermənilərinə bildirdi ki, onlar bundan sonra indiyə qədər yaşadıqlarından daha gözəl həyat yaşaya bilər. Bununla bağlı, Azərbaycan dövləti üzərinə düşən bütün hər şeyi edəcək.

Nikol Paşinyan, həqiqətən də, Ermənistanın kənara çəkildiyini göstərsə və bu məsələni gündəmə gətirməsə...

Növbəti fakt isə budur ki, Paşinyanın bu məsələdə son dövrlər, xüsusilə, antiterror tədbirlərindən sonra özünü nisbətən kənarda saxlaması diqqətdən yayınmır. Beləliklə, Nikol Paşinyan, həqiqətən də, Ermənistanın kənara çəkildiyini göstərsə və bu məsələni gündəmə gətirməsə, artıq sülh üçün müəyyən imkanlar yaranıb. Bu halda proses irəliləyə bilər.

Nəzəri baxımdan isə Paşinyan bölgədə sülhün əldə olunmasında, Qərbin rolunun artmasında maraqlı görünməyə başlayıb.

Əbəs deyil ki, Rusiya politoloqları da Paşinyanın Azərbaycan Prezidentinin şərtləri və təklifləri ilə razılaşdığını deyirlər.

Rusiyalı politoloq: "İrəvan KTMT-ni tərk edərsə, heç kim Ermənistanın rəsmi sərhədlərini belə tanımaq istəməyəcək"

Məsələn, siyasi ekspert Vasili Koltaşov Ermənistanın açıq şəkildə Qərbə tərəf meyillənməsinə və ölkədəki anti-Rusiya addımlarına münasibətini açıqlayarkən deyib ki, Rusiya hansısa yolla proseslərə təsir göstərməyə çalışacaq, lakin Paşinyan açıq-aydın Azərbaycanın tərəfini tutur: "İrəvan KTMT-ni tərk edərsə, heç kim Ermənistanın rəsmi sərhədlərini belə tanımaq istəməyəcək. Azərbaycan öz növbəsində daha güclü ölkə kimi indi Paşinyanın rəhbərliyi altında 2020-ci ildən sonra müharibəyə hazırlaşmayan Ermənistanı aradan götürmək üçün səbəblər tapacaq".

Bu arada, İspaniyanın Qranada şəhərindəki görüş ərəfəsində belə bir imkan bilavasitə Ermənistanın əlinə düşüb. Belə ki, Qranadada Azərbaycan və Ermənistan liderləri ilə bərabər Avropa İttifaqının sədri, o cümlədən, Fransa Prezidenti və Almaniya kansleri iştirak edəcək. O baxımdan, Paşinyan bunda da maraqlı ola bilər.

Beləliklə, proseslər birbaşa Azərbaycanın maraqları kontekstində inkişaf edir və bu kontekst hərtərəfli olaraq Azərbaycanın ərazi bütövlüyü faktorunu təsdiqləyir.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə